Seçicilər məntəqələrdə “Meydan TV” dedilər

Foto: Facebook

Onlar seçki qutularına həbs edilmiş jurnalistlərin şəkillərini atıblar

Bu gün, yanvarın 29-da Azərbaycanda keçirilən bələdiyyə seçkiləri zamanı seçicilər Meydan TV-nin həbs olunmuş əməkdaşlarına dəstəklərini ifadə ediblər.

Bir sıra məntəqələrdə bülletenlərə “Meydan TV əməkdaşlarına azadlıq!”, “Yaşasın demokratiya!” şüarları yazılıb.

Foto: Facebook

Həmçinin etiraz olaraq seçki qutusuna Meydan TV-nin həbs edilmiş jurnalistlərinin şəkillərini atıblar.

Seçicilər həmin bülletenlərin, həmçinin seçki qutularına atılan şəkillərin foto və videogörüntülərini də öz sosial şəbəkə hesablarında yayıblar.

Həbsdə olan jurnalistləri dəstəkləyən seçicilər bununla da mənəvi olaraq problemlərindən yazan medialar və onların təmsilçilərinin yanında olduqlarını ifadə ediblər.

Həmin görüntüləri çəkmək istəyən və yayan jurnalistlərin isə fəaliyyətinə əngəllər törədilib, bəziləri akt tərtib edilməklə məntəqələrdən uzaqlaşdırılıb.

Foto: Facebook

Məsələn, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 26 saylı seçki məntəqəsində müstəqil reportyor Nurlan Qəhrəmanlının (Libre) çəkiliş aparmasına imkan verilməyib.

O bildirib ki, məntəqə üzvləri əvvəl onun vəsiqəsini bəhanə edərək ona məntəqədə çəkiliş etməyə imkan verməyiblər.

Deyiblər ki, jurnalist vəsiqəsinin müddəti bitib.

“Halbuki bu, belə deyil. Daha sonra polis çağıracaqlarını deyiblər. Mən məntəqədən çıxmaq istəyəndə ona da imkan vermirdilər. Axırda məntəqədən çıxa bildim”, – jurnalist qeyd edib.

23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən “Turan”a reportyorun təzyiqlə bağlı dediklərini təkzib etsələr də, sonradan yayılan videodan aydın görünür ki, məntəqə sədri reportyoru məntəqəyə buraxmır və akt tərtib etdiyini deyir.

Bundan başqa, bir çox aktivistlər də seçki bülleteninə “Meydan TV-yə azadlıq!” yazıb və sosial şəbəkə hesabında paylaşıb.

Yayılan video və foto görüntüdən aydın olur ki, bu proses onlarla seçki məntəqəsində müşahidə olunub.

Bu dəstək aksiyaları son zamanlar media azadlığına qarşı artan təzyiqləri və jurnalistlərin həbsini bir daha gündəmə gətirib.

Həbs edilən jurnalistlər peşə fəaliyyətlərini yerinə yetirən jurnalistlər olmaqla yanaşı, həm də cəmiyyətin informasiya alma haqqını qorumağa çalışan şəxslərdir.

Azərbaycanda son illər “AbzasMedia”, “Toplum TV”, “Kanal-13” və Meydan TV kimi media orqanları repressiyaya məruz qalıblar, əməkdaşları həbs edilib.

Hazırda 20-dən artıq jurnalist həbsdədir və onlar beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıblar.

Ümumilikdə isə ölkədə 300-dən artıq siyasi məhbusun olduğu bildirilir. 

Meydan TV bu gün yenidən Azərbaycan hakimiyyətini qanunsuz olaraq həbsdə saxlanılan əməkdaşlarını dərhal azad etməyə və ifadə azadlığına təzyiqləri dayandırmağa çağırıb.

Ana səhifəMeydan TV işiSeçicilər məntəqələrdə “Meydan TV” dedilər