Anası: “”Əgər söz azadlığıdırsa, mənim də balam söz deyib, şeir yazıb”
Lənkəranda yaşayan şair Tofiq Həsənli oktyabrın 13-də, axşam saat 21:00 radələrində Bakının Qala kəndində naməlum şəxslər tərəfindən oğurlanıb. Arqument.az-ın məlumatına görə, onun hara aparıldığı bəlli deyil.
Tofiq Həsənlinin dostları sosial şəbəkələrdə şairin anasının video müraciətini yayıblar. Anasının sözlərinə görə, oğlunu yazdığı şeirlərinə görə oğurlayıblar: “Əgər söz azadlığıdırsa, mənim də balam söz deyib, şeir yazıb. Bundan ötrü adamı tutarlar? Mənim balamı tutublar. Ayıb olsun onu tutanlara. Mənim balamın üstünə şər atırlar. Yalançının balası ölsün, əgər mənim balam o yoldadırsa. Mənim 82 yaşım var, iki dəfə infarkt keçirmişəm, gecə səhərə qədər Tofiq mənim qarovulumu çəkirdi. Xahiş edirəm, mənim balamı zalımların əlindən alın. Torpaqlarımızın 20 faizi ermənilərdədir. Ermənilərə gücləri çatmır, Tofiqə gücləri çatır. Tofiq el aşığıdır, nəyi görürsə, onu da deyir”.
Hələlik Tofiq Həsənlinin həbsi ilə bağlı rəsmi açıqlama yoxdur.