Mübariz Əbdülkərimov, Samir Həsənov və Aydın Əliməmmədov noyabrın 10-da axşam çayxanadan aparılıb
Noyabrın 10-da Şəkidə saxlanılan AXCP üzvləri barədə bu gün axşam saat 23 radələrində məhkəmə qərar çıxarıb. Qərara əsasən, AXCP-nin Şəki şöbəsinin fəalları – Mübariz Əbdülkərimov, Samir Həsənov və Aydın Əliməmmədovun hər birinə 4 sutka inzibati həbs cəzası verilib. Onlar İnzibati Xətalar Məcəlləsinin 310-cu (polisin qanuni tələbinə tabe olmamaq) maddəsilə təqsirli bilinib.
Bu barədə “Azadlıq” qəzetinə AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat verərək bildirib ki, cəbhəçi fəallar məhkəmədə bu ittihamın qondarma olduğunu, heç kimə müqavimət göstərmədiklərini bildiriblər. Onlar həbs olunmalarını siyasi fəaliyyətlərilə əlaqələndiriblər.
Gözəl Bayramlı da hesab edir ki, onların həbsi siyasi fəaliyyətləri, həmçinin sosial şəbəkədəki tənqidi fikirlərilə bağlıdır: “Konkret olaraq, Samir bugünlərdə Facebook-da rayon rəhbərliyini tənqid edən status yazıb, bunu icra başçısına çatdırıblar. Bundan sonra icra başçısının birinci müavini onu yanına çağırıb. Lakin Samir getməyib. Digər iki nəfər də sosial şəbəkələrdə tənqidi fikirlərini paylaşırlar. Prezidentin Şəkiyə səfəri ərəfəsində rayondakı bərbad durum barədə fikirlərilə yanaşı, bunu sübut edən fotoşəkillər də yayıblar. Bundan başqa, onlar vicdan məhbusları Xədicə İsmayılın, Seymur Həzinin, Asif Yusiflinin şəkillərini Şəkidə küçə və meydanlarda yaymışdılar. Bu cür fəallıqlarına görə onları cəzalandırırlar”.
Mübariz Əbdülkərimov, Samir Həsənov və Aydın Əliməmmədov noyabrın 10-da axşam çayxanadan aparılıb. Şəki Şəhər Polis Şöbəsində Aydın Əliməmmədovdan izahat alınaraq, noyabrın 11-də məhkəməyə gəlməsi şərtilə buraxılıb, digər iki nəfər isə gecə orada saxlanılıb.