Şarikov kompleksi

Orgiyadan sonrakı vəziyyət

Source:

Ay camaat, vallah bizim bu işlərin yanında  Halloween-zad qələt eləyər, başını daşa döyər. Əvvəl Aşura, sonra Jazz Festival, ortada interludiya kimi bir kon Vaqif Bəhmənli yoldaşla o Naxçıvanda büstü dağıdılmış məllim (Müsibəti-Mahmudov), o da bitməmiş bu “seçkilər”, vallah orgiyadı, tay nə istəyirsiz? Anan össün ay Jean Baudrillard, cavan getdin, bunları görmədin, yoxsa o nə əsər idi – “Şərin şəffaflığı” (

La Transparence du Mal

, 1990) – yazmışdın, hıy?

Uca xalqım, görün bu utanmaz kişi orda nə yazıbmış:

“Əgər mənə müasir durumu xarakterizə edəcək ad vermək lazım gəlsəydi, bunu yalnız orgiyadan sonrakı vəziyyət adlandırardım.”

Ta indi buna nə deyəsən? Ay yoldaş, orgiya hələ indi başlanıb, indi bütün camaat fikirləşir ki, görən Məzahir müəllim bu dəfə nağayrajax,  sən də gedib yatmısan Père Lachaise qəbirstanlığında, heş zad.

O gün də handan xəbər yayıldı ki, rabitə naziri Əli Abbasov yoldaş da adı dillər əzbəri olmuş Mahmudovun dalınca gedib. Sonradan bilindi ki, yox canım, fake xəbər imiş, amma camaat yazıq neynəsin, görür partapart məmur ovu gedir, düşür təkərə. Bircə saniyənin içində elə qatı açılmamış söhbətlər yayılır ki, hamı qalır mahattal. Yada lap sovet zamanının anektodu düşür. Deyir KGB rəhbəri Yuri Andropova fizika üzrə Nobel mükafatını verirlər, kişi işdə sübut edibmiş ki, səs (yəni xəbər-donos) işıqdan tez yayılır.

Elə bizim həyatımız da anekdota bənzəyir yoldaşlar, yenidənqurmanın əvvəlində uğursuz bir “Anekdot” filmi çəkilmişdi, onu demirəm. Doğrudur, o zaman çox uğurlu filmlər çəkildi, biri, ən parlağı məsələn, gürcü rejissoru Tengiz Abuladzenin 1984-cü ildə çəkdiyi “Tövbə” filmi idi. O zaman bu film çox böyük bir həyəcan və eyforiyaya səbəb olmuşdu. Sovet cəmiyyətinin tövbəyə, hətta daha çox, kommunizm üzərində bir Nürnbeq məhkəməsinə bərayi-ehtiyacı vardı. Lakin zaman göstərdi ki, bu mümkün deyilmiş, rejissorun arzuları elə arzu olaraq da qaldı. Nədənini isə bu yaxınlarda ədəbiyyat üzrə Nobel mükafatı almış belorus yazıçısı Svetlana Aleksieviç “Second-hand  zamanı” romanında  tam dəqiq təsnifatlandırıb:

“… çünki 70 il marksizm-leninizm labaratoriyalarında yetişdirilən homo sovetikus xüsusi insan tipidir, o yenidən tərbiyələndirməyə yararlı deyil və əsla islaholunmazdır.”

Yenidənqurmanın həqiqi filmi varsa, o da Vladimir Bortkonun 1988-ci ildə lentə aldığı “İt ürəyi” filmi idi. Həmin filmin baş qəhrəmanı Şarikov, görkəmli cərrah, professor Preobrajenskinin bir yazıq canlının, küçə iti Şarikin beyninə yerləşdirdiyi hipofiz sayəsində insan görkəmi alır, lakin tezliklə məlum olur ki, o öz keçmiş sahibi Klim Çuqunkinin reflekslərini təkrarlayır (yəni içir, kobudluq edir və s.). Bundan başqa o kommunist aktivisti Şvonderin təsiri altında özünü haqları alınmış proletar hesab edərək, elə öz yaradıcısı və himayəçisi olan professora və onun assistenti doktor Bormentala hücumlar edir, son nəhayətdə isə onlardan donos yazır.

Sovet diktaturasının yaradacağı insan tipini öncədən duymuş dahi yazıçının bu kəskin satirik pamflet-povesti hələ 1926-cı ildə yazılmasına baxmayaraq, sovetlərdə yalnız 1987-ci ildə dərc edilmiş, üstündən cəmi bir il keçmiş bu mövzuda film çəkilmişdi. Bəlkə də bədii ədəbiyyatın ekranlaşmasında yeganə bir nüsxədir ki, film hətta romanın özündən də uğurlu alınıb. Və təəssüf ki, bu film yalnız parlaq sənət əsəri olaraq qalmadı. Zamanla bütün böyük ümidlərin məhv olduğu postsovet məkanı insanı haqda manifestasiyaya çevrildi.

Beləcə Şarikov bütün postsovet məkanının baş qəhrəmanına çevrildi.

Hazırda bütün ətrafımız Şarikovlarla doludur, xanımlar və cənablar.  İstənilən sahəyə nəzər salın – siyasət, incəsənət, təhsil, tibb, xüsusi sidmət, generalitet, diplomatlar, nazirlər, xalq yazıçıları, artistlər, müəllimlər, təlxəklər, AzTV, MTN, meyxanaçılar, polis, müğənnilər, ziyalılar, “media kapitanları”, “qalvvraç”lar, qəssablar, “inkvizitor”lar və s. – hər yerdə Şarikovları görəcəksiniz.

Şarikov artıq çox dərin bir arxetipik obrazımızdır, hətta əzəldən bu obrazda olmayanlar belə istər-istəməz bu obraza girməlidirlər. Bu mənada cəmiyyətdə bir Şarikov kompleksi də mövcuddur. Yəni hətta bu obraza girmək istəməyən insanın fiziki, psixi və sosial individuallığının ətraf insanlarla münasibətdə doğurduğu sosial disharmoniya ilə əlaqəli problem vardır.

Bizim Şarikov kompleksi, cəmiyyətdə çıxılmaz bir zərurət içində qəbul edilməsi məcburiyyət olan bir obrazın qəbuludur. Qısası, hamımız Şarikov olmalıyıq, deməyin ki, mən fərqliyəm!

Ana səhifəMənim FikrimcəŞarikov kompleksi