Mənbə: Meydan Tv

Səbra və Şətila qətliamı

Məqalə yeniləndi:  10 Fevral 2021

Livan vətəndaş müharibəsinin sonu

Livanın seçilmiş prezidenti Bəşir Jmayelin qətlinin ertəsi günü İsrail razılaşmanı pozaraq Qərbi Beyrutu tutdu və bunu yerli müsəlman əhalinin müdafiəsi zərurətilə izah etdi. Əməliyyat zamanı Səbra və Şətila adlı iki böyük qaçqın düşərgələrinin yerləşdiyi ərazilərdə fədainlərin israilliləri atəşə tutulduğu söylənilir.

Həmin düşərgələrdə döyüşçülərin doğrudan da olub-olmaması, olubsa hansı sayda olmaları indiyə qədər mübahisə mövzusudur. Mənbələrin bir qismində 2-3 min, bəzilərində bir neçə yüz döyüşçünün olduğunu, bəzilərində isə heç olmadığı iddia edilir. O dövrün ən məşhur terrorçusu sayılan Çaqqal Karlos 2008-ci ildə Fransa həbsxanasında verdiyi müsahibədə Səbrada yox, Şətilada döyüşçülərin olduğunu deyir, amma say məsələsinə aydınlıq gətirmir.

İsrail qüvvələri düşərgələrin fələstinli fədainlərdən təmizlənməsi işini Kətaib döyüşçülərinə (falanqaçılara) tapşırmağı qərara aldılar. Bu, əgər həqiqətən səhvən edilmişdisə, çox böyük səhv idi. Bəşir Jmayelin ölümündən sonra falanqaçılar qisas üçün fürsət axtarırdılar. Liderlərinin qatilinin fələstinli, hətta müsəlman olmamasının onlar üçün heç bir əhəmiyyəti yox idi.

Kətaibin təhlükəsizlik xidmətinin rəhbəri İlyas Hobeykenin rəhbərlik etdiyi əməliyyat sentyabrın 16-da axşam saat 6-da başladı. İsrail ordusunun iştirakı - düşərgələri mühasirədə saxlamaq və qaranlıq düşəndə havaya işıq raketləri buraxmaqdan ibarət idi. Falanqaçılar isə düşərgələrə daxil olan kimi qarşılarına çıxanı güllələməyə başladılar.

Nəhəng ərazidə yerləşən düşərgələrin sakinlərinin nə baş verdiyindən xəbərləri yox idi. Silah səsləri onlar üçün adi hal idi. Buna görə də hallarını pozmadan öz evlərində oturdular. Sağ qalanlar sonralar deyirdilər ki, əgər falanqaçıların düşərgəyə girdiklərini bilsəydilər, qaçmağa çalışardılar.

Səbra və Şətilada qətllər, zorlamalar və digər cinayətlər sentyabrın 17-də də davam etdi. Düşərgədən gələn xəbərlərə İsrail zabitləri etinasız yanaşdılar. Həyəcan qaldırmağa çalışan bəziləri isə heç nə edə bilmədilər. Sentyabrın 18-də düşərgəyə daxil olan jurnalistlər burada xeyli cəsədlərlə qarşılaşdılar.

Səbra və Şətila qətliamı ilə bağılı çox şey kimi qurbanların sayı da dəqiq məlum deyil. 700-dən 3500-ə qədər rəqəmlər səslənir. Əslində Livandakı vətəndaş müharibəsində kütləvi qırğınlar qeyri-adi hal deyildi. Daha əvvəlki məqaləmdə Karantinada 1000-1500, Tel Zaatarda 2000-2200 nəfərin öldürülməsindən bəhs etmişdim. Amma bu dəfəki qırğında İsrailin adının keçməsi daha böyük rezonans doğurdu.

Qərb ölkələrinin də reaksiyası kəskin idi, amma ərəb ölkələri və SSRİ başda olmaqla sosialist düşərgəsi bu yöndə xüsusilə fərqləndilər. Onların bəyanatlarında qırğını məhz Tsahal hərbçilərinin törətdiyi təəssüratı yaranırdı. Dekabrda BMT-də keçirilən müzakirələrdə sovet nümayəndəsi söyləyirdi: “İsrailin Livanda törətdiyi genosid adlanır. Onların məqsədi fələstinliləri bir millət kimi məhv etməkdir”.

İsrailin özündə sentyabrın 24-də etiraz aksiyası keçirildi. 400 minə qədər insanın və ya ölkə əhalisinin 10%-nin iştirak etdiyi aksiyada Begin hökumətinin istefası, Şaronun məsuliyyətə cəlb olunması tələb edilirdi. Menaxem Begin əvvəlcə bütün məsuliyyəti rədd etsə də, ictimai təzyiq nəticəsində Ali məhkəmənin sədri İshak Kahanin rəhbərliyi altında araşdırma komissiyası yaratmağa məcbur oldu.

Kahan komissiyasının dörd aydan sonra açıqladığı rəydə İsrail ordusunun qətliamda bilavasitə iştirak etmədiyi iddia olunurdu. Bununla belə, İsrail hökumətinin və hərbçilərinin dolayı məsuliyyət daşıdığı söylənilirdi, çünki: - Qaçqın düşərgələrinə falanqıçıların göndərilməsi barədə qərar qəbul olunarkən onların döyüş etikasının aşağı səviyyədə olması, fələstinlilərə nifrət bəsləmələri, xüsusən də Bəşir Jmayelin ölümündən bir neçə gün keçməsi səbəbindən qırğın törədilə biləcəyi təhlükəsinə yetərincə diqqət ayrılmayıb; - Məsul şəxslər düşərgədə baş verənlər haqqında daxil olan natamam məlumatlara diqqət ayırmayıblar və onları araşdırmayıblar, bu da qırğının maneəsiz davam etməsinə şərait yaradıb.

Kahan komissiyası baş verənlərdə müdafiə naziri Ariel Şaronun və Baş qərargah rəisi Rafael Eytanın şəxsən məsuliyyət daşıdıqlarını iddia edirdi. Komissiya həm də Livan nizami ordusunun düşərgələrdə reyd aparmaq istəməməsini, eləcə də beynəlxalq sülhməramlı qüvvələrin Livandan tələsik çıxarılmalarını da qırğının dolayı səbəbi kimi tənqid etdi.

Komissiyanın rəyindən sonra Begin hökumətinin tənəzzülü başladı. Nəhayət, Səbra və Şətila qətliamın ilk ildönümünə bir gün qalarkən, sentyabrın 15-də Begin istefa ərizəsini ölkə prezidentinə təqdim etdi.

Səbra və Şətila qətliamına bilavasitə rəhbərlik edən İlyas Hobeyke isə heç nə olmamış kimi Livanda fəaliyyət götərməkdə davam etdi. 1990-cı illərdə Suriyanın Livanda təsiri xüsusilə güclü ikən bir sıra hökumətlərdə nazir vəzifəsi tutdu. Bu isə bəzi araşdırmaçılara qırğında Suriyanın da əli olması ehtimalını irəli sürməyə əsas verdi.

Qətliam zamanı həlak olanların qohumları Ariel Şaronun hərbi cinayətkar kimi məsuliyyətə cəlb olunması üçün 2001-ci ildə Belçika məhkəməsinə müraciət etdilər. İlyas Hobeyke həmin məhkəmə qarşısında ifadə verməyə hazır olduğunu bildirdi, amma 2002-ci ilin yanvarında evinin yanında bombalı avtomobilin partlaması nəticəsində həlak oldu. Onun məhkəmədə Şaronun, yoxsa başqasının əleyhinə ifadə verəcəyi bilinmədi. Hərçənd, məhkəmə araşdırması da yarımçıq dayandırıldı.

***

Livan vətəndaş müharibəsi isə daha 8 il davam etdi. Bəşir Jmayelin ölümündən sonra xristian düşərgəsi xeyli zəiflədi. Onun yerinə prezident seçilən Amin Jmayel qardaşı qədər liderlik keyfiyyətlərinə malik deyildi. 1983-cü ilin sentyabrında başlayan “Dağ müharibəsi”ndə druzlar suriyalıların köməyilə maronitləri ağır məğlubiyyətə uğratdılar və tarixən birgə yaşadıqları Şuf bölgəsində etnik təmizləmə həyata keçirdilər. 1500 dinc xristian öldürüldü, 160 mindən çoxu qaçqın düşdü.

Vətəndaş müharibəsinin dördüncü hissəsi kimi tanınan son dövründə düşmənlər və müttəfiqlər tez-tez dəyişirdi. Livan ordusu tamamilə dağıldı, şiə həbrçilər Amal təşkilatına, druzlar isə Tərəqqipərvər Sosialist Partiyasına qoşuldular. Suriya Livan üzərində hakimiyyətini möhkəmləndirmək üçün gah bir, gah digər tərəfi dəstəkləyirdi. Eyni din, hətta məzhəb nümayəndələri bir-birilə döyüşürdülər.

Səbra və Şətila qırğınından sonra Livana təkrar qayıdan çoxmillətli qüvvələrin (ABŞ, Fransa, İtaliya və bir az Böyük Britaniya) sülhməramlı missiyası da uğursuz oldu. 1983-cü ilin yayından etibarən onlar da itki verməyə başladılar. Oktyabrın 23-də isə xüsusilə ağır zərbə aldılar. Partlayıcı maddə ilə dolu iki yük avtomobilinin biri ABŞ, digəri isə Fransa sülhməramlılarının yerləşdiyi binaya çırpılması nəticəsində 241 amerikalı və 58 fransız hərbçi həlak oldu.

Prezident Reyqan itkilərə baxmayaraq hərbçilərinin Livanda qalacağını desə də, Amerikada artan ictimai qınaq üzündən amerikalılar 1984-cü ilin fevralında ölkəni tərk etdilər. Fransızlar, italyanlar və britaniyalılar da eyni addımı atdılar. 23 oktyabr terrorunu kimin törətdiyi aşkarlanmadı. Bəzi ədəbiyyatlarda Hizbullah və onun arxasında duran İranın SEPAH təşkilatının adı keçir, amma bu yalnız ehtimaldır.

1984-1986-cı illər Tripolidə sünnülər və suriyalıların kömək etdiyi ələvilər arasında döyüşlər getdi. 1985-ci ildə Amal şiələri və druzlar kommunistlərlə ittifaqda Livan sünnülərinin yeganə ciddi hərbi qüvvəsi olan Murabitunu darmadağın etdilər. Bundan sonra Amal və müttəfiqləri fələstinlilərə qarşı “Düşərgə müharibəsi” deyilən əməliyyatlara başladılar və qələbə çaldılar.

Daxili çəkişmələr xristian maronitlərdən də yan keçmədi. 1986-cı ildə prezdent Amin Jmayelin və Samir Cacanın tərəfdarları İlyas Hobeykenin tərəfdarlarını məğlub etdilər. Sonuncu bir müddət Livanı tərk etməli oldu. 1988-ci ildə isə iki şiə təşkilatı - Amal və Hizbullah arasında döyüşlər başladı və iki ildən çox davam etdi.

Prezident Amin Jmayelin səlahiyyət müddəti bitərkən yeni prezident seçilməmişdi. O prezidentliyinin son günü sünnü-müsəlman Səlim Hossu baş nazir vəzifəsindən uzaqlaşdıraraq yerinə xristian-maronit general Mişel Aunu təyin etdi. Hoss Milli paktda baş nazirin sünnü olmasının göstərildiyini əsas gətirərək vəzifəsini tərk etməkdən imtina etdi.

Mişel Aun isə deyirdi ki, Milli pakta əsasən prezident maronit olmalıdır, prezident olmadığı halda baş nazir onun vəzifəsini icra edəcəyinə görə belə təyinat qanunidir. Beləliklə, Livanın bütün bəlalarının üzərinə hakimiyyət böhranı da əlavə edildi. Onu da nəzərə almaq lazımdır ki, ölkədə son parlament seçkiləri 1972-ci ildə keçirilmişdi.

1980-ci illərin sonunda Livan müharibəsində daha bir oyunçu peyda olur: İraq. Suriyaya qarşı proksi-müharibə aparan Səddam Hüseyn öz növbəsində Mişel Aunu və maronitləri dəstəkləməyə başlayır.

***

1989-cu ilin əvvəllərində Ərəb Dövlətləri Liqası Livan probleminin həlli üçün Küveyt (sədr), Səudiyyə Ərəbistanı, Əlcəzair və Mərakeşdən ibarət xüsusi komitə yaratdı. Komitənin Suriyanın dolayı iştirakı ilə hazırladığı sənəd oktyabrın 22-də Səudiyyə Ərəbistanının Taif şəhərində Livanın müxtəlif məzhəb və təşkilatlarının nümayəndələri tərəfindən imzalandı.

Taif razılaşması Livan parlamentində üzvlərin sayının 99-dan 128-ə qaldırılmasını, xristian və müsəlmanların bərabər şəkildə təmsilçiliyini (əvvəlki nisbət 6:5 xristianların xeyrinə idi), eləcə də prezident səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tuturdu. Sənəddə belə məzhəb bölgüsünün gələcəkdə aradan qaldırılmasının zəruriliyi qeyd olunur, amma bunun üçün konkret vaxt göstərilmirdi.

Razılaşmada bütün silahlı qrupların tərki-silah olunması nəzərdə tutulurdu, yalnız Livanın cənubunu işğal altında saxlayan İsraillə döyüşən Hizbullah istisna idi. Sənəddə Suriyanın Livanı iki il müddətinə tərk edəcəyi göstərilirdi, amma bu müddəaya uzun müddət əməl olunmadı. Ümumiyyətlə, Taif razılaşması Livan üzərində Suriyanın nəzarətini gücləndirirdi.

1972-ci ildə seçilən Livan parlamentinin sağ qalan üzvləri 1989-cu in noyabrın 5-də ölkənin lap şimalında yerləşən Kuleyat aviabazasında toplaşaraq həm Taif razılaşmasını təsdiq etdi, həm də bitərəf Rene Moavadı prezident seçdi. Amma bundan 17 gün sonra Livanın müstəqillik gününə həsr edilən mərasimdən qayıdan Moavad yol kənarında bomba partlaması nəticəsində həlak oldu. Daha 22 nəfərin öldüyü cinayəti kimi törətdiyi bugünə qədər məlum deyil. Noyabrın 24-də İlyas Hravi prezident seçildi.

***

Müharibə Taif razılaşmasından sonra 1 il də davam etdi. İraqdan dəstək alan general Mişel Aun sənədi tanımadığını və Livanı Suriyanın əsarətindən azad edəcəyini bildirdi. Amma Küveyt avantürasından sonra Səddam Hüseyn Auna yetərincə dəstək göstərə bilmədi. Bir müddət onun ətrafında birləşən maronit qüvvələr mübarizənin perspektivsizliyini anlayaraq ayrıldılar.

Suriya prezidenti Hafiz Əsəd Səddam Hüseynə qarşı beynəlxalq koalisiyanı dəstəkləməsi müqabilində Livanda sərbəst hərəkət üçün ABŞ-dan kart-blanş qazandı. 1990-cı il oktyabrın 13-də səhər tezdən Suriya ordusu Şərqi Beyruta daxil oldu və Aunun nəzarətindəki ərazini mühasirəyə aldı. Əməliyyatda prezident Hraviyə tabe olan Livan qüvvələri, druzlar və şiələr (Amal) də iştirak edirdilər. Suriya təyyarələrinin Livan səmasında uçmasına qadağa qoyan İsrail də bu dəfə aviasiyadan istifadəyə göz yumdu.

Yuxudan oyanan Aun tələsik Fransa səfirliyində gizləndi və ratsiya vasitəsilə tərəfdarlarına təslim olmağı əmr etdi. Amma bu əmrin çatmadığı bəzi qüvvələr döyüşməkdə davam etdilər. Nəticədə Aun ordusunun yüzlərlə əsgəri döyüşdə həlak oldu. Bundan əlavə, 200-ə qədər əsirin də öldürüldüyü iddia olunur.

Bir zamanlar nüfuzlu Şamun klanın və Milli Liberal Partiyanın rəhbəri Dani Şamun da siyasi cəhətdən Mişel Aunu və Suriyaya qarşı İraqı dəstəkləyirdi (hərçənd, Küveytin işğalını bəyənmirdi). Oktyabrın 21-də Livan ordunun formasını geyinmiş şəxslər onun evinə daxil olaraq özünü, arvadını və iki azyaşlı oğlunu öldürdülər.

Bu cinayət də normal araşdırılmadı. Dünyanı başı yaxınlaşmaqda olan “Səhrada fırtına”ya qarışmışdı və kimsə Şamun ailəsindən ötrü Suriya ilə münasibətləri korlamaq istəmirdi. Bu qanlı cinayət vətəndaş müharibəsinin son yaddaqalan hadisəsi oldu.

***

Suriyanın Livan üzərində hegemonluğu 2005-ci ilə qədər davam etdi. 1992-1998, 2000-2004-cü illərdə Livanın baş naziri vəzifəsini tutan, siyasi karyerasının əvvəlində Suriya ilə yaxşı münasibətlərə malik, amma tədricən əleyhdarına çevrilən Rafiq Həriri (və daha 21 nəfər) 2005-ci il fevralın 14-də avtomobilinin partladılması nəticəsində həlak oldu. Onun iki gün sonrakı dəfn prosesi antisuriya nümayişinə çevrildi.

Fevralın 21-dən etibarən Livanı kütləvi aksiyalar bürüdü. Amal və Hizbullahı dəstəkləyən şiələr istisna olmaqla ölkənin bütün siyasi qüvvələrinin və icmalarının nümayəndələri Suriyanın Livandan çıxmasını tələb edirdilər. Hətta suriyalıların atasını öldürməsinə baxmayaraq 1980-ci illərdə Suriyanın müttəfiqi kimi çıxış edən druz lideri Vəlid Cumblat da bu dəfə Suriyaya qarşı çıxdı.

Beynəlxalq dəstək də aksiyaçıların tərəfində idi. Hələ 2004-cü ilin sentyabrında BMT TŞ 1559 saylı qətnamə qəbul edərək bütün xarici qüvvələrin Livandan çıxmasına, ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpasına çağırmışdı. “Sidr inqilabı” adını alan etirazlar zamanı da Dəməşqə təzyiqlər artdı. Çoxminlik Livan diasporası da dünyanın bir çox şəhərlərində aksiyalar keçirdi.

Sidr inqilabı qələbə ilə yekunlaşdı. 2005-ci ilin aprelində Suriya qoşunları Livanı tərk etdilər. Aprelin 26-da Suriya xarici işlər naziri Faruq Şara BMT-yə yazdığı məktubunda bunu rəsmən elan etdi. Beləliklə, 1976-cı ildə Livana daxil olan Suriya yalnız 29 il sonra ölkəni tərk etdi.

***

15 ildən çox davam edən vətəndaş müharibəsi nəticəsində 150 minə yaxın insanın həyatını itirdiyi və itkin düşdüyü təxmin edilir. Daha çox insan yaralandı, onlardan 100 mini əlil qaldı. 250 min livanlı öz vətənini tərk etdi. Ölkədaxili köçkünlərin bundan 3-4 dəfə çox olduğu söylənilir.

Livan iqtisadiyyatına dəhşətli zərbə dəydi. “Yaxın Şərqin İsveçrəsi”, turizm və maliyyə mərkəzi sayılan ölkənin demək olar ki, bütün şəhərləri, xüsusən də Beyrut xarabazara çevrildi. Amma baş nazir Rafiq Həririnin adı bir çox korrupsiya hallarında keçsə də, müharibədən sonrakı Livanın sürətlə bərpa olunmasında rolunu inkar etmək olmaz.

Hazırda Livanın prezidenti 1990-cı ildə Fransa səfirliyində gizlənən və 15 illik mühacirətdən sonra Sidr inqilabı sayəsində ölkəsinə dönən Mişel Aundur. Rafiq Həririnin oğlunu Səəd 2020-ci ilin oktyabrında üçüncü dəfə baş nazir olub. Amal lideri Nəbi Berri 1992-ci ildən parlamentin spikeridir.

Livan parlamentində yerlərin bölüşdürülməsi:

Cədvəl

Cədvəl

Mənbə: Meydan Tv

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  10 Fevral 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/rt733b

Ən çox baxılan