Sakinlər deyir, 4 il əvvəl ayrılmış milyonlarla manatdan bu yola 1 qəpik də xərclənməyib
“Kəndimizin əsas yolu hesab olunan bu yol yagışdan sonra keçilməz nohura, gölməçələrə çevrilir”.
Göygölün Çaykənd kəndinin sakinləri Meydan TV-yə kənd yollarının hazırkı durumundan gileylənirlər. Çaykəndlilər hər gün bu yollarla yerimək məcburiyyətindədilər.
Yolların təmirinə 4,9 manat ayrılmışdı
2014-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə Prezindetin Ehtiyat Fondundan Göygöl rayonunda yol tikintisinə 4,9 milyon manat ayrılıb. Sakinlər iddia edir ki, həmin pulla bu yol da təmir olunmalıymış. Kənd sakini Arzu Fətullayeva deyir, sərəncamdan sonra kəndə gələn məmurlar onları ümidləndiriblər:
“O vaxt icra hakimiyyətindən gəldilər, dedilər, gözünüz aydın, prezidentimiz pul da ayırdı. Yaxın vaxtlarda yollar şüşə kimi olacaq, canınız palçıqdan qurtaracaq. 4 il keçir, buyurun, bu da yollarımız… Köhnə hamam, köhnə tas…”
Turizm bölgəsi olan Göygöldəki bu kəndin yollarından da tez-tez xarici və yerli turistlər keçib gedir. Sakinlər dəfələrlə Göygöl Rayon İcra Hakimiyyətinin başçısına, kəndin bələdiyyə sədrinə rəsmi və şifahi müraciətlər ediblər. Ancaq 3 min civarında əhalisi olan kəndin yol problemi həll olunmayıb.
Çoxlu problem çoxlu yeyinti deməkdir
Kənd sakini Əsgər Abıyev:
“Biz müraciət etdikcə, hər şey əksinə olur. Məmurlar problemin üstünə birini də əlavə edirlər. Çünki onlar bizə nə qədər süni problemlər yaratsalar, bir o qədər də büdcəni talayıb, var-dövlətlərinin üstünə dövlət toplamış olurlar. Yazın ki, kənd sakinləri bu yollarından cana doyub. Məktəbə, bağçaya gedib-gəlmək üçün uşaqlar bir o başa ayaqlarına “klyonka” bağlayır, bir də geri qayıdanda… Yazıq deyilmi bu uşaqlar? Bu yollarla maşın da sürmək olmur, bir dəfə çuxura düşdün, motor dağıldı, aparıb atırsan həyətə. Kasıbda pul hardan hər dəqiqə aparıb motor yığdıra?”
Sakin deyir, rayonda quruculuq, abadlıq işlərinin görülməsi üçün dəfələrlə pul ayrılıb, ancaq məsələn, onların kəndinə o puldan bir qəpik də xərclənməyib:
“Bu yol aparıb rayona çıxarır, ancaq baxın, nə gündədir. Halbuki, demişdilər, guya rayonla kəndləri birləşdirən yollar tezliklə düzələcək. Hamısı nağıldır. Kənd camaatı sosial problemlərini kimə desinlər? Hansı məmur ağıllarına gəlirsə, məlum olur ki, o məmurun başı özünə güzəran qurmağa çalışıb, kəndlinin dərdinə qalası vaxtı yoxdur. Sanki hardansa göstəriş gəlib ki, sıxın bu kəndlini, canı çıxsın”.
Təmir işləri davam etdirilir
Kənd sakinlərinin daha bir şikayəti ondandır ki, yolların təmiri xahişi ilə yerli icra hakimiyyətinə gedəndə, qapıdan qovulurlar.
Göygöl Rayon İcra Hakimiyyətindənsə bildirilib ki, 2014-cü ildə prezidentin sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış 4,9 milyon manat rayonunun Yeni
Zod-Çaykənd-Qarabulaq-Quşçu-Sarısu avtomobil yolunun tikintisi üçün nəzərdə tutulub:
“Həmin yollarda təmir-tikinti işləri görülüb. “Azəravtoyol” ASC Göygölün çıxışı tərəfdən Çaykənd kəndi istiqamətindəki əsas yolu da əsaslı təmir edib, işlər davam etdirilir. Kənd və qəsəbələrarası yolların təmiri də diqqətdədir”.
Çaykəndlilərə “şüşə kimi yollardan” keçmək üçün növbə gözləmək qalır.