Saray qəsəbəsindəyik. Qəsəbə camaatının qayğıları saymaqla bitmir. Bildirirlər ki, qəsəbədə qazın təzyiqi çox aşağıdır. Bu səbəbdən ailə büdcələrindən qaz balonlarına da pul ayırmaq məcburiyyətində qalırlar.
“Camaatın dilində gəzir ki, erməni kilsələrinə qaz verirlər, azərbaycanlılara qaz yoxdur, çatmır. Niyə? Pulumuzu veririk, qazımızı ver. Pulsuz qaz istəmirik ki, biz. Bu dəqiqə uşaqlarım, nəvələrim acdır. Gələcəkdə mənə “əsgər göndər” deyəndə, deyəcəm, keçmişdə qaz verdin ki, mən də əsgər yollayım?”
“Qaz balonlarını doldururuq. O da 2-3 günə boşalır”.
“Biz sayğacla qaz alırıq, pul veririk. Amma ömürboyu qaz görmürük. Tezdən də keçirirlər, çaydanmız üstdə qalır. Bir də axşam verirlər qazı. Nə edək indi? Çıxaq nümayişlərə? Bizim küçələrə çıxan vaxtımızdır? Çıxacağıq axırda, boğaza yığdılar bizi”.
Nümayiş demişkən, sakinlər problemlərindən ötrü ötən həftə etiraz aksiyası keçirmişdilər. Qəsəbə marşrutlarının Sumqayıta girməsinə qadağan olunduğuna etiraz edirdilər.
Aksiyadan sonra marşrutlar xəttə buraxılsa da, deyirlər ki, qalan məsələlər həllini tapmadı.
“Camaatın başını yağladılar, piylədilər, çıxıb getdilər. Aksiyada qaz problemi də danışılıb. Bəs indi niyə qaz yoxdur?”
Əhali “qəsəbə içində salamat yol tapmazsan”,- deyir. Səki olmadığından qəsəbə sakinlərinin, xüsusilə uşaqların da həyatı təhlükədədir.
“Prezident deyib ki, Bakı və Bakıətrafı qəsəbələr abadlaşdırılsın. Şəkililər demiş, sənin gözünü yeyim, bu əmri vermisən, intəhası maraqlanmaq da lazımdır. Bir adam göndər, gör bunlar nə etdilər? Bir iş görüblər? Heç olmasa 50 küçədən 15-ni asfaltlayıblar? Bunlar yoxdur”.
2014-2018-ci illərin Dövlət Proqramında şəhərdaхili və qəsəbədaxili yolların asfaltlaşdırılması, qəsəbənin qazlaşdırılması göstərilib. Saray Bələdiyyəsinin sədr müavini Məhi Həsənov deyir ki, hazırda bələdiyyənin vəsaiti yoxdur.
Abşeron Rayon İcra Hakimiyyəti isə suallarımızı cavabsız qoydu.