Saxta ölüm şəhadətnamələrilə torpaqların satılmasına görə daha iki nəfər axtarışa verildi

Türkan qəsəbə sakinləri 91 yaşlı Xumara Şabanova və 80 yaşlı Əzizəxanım Atayeva bu işə ədalətli baxılması, həmçinin onlara dövlət orqanlarına şikayət etməkdə, vəkil tapmaqda kömək etmiş qəsəbə sakini Natiq Məhəmmədsoyun azadlığa buraxılması tələbilə bir neçə gün aclıq edib.

Source: Meydan TV


Həbs olunanların işi məhkəməyə göndərilib

Bakının Türkan qəsəbəsində ahıl qadınlar sağ olduqları halda, onların illər əvvəl ölməsi haqda saxta ölüm şəhadətnamələri hazırlayaraq, dəniz kənarında, 190 min manat dəyərində 1.12 hektar torpaq sahələrinin özlərindən xəbərsiz satılmasıyla bağlı istintaq araşdırmaları yekunlaşıb. Bu cinayətdə ittiham olunan beş nəfər haqqında cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində göndərilib. Daha iki nəfər – Türkan bələdiyyəsinin sədri olmuş Mehman Ağayev və qəsəbədə torpaq alqı-satqısıyla məşğul olan Qərib Nadirov isə axtarışa verilib. Bu barədə Meydan TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

İşi məhkəməyə göndərilənlər isə Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi olmuş Rahil Babayev, Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulov, onun müavini olmuş Eldar Mirzəyev, qəsəbədə daşınmaz əmlak alqı-satqısıyla məşğul olmuş Çingiz Səfərov və Daşqın Nəsirovdur. Adları çəkilən şəxslərdən Rahil Babayev və Çingiz Səfərov həbsdədir.

Daşqın Nəsirov təxminən bir ay əvvəl ev dustaqlığına buraxılıb. Zəfər Abdulov və Eldar Mirzəyev haqqında isə əvvəldən polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.2 (rəsmi sənədləri saxtalaşdırma və ya saxta sənədlərdən istifadə etmə), Rahil Babayev, Mehman Ağayev, Zəfər Abdulov və Eldar Mirzəyev isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) və başqa maddələri ilə təqsirləndirilir.

Axtarışda olan sabiq bələdiyyə sədri Mehman Ağayev və Qərib Nadirov haqqında iş üzrə araşdırmalar isə Baş Prokurorluğun İstintaq İdarəsində davam edir.

Türkan qəsəbə sakinləri 91 yaşlı Xumara Şabanova və 80 yaşlı Əzizəxanım Atayeva bu işə ədalətli baxılması, həmçinin onlara dövlət orqanlarına şikayət etməkdə, vəkil tapmaqda kömək etmiş qəsəbə sakini Natiq Məhəmmədsoyun azadlığa buraxılması tələbilə bir neçə gün aclıq edib. Onlar bildirir ki, Natiq Məhəmmədsoya qarşı irəli sürülmüş narkotik və qanunsuz silah saxlama ittihamı saxtadır, onlara kömək etdiyinə görə cəzalandırılıb.

Ana səhifəSosialSaxta ölüm şəhadətnamələrilə torpaqların satılmasına görə daha iki nəfər axtarışa verildi