Martın 19-da Tiflisdə intim götüntüləri ilə şantaj olunan Gürcüstanlı siyasətçilərə və jurnalistə dəstək aksiyası keçirilib. Aksiyanı Tiflisdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları təşkil edib. Bu barədə Meydan TV-tə aksiya təşkilatçıları məlumat veriblər.
Etirazçılar Tiflisin mərkəzində, Rustavelli prospektində yürüş keçiriblər.
Bütövlükdə Gürcüstan cəmiyyətinə ünvanlanan “Bunun sənə də aidiyyəti var”adlı aksiyanın Gürcüstanın bölgələrində – Qori, Telavi, Zuqdudi, Batumi və Kutaisi şəhərlərində də keçirilməsi planlaşdırılıb. Etirazçılar şəxsi həyatı əks etdirən görüntüləri çəkən və yayan şəxslərin cəzalandırılmasını tələb ediblər.
Martın 11-də “Youtube”- da müxalif Azad Demokratlar partiyasından olan qadın siyasətçinin intim həyatını əks etdirən videogörüntülər yayılıb. Martın 14-də isə sosial şəbəkələrdə hakim partiyanı təmsil edən iki, müxalifəti təmsil edən bir siyasətçinin və bir jurnalistin sex videolarının yayılacağını əks etdirən hədə xarakterli videolar yerləşdirilib.
Partiyalar şantaj olunan üzvlərinin kimliyini açıqlamayıb. Şantaj olunan jurnalist isə tanınmış teleaparıcı İnqa Qriqoliadır.
“Youtube”-a yerləşdirilən videoları bloklamaq mümkün olub.
Şantaj videoları ilə bağlı Gürcüstanın hökümət rəsmiləri də mövqelərini açıqlayıblar.
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili jurnalistlərə açıqlamasında deyib ki, seks ayıb bir iş deyil: “Mənim zəngin seks həyatım olub, var və olacaq da”.
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili isə bildirib ki, bu videolar bütövlükdə cəmiyyətin şantaj olunması deməkdir.
2013-cü ildə vətəndaş cəmiyyəti üzvlərinin tələbi ilə müxalifət fəallarının şəxsi həyatını əks etdirən 181 saatlıq videogörüntü məhv edilmişdi. Bununla belə, şantaj videoları üzə çıxmaqda davam edir. Onların sabiq prezident Saakaşvilinin hakimiyyəti dövründə çəkildiyi bildirilir.
Videogoruntülər bu il Gürcüstanda keçiriləcək parlament seçkilərinə hazırlıq ərəfəsində yayılıb.