Rejissor Rusiyada məhbus həyatı yaşayır
Saxarov Düşüncə Azadlığı Mükafatı 2018-ci ildə hazırda Rusiyada məhbus həyatı yaşayan ukraynalı rejissor Oleq Sentsova verilib.
Bu barədə Azadlıq Radiosu Avropa Parlamentindəki mənbələrinə istinadən xəbər
verir.
Mükafat qalibə dekabrın 12-də təqdim olunmalıdır.
O.Sentsov Rusiyanın Krımı ilhaq etməyinin əleyhinə çıxışlar edirdi. 2014-cü ilin yazında Rusiya hüquq-mühafizə orqanları onu terrorçuluqda ittiham edərək, Krımda həbs ediblər. Məhkəmə 2015-ci ilin avqustunda onun 20 il azadlıqdan məhrum edilməsi barədə qərar verib.
Rejissor ona qarşı verilən ittihamları rədd edib, barəsində qaldırılan cinayət işinin qurama və siyasi xarakterli olduğunu bildirib.
O.Sentsov 145 günlük aclıq aksiyası keçirib və oktyabrın 6-da aksiyanı dayandırıb. Bir sıra mənbələr onun aksiyanı dayandırmağa məcbur edildiyini bildiriblər.
Sovet fiziki və dissidenti Andrei Saxarovun adını daşıyan bu mükafatı Avropa Parlamenti 1988-ci ildə təsis edib. Məqsəd insan haqları və fundamental azadlıqları müdafiə edən fərdləri və təşkilatları mükafatlandırmaqdır.