Seçə, seçilə bilənlər

Gürcülər qarşısında kompleksimiz

Source:

Gürcüstanda əhali bizdən xeyli az olsa da, 710 min nəfərdən çox azlıq var. Hamısı ilə də normal münasibətləri olub (bəzilərinə ruslar barmaq edənə qədər). Azərbaycan türkləri isə gürcülərdən sonra ikinci xalqdır orda – 284.761 nəfər (en.wikipedia məlumatıdır). Onlar təkcə ucuz neft verən azərbaycanlılarla yox, xırda azlıqlarla da normal, tolerant davranırlar. Gürcüstanda çox olmuşam. Gürcü xalqından gördüyüm münasibət həmişə yaxşı olub. Bəlkə də bunu “əla” adlandırmaq olar.

Fərdi münasibət bir qırağa, bizim onlaran öyrənəcək çox şeyimiz var. Bir dənə həqiqət var ki, bizi utandırıb məhv edir – onlar seçə bilirlər. Mənim yazıq xalqım isə “seçmək, seçilmək” sözlərini bu dırnaqdan çıxarda bilmir. Ümumiyyətlə, bunun nə olduğunu da unudub. Biz seçə bilənlərə istehza edirik ki, “onsuz da dünyanı idarə edirlər” – filan. Amma hamımız bilirik ki, yalan danışırıq. Filmlərdə olur ee – biri digərini alçaldır, sonra onun sakit, təkidli baxışları altında birdən ağlamağa başlayır ki, “mən əslində səni qısqanıram. Mən bədbəxtəm” və s..

Biz indi o gündəyik – qısqanclığımızdan, bədbəxtliyimizdən onları söyürük. Gürcülər qarşısında bizim kompleksimiz var. Axı biz “regionun lider dövləti” idik, bəs biz “Altaylardan ta Adriatikədək ağa idik”, bəs bizim zəngin mədəniyyətimiz, Borçalımız, Tiflis müsəlman əmirliyimiz var idi…

İndi isə bir həqiqət var – gürcülər seçə və seçilə bilirlər. Bütün tariximizi, azıxantropdan tutmuş, peykimizə qədər hər şeyi bu sadə və ali həqiqət darmadağın edir. Biz onların qabağında dili qısayıq. Oxşar tarix, oxşar mentalitet, eyni 70 illik əsarət, amma onlar seçə bilir. Həm də prezidentlərini, baş nazirlərini, parlamentlərini. Biz isə heç JEK müdiri də seçə bilmirik.

İndi bayraq tapdalayan bir neçə rəzilə görə bütün Gürcüstanı söyənlər bu komplekslərinə görə, bədbəxt olduqlarının, gürcülərdən geri qalmağımızın altşüurlarına verdiyi təsirdən dolayı qızışıblar. Bizim o tapdalanan bayraq cümhuriyyətimizin bayrağıdır, onu tapdalayanlar qələt edirlər, başlarını daşa döyürlər. Amma gürcü xalqı bizim cümhuriyyəti quranların Azərbaycanda yaratmaq istədiyi demokratiyanı qurublar və yaşadırlar. Onları söyənlər isə Azərbaycanda Cümhuriyyət adının və dəyərlərinin hər gün tapdalanmasına dözürlər, çoxları isə heç vecinə də almır.


Yazıdakı fikirlər yalnız müəllifin şəxsi mövqeyini əks etdirir.

Ana səhifəMənim FikrimcəSeçə, seçilə bilənlər