Avropa İttifaqı Şurasının Prezidenti hər iki marşrutun eyni vaxtda açılmasını istəyir
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin təşviqində fəal iştirakını davam etdirir.
Bu haqda Avropa İttifaqı Şurası Prezidentinin mətbuat katibinin yaydığı bəyanatda bildirilir.
Sənəddə son həftələr Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar tərəfindən dəstəklənən birgə işbirliyinin Qarabağdakı ermənilərin humanitar vəziyyətinin həllinə prioritet istiqamət kimi yönəldildiyi qeyd olunur.
“Klaar və Mişelin komandası girişin açılması üçün həll yolu hazırlamaq məqsədilə Bakı, Yerevan və Qarabağ ermənilərinin nümayəndələri ilə tez-tez əlaqə saxlayırlar. Mövcud humanitar vəziyyət sürətlə pisləşir. Yerli əhalinin ehtiyaclarını ödəmək üçün tədbirlər görmək vacibdir”, – bəyanatda deyilir.
Bildirilir ki, 2023-cü il iyulun 15-də Brüsseldə Prezident İlham Əliyev, Aİ Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşdəki müzakirələrin nəticəsi olaraq Qarabağ bölgəsinə yüklərin müxtəlif marşrutlarla çatdırılması, Ağdam-Xankəndi yolunun açılmasına paralel olaraq Laçın yolundan istifadənin intensivləşməsi məsələləri razılaşdırılıb.
Mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Şarl Mişel Laçın dəhlizinin tam istifadəsini və Ağdam-Xankəndi yolunun açılması prosesini mərhələli həyata keçirməyi təklif edib.
“Aİ keçmiş razılaşmalara və Beynəlxalq Ədalət Məhkəməsinin qərarına uyğun olaraq, Laçın dəhlizinin açılmasına qətiyyətlə inanır və qeyd edir ki, Ağdam-Xankəndi yolundan istifadə də təcili və gündəlik əsas ehtiyaclarla bağlı təchizatın təmin edilməsi üçün konkret və davamlı həllin bir hissəsi ola bilər. Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi təmin edilməli, konkret üsullarla bağlı müzakirələr mümkün qədər tez başlamalıdır”, – bəyanatda deyilir.
Əlavə olunur ki, Bakı ilə Qarabağ erməniləri arasında inam və etimadı gücləndirmək üçün dialoqa ehtiyac var.
“Bakı ilə Yerevan arasında münasibətlərin regiondakı əhalinin rifahı naminə birdəfəlik normallaşmasını təmin etmək lazımdır. Bugünkü gərginlik fonunda indi cəsarətli kompromis həllərinin vaxtıdır”, – deyə bəyanatda qeyd olunur.
Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat katibinin bölgədəki vəziyyətlə bağlı bəyanatına münasibət bildirib.
Nazirlik qeyd edib ki, Ermənistan tərəfi 2023-cü il 15 iyul razılaşmasına əməl etməyib:
“Avqustun əvvəlində Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün təşkili ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, son anda erməni tərəfi bu görüşdən imtina etdi. İyulun 15-dən bugünədək Ermənistan və onun qondarma rejimi, sözügedən üçtərəfli görüş çərçivəsində razılaşdırılmış bu gündəliyin icrasına və irəli aparılmasına mane olmaqda davam edərək, bu istiqamətdə Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşların səylərini heçə endirir”.
Bildirilib ki, Azərbaycan Ermənistana iki ölkə tərəfindən bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında sülh təklif edib:
“Digər istiqamətdə isə Azərbaycan Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyasında qərarlıdır. Azərbaycan bütün bu istiqamətlərə sadiqliyini nümayiş etdirməklə yanaşı, Ermənistan tərəfinin davam edən hərbi-siyasi təxribatları kontekstində öz suverenliyini və ərazi bütövlüyünü BMT Nizamnaməsi və beynəlxalq hüququn digər universal sənədləri ilə təmin edilmiş bütün qanuni vasitələrlə müdafiə etmək hüququnu da özündə saxlayır”.
Qarabağda yaşayan ermənilər 2022-ci ilin dekabrından Laçın yolunun bağlı olmasına görə ərzaq çatışmazlığı ilə üzləşdiklərini bildirirlər.
Azərbaycan isə bunu təkzib edir, dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.
2023-cü ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.
Addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.
Ermənistan isə bu ittihamı qəbul etmir.
Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanata ziddir.
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.