Səbəbin səbəbi

Mübariz İbrahimov haqqında yazılmış statusun yaratdığı müzakirələrə dair

Yalçın İmanov. Foto: Meydan TV
Yalçın İmanov
Yalçın İmanov


Mübariz İbrahimov haqqında yazılmış statusun yaratdığı müzakirələrə dair

Biz ona görə qəzəbliyik ki, məğlubuq. Yox, təbii ki, cəmiyyətin, onu yönəldənlərin və ən müxtəlif maraq güdənlərin kəskin reaksiyasının başqa mühüm səbəbləri də var, məqsədli körüklənmə, yaxud uzaq mənzilli siyasi faydalar və çıxarlar da istisna deyil. Amma bütün bu süni səbəblərdən arınıb, cəmiyyətin hadisəyə xas, təmiz münasibətini araşdırsaq, ən əsas səbəb kimi qarşımıza bu çıxacaq: Məğlubluq! Bu, səbəblərin səbəbidir. Bütün digər təbii səbəblər də bu əsas səbəbdən törəyir, yaxud da bu və ya digər şəkildə onunla sıx əlaqəlidir.

Azərbaycanın, Ermənistan qarşısında məğlub durumu, cəmiyyətin Qarabağ münaqişəsi haqda müxtəlif, fərqli fikir və düşüncələrə münasibətini tam və həlledici şəkildə müəyyən edir, formalaşdırır.

Məğlubluq faktı məğlubun tolerant yanaşmasını və soyuq başla müzakirəsini mümkünsüz edir. Tolerantlıq qalibə xas keyfiyyətdir, o, məğlubun timsalında əndrabadi və üstəlik də çox kədərli görünür. Bir anlıq möhkəm, nəyi var döyülmüş adamın onu döyənə tolerantlığını təsəvvür edin! Bu mənada düşmənə (torpaqlarımız işğaldan azad edilənə qədər o belə adlanmalıdır) istənilən reverans və yaxud onun lehinə hər hansı xoş münasibət, yaxud onun xeyrinə yozula biləcək cəmiyyətdaxili müzakirələr yumşaq desək, müsbət hesab olunub, qəbul edilmir.

Bu, ehtimal iki səbəblə bağlıdır:

1. Ya Azərbaycan cəmiyyəti məğlubluğunu psxioloji baxımdan hələ də normal, sakit şəkildə qəbul edib, onunla barışmayıb, onunla dinc yanaşı yaşaya bilmir;

2. Ya da qəbul edibsə belə, bu mövzuda istənilən qıcıq yaradan müzakirələr onun yaxın keçmişini, məğlubluğunu xatırladıb, posttravmatik yaddaşını təzələyir.

Hər iki halda da vacib faktor əzici faktın, acı məğlubluğun özüdür.

Əgər, biz məğlub olmasaydıq və ya onlarla bərabər səviyyədə olsaydıq, yaxud heç olmasa, özümüzü bu cür hiss eləsəydik, belə fikirlər və birtərəfli təftişlər “şoka salan” və “təhrikedici” olmayacaqdı. Bərabər deyəndə, tutaq ki, məsələn, bizdə onların Qarabağ və işğal olunmuş ətraf rayonlar boyda hansısa bir ərazisini tutsaydıq.

Əgər biz özümüzü məğlub hiss eləməsəydik, bu cür kitablar, çıxışlar, filmlər və yaxud da sosial şəbəkə statusları heç kimin vecinə də olmayacaqdı, heç minumum belə diqqət çəkib, dartışılmayacaqdı. Hələ mən heç günlərlə davam edən qalmaqallı müzakirələri demirəm.

Uzun illərdir ki, vaxtaşırı ortaya çıxan belə oxşar fikirlərin hər dəfə də dəyişməz və aqressiv müzakirə edilməsinin əsas səbəbi dərinə işləmiş, həssas məğlubluq hissidir. Bu fikirlər damara basır, məğlubluğu assosiasiya edir, onu yada salır, cəmiyyəti bir daha öz gözündə alçaldır.

Mən inanmıram ki, Ermənistanda, erməni cəmiyyətində hər hansı bir erməninin Azərbaycana, azərbaycanlıya münasibətdə ixtiyari xırda müsbət fikir bildirməsi və yaxud cəhbədə qəhrəmanlıq etmiş, azərbaycanlıları öldürmüş erməninin epataj təftişi bu qədər ciddi, dərin və qarşılıqlı ittihamlı müzakirələrə səbəb olardı. Bu, qaliblərə xas xüsusiyyət deyil, qalibin məğluba xoş sözlər söyləməsi başa düşüləndir, hətta orasını-burasını bəzəyib, bunun adını mərhəmət də adlandırmaq və hələ öymək də olar. Qalibin, qalibin nümayəndəsinin öz qəhrəmanını hətta qərəzli araşdırması belə ağrısız və ziyansızdır. Çünki o qalibdir! Belə müzakirələr, belə təftişlər qalibin diqqətini çəkə, qayğılandıra bilməz, yox, əgər işdir çəksə belə, ona hər hansı əhəmiyyətli ziyan vura, onu qəzəbləndirə bilməz, uzağı ayağını ayağının üstünə aşırıb, açıq-aşkar həvəssiz və lovğa bir ədayla baş verənləri ötəri maşahidə edər.

Azərbaycan xalqı erməni xalqı qarşısında məğlubdur! Həm də hər bir azərbaycanlı hər bir erməni qarşısında məğlubdur. Məğlubun qalibi tərifləməsi, onun xeyrinə yozula biləcək, işləyəcək dolayı və birbaşa fikirlər səsləndirməsi məğlubluğu ilə barışmayan toplumun hər dəfə “gözlənilənlik effekti” ilə qarşılaşacaq, daima təzə-tər, kəskin və aqressiv reaksiya doğuracaq, yaralarının üstünə duz səpib, sızladacaq.

Bu, Azərbaycan xalqının dramıdır və bu dram hər dəfə yalnız bir şeyin zərurliyini hava-su kimi diqtə edir – məğlubluqdan qurtulmaq lazımdır! Əgər alınmırsa, onda heç olmasa bu əhvaldan!…



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəSəbəbin səbəbi