“Bakı ilə bağlı o qədər çox neqativ xatirəm var ki, burada yaşamaq məni daha xoşbəxt edir”
Son illərdə Azərbaycandan xaricə mühacirət edənlər çoxalıb. Bunun üçün fərqli yollardan istifadə edənlər var. Kimi siyasi mühacir statusu almağa cəhd edir, kimi biznesini xarici ölkələrə köçürür, kimisi də bir neçə illik təhsil üçün təqaüd qazanır və getdiyi xarici ölkədə qalmağa çalışır.
Üsullardan daha biri isə nikah, evlilikdir. Kimi, doğrudan da, əcnəbi vətəndaş tapıb, ailə qurmaq və arzularını xaricdə ailəli biri olaraq gerçəkləşdirməyə cəhd edir, kimi isə saxta, müvəqqəti evlilik olsa belə, bu imkanı axtarır.
Türkiyə insanlarımızın daha çox təhsil və nikah vasitəsilə mühacirət etdikləri öılkələrdən biridir. Təbii ki, bu ölkənin qanunlarını bilməyən, evlənən kimi bütün problemlərinin həll olunacağını düşünən qadınlarımız, kişilərimiz də var. Bəs, gerçəkdə, bir Türkiyə vətəndaşı olmaq necədir? Hansı üstülükləri, haqları verir bu evlilik? Hər şey düşünülən kimi asandırmı?
Suallarımızı jurnalist, yazar və səkkiz ildir ki, Türkiyə vətəndaşı ilə ailəli olan Şəbnəm Karslı cavablandırır.
– Şəbnəm, əvvəlcə ondan başlayaq ki, milləti və dili eyni olsa da, əcnəbi vətəndaşla ailəli olmaq nə deməkdir və eyni pasporta sahib olduğun insanla evlilikdən bunu nə fərqləndirir?
– Mən, ümumiyyətlə, özümü ilk illərdə əcnəbi ilə ailəli hesab etmirdim. Evliliyimizin ilk üç ilini Bakıda yaşadıq. Lakin Türkiyəyə köçdükdən sonra ailə qurduğum insanın əcnəbi bir ailəyə məxsus olduğunu dərk etdim. Çox fərqli mədəniyyətlərə aid ailələrimizin olması çətinliklər yaşatdı. Əlbəttə, bu kimi problemlərin öhdəsindən bərabər gəldik. İndi elə öyrəşmişəm ki, Bakıya gələndə evim – İstanbul üçün darıxıram.
Eyni pasporta sahib olduğun insanla evlilik əcnəbi biri ilə ailəli olmaqdan heç nə ilə fərqlənmir. Orhan bu xarakteri və mənə olan sevgisi ilə hansı ölkədən və ya milliyətdən olsa idi, yenə də onunla ailə qurardım. Pasport və vətəndaşlıq şəxsiyyəti müəyyən etmir. Həyatımda ən gözəl və uğurlu seçimimi qurduğum ailə hesab edirəm.
– Stasuslarınızın birində sizə Türkiyə vətəndaşına ərə getmək üçün müraciət edən bir xanımın yazdıqlarını paylaşmışdınız. Sizə belə xahişlər çox olurmu?
– Türkiyədə yaşamaqla bağlı inanılmaz çox müraciətlər gəlir. Adətən bu tipli istəkləri paylaşmıram. Lakin o paylaşımda birbaşa utanmadan məndən yoldaşımı istəmişdi xanım. Məni əsəbləşdirən də bu məqam idi. İnsanlarda Türkiyədə yaşamaq istəyi çoxdur. Lakin mən heç kimə qeyri-hüquqi yol tövsiyə etmirəm.
Burada işləmək, təhsil almaq və ya sadəcə turist kimi gəlmək istəyənlərin suallarını bacardığım qədər cavablandırmağa çalışıram. Əlimdən gəldiyi qədər də kömək edirəm.
– Qadınlarımızın çoxunda əcnəbi vətəndaş, o cümlədən Türkiyə vətəndaşı ilə ailə qurmaq barədə yanlış informasiyalar var. Türkiyə vətəndaşı ilə ailə quraraq, həmən bu ölkənin vətəndaşı olacaqlarını düşünürlər? Bilirik ki, sizin ailəniz sevgi üzərində qurulub, amma bunu da bilmək istərdik, bu evililik sizə nə verib? Məsələn, hansı haqlara sahibsiniz, vətəndaşlığı ailə qurandan hansı müddət sonra ala bildiniz? Hansı çətinliklərlə üzləşdiniz?
– Türkiyə vətəndaşı ilə evli olmaq sadəcə müvəqqəti yaşamaq hüququ verir. Hər il əcnəbilər şöbəsinə gedib rüsum ödəyərək, qalma müddəti uzadılır. İşləmək üçün isə çalışma bakanlığından icazə lazımdır. Şirkətlərin böyük bir qismi vətəndaşlığı olmayan şəxsləri işə qəbul etmirlər. Çalışma hüququnu isə şirkətlərin istəyi üzərinə verdikləri üçün Türkiyə vətəndaşı ilə evlilik iş imkanı yaratmır. Biz 2009-cu ilin avqust ayında evləndik. Bakıda yaşadığımız müddətdə vətəndaşlığımı dəyişdirmək haqqında düşünmürdüm. Türkiyəyə köçməyə qərar verdiyimiz zaman, yəni 2012-ci ilin sonunda Türkiyə səfirliyinə vətəndaşlıq üçün müraciət etdim. Sonra Antalyaya köçdük. Orada Yabancılar Şöbəsində qeydiyyatdan keçdim. Hətta sivil polislər bir dəfə xəbərdarlıq etmədən evimizə gəldilər, əşyalarımıza və yaşayışımıza baxdılar. Bir dəfə də gəlib, qonşulardan bizim həqiqətən də ailə olub-olmadığımızla maraqlanıblar. Sovet İttifaqının yeni dağıldığı illərdə o qədər çox saxta evliliklər yaşanıb ki, indi iki uşaqlı ailəyə də əmin olmurlar, şübhə ilə yanaşırlar. Müraciətimin üçüncü ilində çağırıb, kimliyimi təslim etdilər.
– Ümumiyyətlə, Türkiyə toplumu türk vətəndaşla ailə quran azərbaycanlı qadınlara necə münasibət bəsləyir? Təbii ki, situasiyalar fərqlidir, amma yəqin ki ümumi müşahidələriniz var…
– Türkiyə toplumu bizi çox sevir. Hətta bir çoxu Qarabağ müharibəsi zamanı Türkiyə hökumətinin Azərbaycana dəstək verməməsini qınayır. Beşinci ilimdir ki, Türkiyədə yaşayıram və bugünə qədər bir nəfərdən də olsa azərbaycanlı olduğum üçün neqativ münasibət görməmişəm.
Doğrudur, buraya gəlib əxlaqsız həyat tərzi keçirərək qazanc əldə edən qadınlar, fırıldaqçı iş adamları da az olmayıb. Lakin kimsə ümumi olaraq azərbaycanlıları o gözlə görmür.
– Daha bir həssas məqam uşaq məsələsidir. Elə ölkələr var ki, boşanma hallarında təbii vətəndaş olan atanın, ya ananın haqqı gəlmə, sonradan vətəndaş olan valideyndən daha çox olur. Bu, Türkiyədə necədir? Qanunlar və gerçəklik nə deyir?
– Türkiyədə heç bir zaman natural Türkiyəli ilə gəlmə arasında fərq qoyulmur. Sonradan Türkiyə vətəndaşı olanlarla burada doğulmuş türkiyəli arasında bugünə qədər hər hansı bir fərqlə qarşılaşmamışam. Boşanma hallarında da hər kəsə münasibət eynidir. İndiyə qədər heç bir azərbaycanlı və ya digər milliyyətlərdən olan qadınların hüquq sistemində ayrı-seçkiliyə məruz qalmasına şahid olmamışam.
– Sizin uşaqlarınız həm də Azərbaycan vətəndaşıdırmı və ya ola bilərmi?
– Bizim uşaqlar 18 yaşına qədər hər iki ölkənin vətəndaşı olacaqlar. 18 yaşlarına gəldiklərində özləri seçim etməlidirlər.
– Siz özünüzü artıq Türkiyə toplumuna alışmış, doğmalaşmış biri kimi hiss edirsiniz, yoxsa qəribçilik, yadlıq hissi qalır?
– Türkiyəyə çox alışmışam. Dilinə, qonşuluq əlaqələrinə, buradakı dostluqlarıma öyrəşmişəm. Azərbaycanda anam, bacılarım, dostlarım üçün çox darıxıram. Atamın məzarı Şəkidədir, arzu etdiyim zaman gedib görə bilməmək insanı həqiqətən də kədərləndirir. Lakin Bakı ilə bağlı o qədər çox neqativ xatirəm var ki, burada yaşamaq məni daha xoşbəxt edir.