“Cəsarətli qərarlara ehtiyac var”
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel iyunun 1-də Azərbaycan və Ermənistan liderlərinin Kişinyovda müzakirə edəcəkləri məsələləri açıqlayıb.
Şarl Mişel Əliyevlə Paşinyan arasında münasibətlərin normallaşdırılması haqqında müzakirələrin davam etdirilməsini səbrsizliklə gözlədiyini qeyd edib.
Bu barədə diplomat “Twitter” hesabında yazıb.
Şarl Mişel bildirib ki, tərəflər arasında suverenliyə və ərazi bütövlüyünə hörmət qarşılıqlı şəkildə təsdiq edilməlidir:
“Həmçinin sərhəd rayonlarında riskləri azaltmaq üçün sərhədlərin delimitasiyası işində irəliləyiş əldə olunmalıdır”.
“Bakı və keçmiş DQMV-də yaşayan ermənilər arasında onların hüquqları və təhlükəsizliyi haqqında dialoq hazırda həlledici əhəmiyyətə malikdir. Maksimalist mövqelərdən uzaq durmaq və dialoq qurmağa çalışmaq vacibdir. 30 ildən çoxdur ki, davam edən münaqişədən sonra yaralar dərhal sağalmır. Cəsarətli qərarlara ehtiyac var”, – deyə Mişel əlavə edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 29-da demişdiki, Kişinyovda Azərbaycanla sülh müqaviləsinin imzalanmasını mümkün hesab etmir.
N.Paşinyanın sözlərinə görə, Vaşinqtonda təqdim etdiyikləri təkliflərə Azərbaycanın şərhlərini hələ almayıblar:
“Ona görə də hazırda imzalanması mümkün olan razılaşdırılmış layihə yoxdur”.
Ondan bir gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Laçın rayonunda bir sıra obyektlərin təməlqoyma mərasiminin açılışında Ermənistan hakimiyyətinə və Qarabağın erməni sakinlərinə şərtlərini açıqlamışdı.
İlham Əliyev sərhədlərin delimitasiyasının Azərbaycanın şərtləri əsasında gerçəkləşəcəyini demişdi.
Ölkə başçısının sözlərinə görə, son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq Bakının Qarabağla bağlı mövqeyilə tamamilə razılaşıblar:
“Bunu mən müxtəlif görüşlər əsnasında artıq görürəm. Yəni, nəyə görə razılaşıblar? Ona görə ki biz haqlıyıq və ona görə ki biz mövqeyimizdən kənara bir addım belə atmırıq. Ona görə bu gün nə müstəqillikdən, nə muxtariyyətdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır. Bizə gələn son mesajlar belədir ki, bəs orada dırnaqarası rəhbərliyin aqibəti necə olacaq? Onlara amnistiya düşürmü, düşmürmü? Mən isə deyirəm ki, buna baxmaq lazımdır”.
Mayın 14-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər.
Görüşdən sonra bəyanat yayan Şarl Mişel Brüssel danışıqlardan məmnun qaldığını ifadə edib.
Bəyanatda qeyd olunur ki, liderlər Cənubi Qafqazda sülhün bərqərar olmasına hazırlığı müzakirə ediblər.
“ABŞ-da sülh müqaviləsi ilə bağlı son müsbət danışıqlardan sonra Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qəti addımların atılması üçün səylər saxlanılmalıdır”, – Şarl Mişel deyib.
Münaqişənin qısa xronikası
Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.