Sanksiya Qarabağla bağlı danışıqlarda görəvləndirilmiş şəxslərə aid deyil

Azərbaycanda olan özəl biznes qurumlarına, fərdi sahibkarlara, qeyri-hökumət təşkilatlarına bu qadağalar tətbiq olunmayacaq

Source:

Azərbaycanda olan özəl biznes qurumlarına, fərdi sahibkarlara, qeyri-hökumət təşkilatlarına bu qadağalar tətbiq olunmayacaq

ABŞ Konqresi Azərbaycan rəsmilərinə qarşı fərdi sanksiyaların tətbiqinin müzakirəsinə başlayıb. Artıq Azərbaycanın Milli Məclisində də məsələ müzakirə olunub. Sanksiyaların konkret kimlərə tətbiq olunacağını ReAl Hərəkatının İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirli öz facebook səhifəsində ətraflı yazıb. Meydan TV həmin mətni  dərc edir:

“Çox ciddi məsələdir. Konqressin müzakirəsinə çıxarılan layihənin qısa məzmunu:

Sanksiyaların ünvanı:

Prezident, Baş Nazir, Baş Nazirin müavinləri, nazirlər, dövlət komitələrinin rəhbərləri, dövlət şirkətlərinin rəhbərləri, icra başçıları, Prezident Administrasiyasının işçiləri, təhlükəsizlik, hüquq-mühafizə və məhkəmə orqanlarının işçiləri. Üstəlik, son üçünü (təhlükəsizlik, hüquq-mühafizə və məhkəmə işçilərini) çıxmaq şərtilə, bu siyahıda olanların birbaşa ailə üzvləri.

İstisna: Dağlıq Qarabağ məsələsilə bağlı danışıqlarda iştirak üçün görəvləndirilmiş rəsmilər. Buradan anlaşılır ki, Xarici İşlər Nazirliyinin rəsmiləri, beynəlxalq təşkilatlarda və xarici ölkələrdə diplomatlarımız, eləcə də Prezident Administrasiyasının xarici əlaqələr (beynəlxalq münasibətlər) sahəsində çalışanlar sanksiyalara məruz qalmayacaqlar.

Sanksiyaların məzmunu:

ABŞ-a viza qadağası, o cümlədən artıq verilmiş vizaların ləğvi. ABŞ-da yerləşən, o cümlədən ABŞ-ın istənilən (fiziki və ya hüquqi) şəxsinə aid olan mülkiyyətin və mülkiyyət hüquqlarının bloklanması, o cümlədən bloklanmış mülkiyyətlə və mülkiyyət hüquqlarıyla bağlı bütün bank əməliyyatlarının və biznes əlaqələrinin qadağası. Üstəlik, Azərbaycan hökumətinə, eləcə də dövlət şirkətlərinə, kreditlərin və qrantların verilməməsi, verilməsi başlanımış olanların isə dayandırılması. Bu qadağalar sanksiyaların ünvanı olan şəxslərlə əlaqədə çalışan bütün başqa şəxslərin mülkiyyətinə və mülkiyyət hüquqlarına aid olunacaq.

İstisna:

Azərbaycanda olan özəl biznes qurumlarına, fərdi sahibkarlara, qeyri-hökumət təşkilatlarına bu qadağalar tətbiq olunmayacaq. Azərbaycan hökumətinə və dövlət şirkətlərinə verilməsi qadağan olunmamış kredit, qrant və başqa yardımlar ancaq bu sahələrə aid oluna biləcək: humanitar məsələlər, kənd təsərrüfatı və səhiyyə.

Sanskiyaların əsaslandırılması:

Siyasi məhbuslar, media və müxalifətə qarşı hər cür siyasi təqib və basqılar, seçki saxtakarlığı və insan haqlarının kobud və sistematik pozulması, korrupsiya, demokratik təsisatların inkişafını və Azərbaycanın demokratik keçidini əngəlləyən başqa tədbirlər. Sanksiyaların tətbiqi üçün rəsmilərin bu işlərdə əli olmalıdır.

Sanksiyaların ləğvi üçün əsaslar:

Siyasi məhbusların buraxılması, media, müxalifət, qeyri-hökumət təşkilatlarına, eləcə də müstəqil gənclər və dini qruplara qarşı bütün basqıların dayandırılması, azad, ədalətli və açıq (şəffaf) seçkilərin keçirilməsi, həmçinin hüququn üstünlüyünə yönəlmiş mütərəqqi addımlar.

Sanksiyaların tətbiqində beynəlxalq əməkdaşlıq:

ABŞ Konqresi ABŞ Prezidentinə tapşırır ki, bu sənəddə yazılmış sanksiyaların tətbiqilə bağlı Avropa ölkələrilə birlikdə çoxtərəfli və əhatəli strategiya hazırlasın və Avropa ölkələrinin bu işdə dəstəyinə nail olsun.

Hesabatlılıq:

ABŞ Prezidenti bu sənədin qüvvəyə minməsindən sonra ən azı 90 gün ərzində və ondan sonra ildə bir dəfədən az olmamaq şərtilə Konqresin müvafiq komitələrinə artıq görülmüş və növbəti 12 ay ərzində görüləsi işlər haqqında yazılı hesabat verməlidir. Hesabat, bir qayda olaraq, açıq olmalıdır, amma onun qapalı bölümləri də ola bilər. Hesabatda Azərbaycan hökumətinin internetdə və başqa elektronik vasitələrdə tətbiq olunan izləmə, dinləmə və senzura tədbirlərilə bağlı xarici ölkələrin hökumətləri və təşkilatlarıyla müvafiq texnologiyaların və təcrübələrin alınması üçün apardığı danışıqların və başqa əməkdaşlıq formalarının durumuna dair məlumat olmalıdır”.

Ana səhifəXəbərlərSanksiya Qarabağla bağlı danışıqlarda görəvləndirilmiş şəxslərə aid deyil