Şaxta babaya məktub

Bizim ölkənin çoxlu dərdi var

Source:
Zaur Qurbanlı
Zaur Qurbanlı

Salam, Şaxta baba!

Mənim 31 yaşım var, amma inan ki, uşağam. Onsuz da sənə inanıb, yazanların arzusunu yerinə yetirirsən. Mən sənə sidq ürəkdən inanıram. Çünki yaşadığım ölkədə inanmaq üçün bir şey qalmayıb. Bizə inanc göndər deməyəcəyəm. İnanclar yıxıb evimizi onsuz da.

Bizim ölkənin çoxlu dərdi var. Onlardan birini deyim, bəlkə sən çarə elədin. Biz təəccüblənmək qabiliyyətimizi itirmişik. Bu ölkədən olan hər kəs səndən bunu arzulamaya bilər, amma onların nə arzulamasından asılı olmayaraq, əmin ol ki, bizim ən çox ehtiyac duyduğumuz şeylərdən biri təəccübdür.

Mən istərdim ki, Şaxta baba, bizim ölkədə insanlar normal olmayan şeylərə təccüblənsinlər. Bir müəllimənin lifçiyində seçki bülletenləri daşıyıb, həyasızlıqla seçki qutusuna doldurmasını, sonra jurnalistə hücum eləyib “Maa hücum elyəssən?” deməsini insanlar təəccüblə qarşılasınlar. Bu xəbəri oxuyanda, eşidəndə ağızları açıla qalsın. “Aa, müəllimə? Ola bilməz”,- desinlər.

Mən istəyirəm, bizim camaat eşidəndə ki, məmur rüşvət alır, təəccüblənsinlər. Bu xəbəri çatdırana səmimi olaraq, şübhə eləsinlər. “Məmur da rüşvət alar və cəzasız qalar?”, desinlər.

Mən istəyirəm, bizim insanlara ölkəmizdə 150 siyasi məhbusun olduğunu deyəndə heyrətlənsinlər. Qəzəblənsinlər. “Mənim ölkəmdə siyasi motivlə insanlar həbs oluna bilməz”,- desinlər.

Mən istəyirəm, insanlarımıza kiminsə “Facebook” şərhinə görə həbs olunduğunu, kiminsə Avropada mitinqə çıxdığına görə, onun qohumlarının həbs olunduğunu deyəndə təəccübdən gözləri bərələ qalsın. Ta o vaxta kimi ki, bunun hesabını tələb etsinlər.

Mən istəyirəm, məktəbdə hər ay 10 manat “fond pulu”, “süpürgə pulu” istəyəndə şagirdlər, valideynlər o qədər təəccüblənsinlər ki, qaça-qaça Təhsil Nazirliyinə gəlsinlər, “Ey nazir, bu ki bizim ölkədə mümkün deyil”,- desinlər.

Mən istəyirəm, bu ölkənin ərazi bütövlüyü, bizim təhlükəsizliyimiz üçün canını vermiş insanların ailələrinə müavinətlər verilməyəndə biz o qədər təəccüblənək ki, utandığımızdan başımız yerə girsin.

Mən istəyirəm, reanimasiyaya ölüm ayağındakı xəstəni salmağın öz qiyməti olduğunu eşidən insanlar təəccübdən donub-qalsınlar, çaşmış sifətlə həkimlərə baxsınlar.

Şaxta baba, bizə təəccüb ver, nolar. 25 ilə 1 dənə istehsal sahəsi yaradılmamasına, 10 ilə ölkədən 49 milyard dolların ofşorlara çıxarılmasına, 100 minlik yolun 100 milyona çəkilməsinə, təhsilimizin, səhiyyəmizin, ordumuzun… bərbad halına təəccüblənmək qabiliyyəti ver bizə.

Hər gün yolda öldürülən süpürgəçilərin meyitlərinə donuq gözlərlə baxan zombi sifətlərimizə bir təəccüb, həya qızartısı ver.

Bizə içində 9,8 milyon təəccüb olan hədiyyə torbası gətir, qurban olum.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəŞaxta babaya məktub