Savaşın qarğa-quzğunlu qadın-tanrıları (3-cü yazı)

Yaxın və Orta Şərqdə savaşın qadın tanrıları aslanlarla birgə təsvir edilirdisə, Avropada quşlar – bayquş, qarğa, ya da quzğun aslanların yerini alır.

Source:
Freya
Freya


Quş simvolunun mənaları

Yaxın və Orta Şərqdə savaşın qadın tanrıları aslanlarla birgə təsvir edilirdisə, Avropada quşlar – bayquş, qarğa, ya da quzğun aslanların yerini alır.

Dini düşüncənin ilk mərhələlərində – zoomorfizm və animizm dövrlərində – qədim insanlar tanrıları heyvan və quş formasında təsəvvür edirdilər. Zaman keçdikcə, antropomorfik (insan formalı) tanrılar qabağa çıxır, heyvan və quş formalı tanrılar isə onların köməkçisinə çevrilir.

Qədim inanışlarda quş simvolu çoxyozumludur. O, yaradılışın, doğumun, yenidəndoğumun, diri və ölü ruhunun, həmçinin ruhun ilahi olanla əlaqəsinin, günəşin, hakimiyyətin (məsələn, Humay quşu), ağlın, intuisiyanın və s. ifadəçisidir. Quşdan törəndiyinə inanan, onu özünə əcdad sayan bir çox xalq vardır. Məsələn, türk xalqlarından qazaxlar, Sibir itelmenləri, bir sıra yakut boyları qarğanı özlərinə totem sayır; Amur xalqları, çukçalar, Şimali Amerikada qırmızı dərili Tlinkit, Atapaks qəbilələri, bir sıra kelt xalqları qarğaya tapınırdılar.

Bayquş, qarğa, ya da quzğun timsalında quşlar həm də savaş simvollarından biridir.

Qarğalı kelt pulu
Qarğalı kelt pulu


Qədim Yunanıstanda savaşın qadın-tanrıları

Qədim yunanlara görə qadın-tanrı Afina Olimpin baş allahı Zevsin və Okeanın qızı Metisin övladı idi. Metis adının mənası ağıl, düşünmə gücü deməkdir. Afina doğulana yaxın, Zevs arvadının bacarıqları ona keçsin deyə Metisi udur. Afina əlində qarğı və silahla atasının başından doğulur. Homerin İliada dastanında o, „yorulmadan orduları yönəldən, cəng və savaş səslərindən xoşu gələn“ savaş tanrısı kimi təqdim olunur. Homer dastanda həm Zevs, həm də Afina üçün “aigiokhos” sözü işlədir. Bu söz “keçi dərisindən qalxan daşıyan” deməkdir, onun „çoxgözlü“ mənası da var. Bu ləqəb bizə İnannanı xatırladır. Çünki göz simvolu ilk dəfə İnanna ilə əlaqəli olub.

Bayquşlu Afina
Bayquşlu Afina

Qədim Yunanıstanda qadın savaş tanrısı Afina ilə yanaşı kişi savaş tanrısı Ares də olub. Ancaq Afina ilə müqayisədə Ares çox hörmətsiz və urvatsızdır, onun nə tanrılar, nə də insanlar arasında nüfuzu var. Çünki Afina zəkayla idarə olunan savaşı təmsil edir; etibarsız, ağılsız davranışlı Ares isə düşünmədən, kor-koranə, plansız savaşı simvollaşdırır. Ağlın iştirak etdiyi savaşlar qələbə ilə bitdiyinə görə

Afina sevilir.

Afina çox zaman bayquşla birgə təsvir edilir. Bayquşun qaranlıqda görmə bacarığından təsirlənən Afina onu özünün quşu elan edir. „Noctua“ adlı bu bayquşun əsas vəzifəsi iti gözləri ilə kimsənin görə bilmədiklərini görüb, Afinaya xəbər vermək olur. Savaş zamanı ordunun üstündə uçanda isə onun qələbə gətirəcəyinə inanılırdı.

 Afinaya bəzən „bayquş gözlü“ də deyilirdi.

Gözəllik, sevgi, bərəkət qadın-tanrılarının həm də savaş tanrıları olması yunanlarda da olub; Homerdən oxuyuruq ki, gözəllik tanrısı Afrodita döyüşçü Diomedeslə vuruşub yaralanır, Zevs ona deyir ki, qoy, savaş məsələləri ilə Areslə Afina məşğul olsun, sən evlilik məsələlərilə uğraş.

Yunanlılara görə, Afina ilə birlikdə qələbəni simvollaşdıran tanrı Nike idi. O, qanadlı, sürətlə uçan bir qız kimi təsvir edilirdi.

Qədim yunan panteonunda qadın cinsində Alala adlı savaş nərəsi tanrısı da var. Əsgərlər döyüşə girərkən onun adını çağırır, yüksək səslə nərə çəkib düşmən tərəfdə panika yaradırdılar. (Döyüşərkən qəhrəmanın nərə çəkməsi bizim nağıllarımıza və qəhrəmanlıq dastanlarımıza da yad hadisə deyil: Koroğlu nərəsi, Ərəbzəngi nərəsi və b.) Alalanın xalası Enyo (Romada Bellona), dayısı Ares (Romada Mars) da müharibə tanrıları olub. II Dünya Müharibəsində yunanlarla italyanların savaşı zamanı yunan əsgərləri Alala nərəsi çəkirmişlər: eya, eya, Alala!

Hesiod və Homerin əsərlərində adı çəkilən başqa bir qadın savaş tanrısı da var: Enyo. Homer ona „ellər yıxan tanrı“ deyə xitab edərdi. Enyo savaş arabasında əlində bir qılınc, bir qarğı, bəzən də yanan bir çıraqla təsvir edilir.

Yunan mifologiyasında daha bir qadın-tanrının – Bianın adının mənası zorakılıq demək idi. O, həm də qüvvət, xam enerji və güçün cismaniləşməsi, təcəssümü hesab edilirdi.

Yunanlarda xaos, nifaq, döyüş ədavəti yaradan qadın-tanrı Eriş ən sevilməyən tanrılardan biri idi.


Romada savaşın qadın-tanrıları

Romalılara görə Viktoriya savaşlarda qələbəni təyin edən qadın-tanrı idi.

Vikroriya
Vikroriya

Roma mifologiyasında kökü etrüsklərin „Menrva“sına gedib çıxan, yunan təsiriylə „Minerva“ya dönən müdriklik, zəka tanrısı, cəngavərlərin qoruyucusu, vətəni, dövləti müdafiə edən bir qadın-tanrı var. O da Afina kimi bayquşla birgə təsvir edilir.

Minerva
Minerva


Afina Zevsin başından silahla doğulan kimi, etrüsklərin Menrvası da dəbilqəsi, nizə və qalxanıyla birgə atası baş tanrı Tinia-nın başından doğulmuşdu.

Romada kişi-tanrı Marsdan qabaqkı savaş tanrısı qadın-tanrı Bellona idi. „Bellona“ latın dilində savaş deməkdir. O, yunanların Enyo adlı tanrısıyla eyni tutulur. Roma mifologiyasında Nerio adlı qadın-yanrı isə sücaət tanrısı idi. O, sonralar Bellonanı, Minervanı və Marsı sıxışdırıb aradan çıxarır.


Avropanın savaş qadın-tanrıları

Avropanın ən qədim xalqları sayılan keltlər öz ana-tanrılarını bir döyüşçü kimi düşünür, onu Andraste adlandırırdılar. Mənası „zəbtedilməz“, „yenilməz“ deməkdir. Andraste həm də qələbə tanrısı olduğuna görə döyüşdən əvvəl onun ruhundan kömək istənirdi.

Əfsanəyə görə kelt kraliçası Boudicca romalılara qarşı savaşda Andrasteni köməyə çağırmışdı. Kraliça onun simvolu olan dovşanı savaşdan əvvəl meydanda qaçırdıb dovşanın hərəkət istiqamətinə görə döyüş planı hazırlayırmış. Tarixçilər Andraste ilə bağlı, amansızlığı ilə seçilən kultların olduğunu yazırlar, bunların içində dovşanlarla yanaşı insan qurbanları və qadın sünnətləri də olub.

Keltik politeizmin daha bir qadın-tanrısı, Qalliyanın savaş tanrısı Andarta idi.

Kelt mifologiyasında Bandha adlı musiqiçi, hökmdar, savaşçı tanrı-qadından da söz açılır.

Başqa bir tanrı-qadın Cathubodva da savaş və quzğunlar tanrısı idi.

Cathubodva
Cathubodva

Bu adın qədim kelt dilində mübarizə, savaş sözlərindən törədildiyi güman edilir. Qədim irlandcada „bodua“ sözü „bodb“ sözü ilə əlaqələndirilir, bu söz dişi quzğun deməkdir. Beləliklə, Cathubodva – savaşçı quzğun kimi mənalandırılırdı. O, İrlandiya mifologiyasında Badb Katha adıyla da tanınır. Cathubodvanın adındakı Boudina, Bodua və Boudiganın döyüş və qələbə kimi mənaları da var. Romalıların Viktoriyası, yunanların Nikesi, skandinaviyalıların Sigyni kimi onun da adı qələbə ilə bağlıdır.

Maxa, Badb, Morriqan adlı üç bacı da irlandların savaş tanrıları idi.

Bacılardan biri olan Badb öz pərisi ilə döyüş yerində vəlvələ salır, çox vaxt qarğa, ya da quzğun donunda olurdu. O, həm də ölümü, süqutu, yenidəndoğuluşu təmsil edirdi. Badbın qarğa donunda görünməsi ölüm olacağına, qara xəbərlər veriləcəyinə işarə idi, başqa cür desək, Badb neqativ peyğəmbərlikləri ilə də tanınırdı.

O biri bacı Morriqanın adının mənası böyük kraliça demək idi. O, həm də kəhanət tanrısı idi və onun da qarğa, ya da quzğun formasında savaş meydanlarında döyüşçülərin başı üzərində uçduğuna inanılırdı. Morriqana „kabuslar kraliçası“ da deyilirdi, onun dondan-dona düşmək bacarığı vardı.

Bacıları bəzən tanrı-qadın Nemain (Neman) əvəz edir. Nemain həm də müharibədəki xaosun şəxsləşdirilməsi kimi ortaya çıxır. Ona “vəhşi döyüşçü” deyilirdi. Onun elə dəhşətli görünüşü vardı ki, döyüşçülər Nemaini görəndə vahimələnirdilər. Hətta miflərin birində, onu görərkən yüzdən çox döyüşçünün qorxudan ürəklərinin partlaması barədə söhbət gedir. Hadisə Olster və Konnaxt arasındakı əfsanəvi savaşda baş verib, döyüşçülərin ölüm səbəbi Nemainin çıxardığı qorxunc səs imiş.

İrland mifologiyasında tanrılar anası Anu (bu adın Annan, Ana, Annad kimi variantları da var) doğum, bərəkət, mal-qara (var-dövlət mənasında), ölüm, əmin-amanlıq tanrısı olmaqla yanaşı döyüş, müharibə tanrısıydı da.

Eramızın 1-ci əsrində yaşayan romalı tarixçi Tacitus-a görə britaniyalıların qadınlardan ibarət əsgərləri vardı.

German-skandinav mifologiyasında Valkiria adlanan nəhəng qadınlardan da danışılır. Valkiria „cəsədləri seçən“ deməkdir. Onlar həm də tale tanrıları kimi döyüşçülərin talelərinin necə olacağına qərar verirdilər. Valkiriaların bir işi də qanadlı atlarla savaş meydanına enib, ölmüş qəhrəmanları ölülər ölkəsi Valxalla aparmaq idi. Həmin qəhrəmanlar dünyanın sonunda (Raqnarok) bədheybət canavar Fenrirlə olacaq savaşda vuruşacaqdılar.

Valkirialar həm də döyüşə yeni başlayanları öyrədir, onları müdafiə edir və qoruyurdular. Onlar təpədən-dırnağa kimi zirehli paltarların içində təsvir edilirlər. Rəvayətə görə əsrarəngiz „qütb parıltıları“ onların zirehlərindən yaranır.

German mifologiyasının qadın tanrısı Freya (Frigg) isə Yaxın və Orta Şərqdəki tanrı həmkarları kimi həm gözəllik, sevgi, bərəkət, həm də müharibə tanrısı idi.

Freya
Freya

Etimoloqlara görə Freya qədim nord dilində xanım, qadın idarəçi, sahibə mənasını bildirir. Freya hər dəfə müharibədə ölən döyüşçülərin meyidini tanrılar atası Odinlə bərabər bölür.

Vikinklərin də (Skandinaviya xalqlarının nənə-babaları) əsas tanrılarından olan Freya savaşdan həz alan bir tanrı kimi tanınırdı. Onun müqəddəs donuzu savaş simvolu idi.

Pavel Diakon qədim almanlarla bağlı „Lanqobardların tarixi“ (Uzunsaqqallıların tarixi) əsərində “lanqobard” etnoniminin izahından yazarkən bir əfsanədən istifadə edir. Əfsanədə deyilir ki, Avropanın iki qədim xalqı – vinillərlə vandallar arasında müharibəyə hazırlıq gedir. Freya və baş tanrı Odin (Vodan) bu müharibədə tərəf tuturlar; vinillər qələbə qazanmaq üçün Freyadan, vandallar isə Odindən kömək istəyirlər. Odinin qoyduğu şərtə görə kim meydana birinci çıxsa, qələbə onun olacaq. Freya vinillərin döyüşçü qadınlarına tapşırır ki, saçlarını çənələrinin altına yerləşdirib saqqala oxşatsınlar və beləcə meydana gəlsinlər. Nəticədə vinil qadınları Freyanın dedikləri kimi edib döyüşü udurlar.

Freyanın adı həftənin beşinci gününə verilib: İngiliscə Friday, almanca Freitag. Həmin gün onun günü sayılır.

German paqanizmində Baduhenna adlı qadın-tanrının adındakı „badu“ proto-german dilində „döyüş“ deməkdir, „henna“ isə german matriyonaları ilə əlaqəli bir sözdür.

Roman-Britaniya və german politeizmində Alaisiagae adlı qadın cinsində daha bir savaş tanrısı da var.

Bir çox Danimarka qəbilələrinin səcdə etdiyi torpaq ilahəsi Nertusun bir vəzifəsi də bir-biriylə düşmən olan qəbilələri barışdırmaq imiş.

Latviyalıların müharibə tanrısı qadın idi: Kare Mate.


Amerika yerlilərində savaş qadın-tanrısı

Amerikanın yerli xalqı azteklərin savaş tanrısı da qadın cinsindədir. Onu Siuakoatl (ilan-qadın) adlandırırdılar.

Siuakoatl
Siuakoatl

Azteklərə görə o, doğan qadınların, doğuş zamanı ölən qadınların (belə qadınlar döyüşdə ölən əsgərlərlə eyni tutulurdu) və mamaçaların himayəçisidir. Siuakoatl əlində kəllə, ya da nizə və qalxanla, ağzı açıq halda qurbanını gözləyirmiş kimi təqdim edilir. Bəzən də əlində süpürgə və məhsuldarlıq rəmzi kimi ilan tutur. Həm də torpaq tanrısı olan Siuakoatl eynilə türklərin tanrısı Humay kimi dövlətçiliklə əlaqəlidir. Onun adı yüksək dövlət titulu kimi istifadə edilirdi.

Havay mifologiyasında Pele – yanğın, ildırım, rəqs, vulkanlar və zorakılıq qadın-tanrısı idi.


Afrikada savaşın qadın tanrıları

Afrikada – Nigeriyada yoruba mifologiyasında Oya adlı savaş tanrısı var. O külək, şiddətli tufan, ölüm və dirçəliş tanrısıdır həm də. Yoruba dilində Oya „cırmaqlayan“, „parçalayan“ deməkdir. Maraqlıdır ki, Avropada protokeltlərin müharibə tanrısı Aqronanın adının mənası ilə Oyanın adının mənası eynidir.

Afrikada bərbər xalqının təsəvvüründə də savaş tanrısı qadın cinsindədir. Onu İfri adlandırırdılar.

(ardı var)

Ana səhifəMənim FikrimcəSavaşın qarğa-quzğunlu qadın-tanrıları (3-cü yazı)