Sanitar qovşaqda zəncirlənmiş qıza görə saxlanılan var

“Ruslan Rzayev şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb olunub”, – prokurorluqdan bildirilib.

Source: MeydanTV


Gəncin anası ilə bağlı da araşdırma aparılır

Bərdə şəhərindəki yataqxanada ümumi istifadədə olan sanitar qovşaqda 18 yaşlı Ə.Yusifzadənin zəncirlənməsiylə əlaqədar tutulan var. Meydan TV-nin əldə etdiyi məlumata görə, qızın anası Şəlalə İsmayılovanın tanışı Ruslan Rzayev bu cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. Şəlalə İsmayılovanın özü ilə bağlı da istintaq araşdırmaları aparılır. O da prokurorluqda dindirilib.

Ruslan Rzayevin tutulması xəbərini Baş Prokurorluğun mətbuat xidməti də Meydan TV-yə təsdiqləyib.

“Aparılmış araşdırmalarla Ruslan Rzayevin Əfsanə Yusifzadəni ayağından sanitar qovşaqda zəncirlə dəmir boruya bağlayaraq, qəsdən azadlığını məhdudlaşdırılması və sağlamlığına müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Ruslan Rzayev şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb olunub”, – prokurorluqdan bildirilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.3 (qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Bu maddədə 3 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Gəncin sanitar qovşaqda zəncirlənməsi ilə bağlı məlumat iyulun 23-də

yayılmışdı

. Prokurorluğun ilkin məlumatında qızın azyaşlı olduğu qeyd edilirdi. Araşdırma zamanı onun 18 yaşı olduğu bəlli olub və kimliyi ictimailəşdirilib.

Ana səhifəSosialSanitar qovşaqda zəncirlənmiş qıza görə saxlanılan var