Seçkilərə damğasını vuran video Xədicə İsmayıla həsr olundu

Bir video bütövlükdə seçkinin qiymətini verdi

23 dekabr Azərbaycanda saxtakarlıqlarla da olsa, hər kəs üçün Bələdiyyə seçkiləri kimi yadda qalmalı idi. Amma deyəsən, bu seçkilər həm xalqın yaddaşına, həm də MSK-nın tarixinə Meydan TV-nin videosu ilə həkk olunacaq.

Yəni, bu dəfə əvvəl facebook, sonra da bütün ölkə mediası Meydan Tv-nin seçkilərin keçirilməsi ilə bağlı hazırladığı video ilə sabahını açmağa sözün əsl mənasında məcbur qaldı.

Bələdiyyə seçkiləri ölkədə hər beş ildən bir keçirilsə də, bu il ilk dəfə idi ki, seçkini müşahidə etmək üçün beynəlxalq təşkilatlardan heç kim gəlməmişdi. Bəlkə də elə bu səbəbdən məntəqələrdə özbaşınalıq açıq-aşkar həddə çıxdı.

Ölkədə Bələdiyyə seçkliərinə səhər saatlarında start verilsə də, elə ilk vaxtlardan qanunsuzluqlar qeydə alınmağa başladı. Təbii ki, ölkənin gündəmini dəyişən, jurnalist Cavid Abdullayevin “

12 saylı seçki məntəqəsində əlbəyaxa

” adlı videosu oldu.

Videonun əvvəlində məntəqənin üzvü olan Əfruz Hacıyeva deyir ki, seçicilərin sayı 1735-dir: “Hal-hazırda yaxşı və fəal işləyirlər, “indiyə qədər yüzə qədər seçici gəlib səs verib”. Adam düz deyir də, yaxşı-fəal işləyirlər, elə onun arxasındakı xanım kimi. Hacıyeva müsahibə verərkən, bir xanım əlində 10-a yaxın bülleteni qutuya salmaqla məşğul olur.

Jurnalistin kamerasına tuş gələn həmin xanımın hərəkətini yanındakı papaqlı bəy sonradan “qorumağa” çalışsa da, iş-işdən keçmiş olur.

Videoda jurnalist həmin qadından etdiyi qanunsuzluqla bağlı açıqlama verməyini istəyir, amma adamlar onun üzünə duraraq, jurnalistin özünü yalançı çıxartmağa çalışırlar. Hətta onu döyürlər.

Müsahibə verərkən özünü sakit xanım kimi aparan bu Hacıyevanın da əsl siması elə bu vaxt üzə çıxır. Jurnalistin vəsiqəsinə, özünə xələl yetirsə də, Cavid cəld tərpənir və canavarlar əhatəsinə düşən yaralı ceyran kimi uzaqlaşmağa nail olur.

Fikrimcə, elə Əfruz Haciyevanın “karyerasındakı”səhvi də burda olur. Yəni jurnalist özü deyirsə ki, pozuntunu çəkib, deməli, tədbir görmək lazımdır. Necə? Hə, bax bunu gərək MSK öz təlimlərinə salsın.

Elə ki, video Meydan Tv-nin saytında və facebookda yayıldı, hakimiyyətin bəlkə də bu günə kimi qurduğu bütün planlar kimi bunun da rejissorunun zəif olduğu üzə çıxdı. Əvvəlcə “Jale” şirəsindən içib yazanlar başladılar ki, video bir gün əvvəl yüklənib və guya hüquq-mühafizə orqanlarında təkzibedilməz faktlar var ki, MeydanTV-nin yaydığı video əvvəlcədən planlaşdırılan və vətəndaşların seçkilərə olan inamını sarsıtmağa hesablanan təxribatdır. Özü də bu təxribat maraqlı qüvvələrin birbaşa tapşırığı ilə həyata keçirilib. Guya MeydanTV analoji təxribata ötən il keçirilmiş prezident seçkilərində də əl atıb.

Belə başa düşdüm ki, Emin Millinin işi- gücü seçkilərə vətəndaşların inamını azaltmaq olub. Məncə, heç Eminin xəbəri də yox idi ki, ölkədə bələdiyyə seçkiləri nə vaxtdır. Soruşsanız, sonuncu bələdiyyə seçkiləri nə vaxt olub, bilməyəcək.

Təbii, bu kimi fikirlərə inananlar da var idi, çünki “dağ” boyda gün məsələsi gündəmə gəlmişdi. 23-dekabr əvəzinə videonun altında 22 dekabr yazılmışdı.

Hakimiyyət bu məsələni şişirtməyə başlasa da, sözügedən məntəqənin sədri hadisənin bu gün olduğunu etiraf etdi və Cavidi də saqqalı, sırğalı, (yaxşı ki, vəhhabi falan demədi) adlandırdı.

Hakimiyyətin saxtakarlıqdan tarix baxımından “sivişmə” məsələsini ictimai fəal Bəxtiyar Hacıyev də öz facebook səhifəsində aydınlıq gətirdi.

“Youtube.com-un serverləri Kaliforniyada yerləşir. Bu səbədən də yüklənən videolar oranın vaxtı ilə yayımlanır. Kaliforniya ilə Azərbaycan arasında da 12 saat fərq oldugundan bu video 23 dekabrda yüklənsə də 22 dekabr tarixini göstərir”.

Seçki məntəqəsində baş verən saxtakarlığa MSK sədri Məzahir Pənahovun verdiyi açıqlama isə daha çox gülməli səsləndi. Adam deyir ki, MSK-ya bununla bağlı müraciət olmayıb, videoya baxıb, amma aydın görə bilmir ki, qutuya neçə seçki bülleteni atılır. Deyəsən Məzahir müəllimin yaşı öz sözünü deyir.


Xülasə, MSK-da neçə üzvün iştirakı, neçə seçicinin səs verdiyi barədə rəqəm yazmaq fikrim yoxdur. Çünki yeri yoxdu, vallah, onsuz da qutuya kim düşürsə, o da çıxr. Amma bu dəfə də MSK rəhbərliyin (yuxarıdakının) etimadını doğrulda bilmədi. (Rəsmən narahat elədi) Görəsən rəhbərlik ondan soruşmur ki, hər seçkilər üçün bu qədər pul tökürəm, özfəaliyyətiniz elə bundan ibarətdir?!

Sonda Cavidin videosuna qayıtmaq istəyirəm, nə də olsa jurnalistik. Başladığımız yerə qayıtmalıyıq. O, öz səhifəsində bu videonu araşdırmaçı jurnalist və hazırda şərlənərək həbs edilən Xədicə İsmayıla həsr etdiyini yazdı: “Müsavatın seçki pozuntusunu çəkdiyim gün, çoxu fikir bildirmişdi. İçində Xədicə İsmayıl da var idi. Xədicə İsmayıl paylaşımın sonunda “Caviddən 2014 bələdiyyə və 2015 parlament seçkilərində xarüqələr gözləyirəm”,-yazmışdı. Xədicə xanım, bu gün çəkdiyim videonu sizə həsr edirəm”.

Belə…

Ana səhifəVideoSeçkilərə damğasını vuran video Xədicə İsmayıla həsr olundu