Sankt-Peterburq Məhkəməsi Leninqradın mühasirəyə alınmasını soyqırımı kimi tanıyıb

Sankt-Peterburq Məhkəməsi. Mənbə: “rapsinews.ru”

Şəhərə və onun sakinlərinə dəymiş ziyanın məbləği müasir Rusiya valyutası ilə ifadədə 35 trilyon rublu ötüb”

Oktyabrın 20-də Sankt-Peterburq Şəhər Məhkəməsi 1941-1944-cü illərdə nasist Almaniyası qoşunları tərəfindən Leninqradın mühasirəyə alınmasını soyqırımı kimi tanıyıb.

Məhkəmə qərarında alman qoşunlarının əlaltıları dedikdə, Belçika, İtaliya, İspaniya, Hollandiya, Norveç və Finlandiya ərazisində yaradılmış silahlı birləşmələr, habelə avstriyalılar, latviyalılar, polyaklardan olan ayrı-ayrı könüllülərin nəzərdə tutulduğu vurğulanıb.

Bu iddianı şəhər prokuroru Viktor Melnik sentyabrın 8-də, Leninqradın tam mühasirəyə almasının 81-ci ildönümündə qaldırıb. İş materialları məxfi sənədlər, foto və video materiallar da daxil olmaqla 59 cild təşkil edib.

Bildirilir ki, məhkəmədə mühasirəyə alınmış şəhərin dörd sakini, habelə müxtəlif elm, təhsil və muzey təşkilatlarından, o cümlədən Rusiya Elmlər Akademiyasının Rusiya Tarixi İnstitutundan, Dövlət Memorial Muzeyindən 12 mütəxəssis iştirak edib.

Prokurorluğun məlumatına görə, mühasirə qurbanlarının ümumi sayı ən azı 1 milyon 93 min 842 nəfər təşkil edib:

“Şəhərə və onun sakinlərinə dəymiş ziyanın məbləği müasir Rusiya valyutası ilə ifadədə 35 trilyon rublu ötüb”.

Sankt-Peterburq (keçmiş Leninqrad) 1941-ci il sentyabrın 8-dən 1944-cü il yanvarın 27-dək 872 gün faşist Almaniyasının mühasirəsində olub.

Ana səhifəDünyaSankt-Peterburq Məhkəməsi Leninqradın mühasirəyə alınmasını soyqırımı kimi tanıyıb