Saxta sertfikat verməkdə ittiham olunan tibb işçilərinin istintaqı yekunlaşıb

Arayış, Foto: Meydan TV

İş məhkəməyə göndərilib

Saxta peyvənd sertfikatı verən tibb işçiləri barəsindəki cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluq yaydığı məlumatda belə qeyd olunur.

Məlumatda bildirilir ki, iş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə araşdırılıb.

Artıq istintaq yekunlaşıb: “Məlum olub ki, 2021-ci ilin aprel-sentyabr aylarında “Abşeron Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Mehdiabad Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri kimi çalışan Qənitə İsmayılova peyvəndləmə prosesini düzgün aparmayıb. O, Mərkəzə məxsus möhürü özündə saxlamalı olduğu halda ayrı-ayrı tibb müəssisələrinin işçilərinə verib. Həmin işçilər də 67 nəfərə 2 doza peyvənd olunmaları ilə bağlı saxta sənəd verib”.

Prokurorluq bildirib ki, həmin saxta sənədlərdə şəxslərin “Sinovac” peyvəndi ilə vaksinasiya olunmaları qeyd edilib.

Məlumatlar rəsmi sənədlərə, eyni zamanda “analiz.its.gov.az” rəsmi elektron portalına daxil edilib:

“Yol verilən qanunsuz əməllərin ört-basdır edilməsi məqsədi ilə 2 min 700 manat dəyərində 130 ədəd peyvənd flakonunun boşaldılaraq tullanılmasına, bununla da dövlətin epidemioloji vəziyyətin stabilləşdirilməsi, xəstələnmə və ölümlə nəticələnən halların azaldılması, eləcə də vaksinləşmənin təmin edilməsi sahəsində qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib”.

Qurum bildirir ki, iş üzrə toplanmış sübutlarla Qənitə İsmayılova Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib:

“Cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Habelə, qeyd edilən saxta vaksin sertifikatlarının ləğv olunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik hüquqi şəxsə məktub ünvanlanıb”.

Azərbaycanda peyvəndləməyə 2021-ci il yanvarın 18-dən başlanıb.

Əsasən Çinin “Sinovac” şirkətinə məxsus peyvəndən və Almaniyanın “BioNTech” şirkətinə məxsus “Pfizer” peyvəndindən istifadə edilir.

Ən son açıqlanan rəsmi statistikaya görə, ölkədə vurulan vaksinlərin ümumi sayı 11 498 430-dur.

Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 184 066, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 695 363, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 619 001 təşkil edir.
Operativ Qərargahın açıqlamasına görə, son sutkada koronavirus əleyhinə vaksinasiya olunanların sayı isə 58 nəfərdir.

Ana səhifəSağlıqSaxta sertfikat verməkdə ittiham olunan tibb işçilərinin istintaqı yekunlaşıb