O, müharibə zamanı seksual zorakılığa məruz qalan qadınların müdafiəsi yönündəki fəaliyyətinə görə mükafata layiq görülüb
Avropa Parlamenti Saxarov adına “Fikir azadlığı” Mükafatını Konqo Demokratik Respublikasından olan həkim-ginekoloq Denis Mukveqe verib.
Rusiyanın Lenta.ru saytının yaydığı məlumata görə, bu barədə Avropa Parlamentinin sədri Martin Şults özünün Twitter səhifəsində yazıb.
Təqdimetmə mərasimi noyabrın 26-da Strastburqda keçiriləcək.
Bildirildiyinə görə, 59 yaşlı Mukveqe müharibə zamanı seksual zorakılığa məruz qalan qadınların müdafiəsi yönündəki fəaliyyətinə görə mükafata layiq görülüb.
Mükafata namizədlər arasında hazırda həbsdə olan Leyla Yunus, Ukraynanın “Avromaydan” hərəkatı (müğənni Ruslana Lıjiçko, Ukrayna özünü idarəedən tələbə assosiasiyasının prezidenti Yelizaveta Şepetilnikova və jurnalistlər Mustafa Nayem, Tatyana Çernovol) da olub.
Mükafat 1988-ci ildə təsis olunub.