Aprelin 27-də Səbail Rayon Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin tənqidi saytların bloklanması ilə bağlı iddiasına baxılıb. İddiada azadliq.org azadliq.info, azerbaycansaati.com, meydan.tv saytlarını, Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramları nəzərdə tutulur.
Hakim Nurəddin Bağırovun sədrlik etdiyi prosesə jurnalistlər buraxılmayıb.
Meydan TV-nin məlumatına görə, iddia tərəfinin nümayəndəsi etibarnamə təqdim etmədiyindən proses təxirə salınıb.
Prosesə qatılan vəkillərin sözlərinə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddia ərizəsində həmin saytlarda dövlətin və cəmiyyətin təhlükəsizliyinə təhlükə yaradıldığı qeyd olunub.
Vəkil Səməd Rəhimli deyir ki, iddiaçı bunun hansı materiallar olduğunu açıqlamayıb və ümumilikdə saytların qapadılması ilə bağlı iddia konstitusion deyil.
Növbəti proses mayın 1-də, saat 15:00-da keçiriləcək.