Azərbaycan və Ermənistan arasındakı atəşkəs bəyanatı özündə nəyi ehtiva edir? Orada nə çatışmır? Bəs nə artıqdır? Bəli, məhz, artıq…
Məsələyə addım-addım kompleks baxış olmasa, "şimal küləyi"nin hansı boşluqdan gəldiyini görə bilməyəcəyik. Eyni zamanda perspektivdəki "siyasi sətəlcəm"dən xilas olmaq elə də asan olmayacaq.
Öncə diqqət edək ki, bəyanatda nələr vardı:
-
Azərbaycan işğal olunmuş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa kimi inzibati mərkəzləri, həmçinin Hadrut rayonunu və xeyli kənd yaşayış məskənlərini, habelə strateji yüksəklikləri işğaldan azad etdi. Sözügedən bəyanatda qoşunların tutduqları mövqelərdə yerdə qalacağı əksini tapıb.
-
1992-ci ilə kimi azərbaycanlıların yaşadığı Ağdam, Laçın və Kəlbəcərin qrafiklə geri verilməsi təsdiqlənib.
-
Məcburi köçkünlərin BMT-nin prinsiplərinə uyğun olaraq geri qayıtması razılaşdırılıb.
Bəyanatda nələr yoxdur?
Birincisi, Dağlıq Qarabağ inzibati vahidinin Azərbaycanın suveren ərazisi kimi Ermənistan tərəfindən tanınmasına dair heç bir bənd yoxdur. İkincisi, bu şərti coğrafi bölgədə hansı ölkənin qanunlarının işləyəcəyinə dair heç nə əks olunmayıb. Düzdür, statusa dair də heç nə yoxdur, amma böyük bir qeyri-müəyyənlik var. Azərbaycan tərəfi bu bəyanatı sülh sazişinə çevirərkən burada detalların ciddi şəkildə aydın işlənməsinə nail olmalıdır.
Sənəddə nə artıqdır?
Təbii ki, Rusiya qoşunlarının praktiki olaraq qeyri-müəyyən müddətə Azərbaycan ərazilərinə daxil olması faktı qəbuledilməzdir. Çünki bunun Azərbaycan üçün ehtimal olunan fəsadları ola bilər.
Rusiyanın istənilən provakasiyanı təşkil etməklə bu kontingenti böyütmək və bölgədə hərbi güc kimi fiziki genişlənməyə (böyüməyə) nail olmağa cəhd etməsi diqqətdən yayınmamalıdır. Bundan başqa, ölkənin daxili siyasətinə müdaxilələrdə aktivləşmək və siyasin qərarlara təsir etmək imkanı qazana bilər. Nəhayət, siyasi suverenlik üçün formalaşmış təhdidi hüquqi zəmində reallaşdırmaq cəhdi də mümkündür.
Bunun mexanizmləri nədir?
Azərbaycanı özü ilə birlikdə hansısa köhnə və ya yeni müqaviləyə cəlb edə bilər. Bunun forması o qədər də vacib olmasa da, məzmunca Azərbaycan yenidən Rusiyanın siyasi təsir dairəsinə düşə bilər. Əlbəttə, bu deyilənlər olmaya da bilər. Biz hazırda Türkiyənin də cəlb olunduğu atəşkəsə nəzarət mexanizmləri barədə fikirləri eşidirik. Bunu Ərdoğan və Putin arasındakı sonuncu telefon danışığı da təsdiqləyir. Bizim üçün burada Türkiyənin ən azı siyasi nəzarət balansı üçün rol oynaması önəmlidir. Bu Azərbaycanın bütövlükdə Kremlin təhdidlərindən qorunması deməkdir.
Qərb üçün yeni dövr…
Bu münaqişədə özünü bütün mənalarda adekvat aparmayan Avropa Birliyi (AB) oldu. Əvvəlki əksər sənədlərində Azərbaycanın ərazi bütövlüyünü tanıyan Avropa Birliyi nədənsə, özünü müharibədən qorxaq apardı.
Yeri gəlmişkən, bu təkcə Azərbaycana münasibətdə qorxaqlıq deyildi. Bu, sadəcə, müharibıdən qorxmaq idi. Bunu bizim gördüyümüz kimi Kremlin də gördüyünü təəssüflə deyə bilərik. Qərb Azərbaycanın ədalətli möqvqeyini dəstəkləmək əvəzinə siyasi cəhətdən yetkin olmayan Makronu qabağa verdi və nəticədə özünü tamamən prosesdən kənarda qoydu. Makron Paşinyanla çəkdirdiyi bir iki fotonun xətrinə AB-nin mühüm layihələrini Rus əsgərinin çəkmələri altına atdı. Bu isə sözün bütün mənalarında səbatsızlıq nümunəsi idi.
Və nəhayət…
Bu vəziyyətə sevinmək olarmı? Əlbəttə, biz şəhidlərin qanınln boşa axdığını deyə bilmərik. Xüsusilə, Şuşanın geri alınması bizim üçün mühüm hadisədir. Köçkünlər öz torpaqlarına qayıdacaqlar və ölkədə ictimai həyatının bütün sahələrində dirçəlmə olacaq. Cənub istiqamətindəki ciddi uğurlarımız hərb tarixi üçün və ölkəmizin gələcəyi üçün mühüm tarixi rol oynayacaq. Biz artıq savaşmağı bacarmayan xalq deyilik. Bunu ölkədə hamı bilir. Xainləri də tanıdıq. Bu isə gələcəyə yürümək üçün ciddi mayak olacaq.