Partiya sədri deyir ki, qarşılıqlı etimad olmazsa, danışıqların heç bir mənası olmaz
“Dağlıq Qarabağ”ın “Vahid Vətən” Partiyasının rəhbəri, Təhlükəsizlik Şurasının keçmiş katibi Samvel Babayan Xankəndi və Bakı arasında birbaşa danışıqları dəstəklədiyini bildirib.
Babayan hesab edir ki, birbaşa danışıqlar qarşılıqlı etimadın yaranması üçün vacibdir.
Bu barədə S.Babayan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində danışıb.
O, qarşılıqlı etimaddan sonra ikinci mərhələyə – status və digər qalan məsələlərə keçidi mümkün sayıb.
“Qarşılıqlı etimad yoxdursa, danışıqların heç bir mənası olmaz. Sizi inandırıram ki, biz 30 il danışıqlar apardıq və heç nəyə nail olmadıq. Daha 30 il danışıqlar aparsaq da, heç nəyə nail olmayacağıq. Azərbaycan nə qədər Rusiyanı buradan mümkün qədər tez çıxarmağa çalışsa da, – Bakının məqsədi budur – qarşılıqlı etimad olmazsa, sülhə nail olmayacaq”, – deyə Babayan əlavə edib.
Babayanın sözlərinə görə, Bakının məqsədi dərhal ikitərəfli münasibət qurmaqdır:
“Mən “Arsaxın” ikinci siyasi qüvvəsi olaraq buna etiraz etmirəm. Amma ilk növbədə hansı maddələr üzrə danışıqlar aparacağımıza dair sənəd hazırlamalıyıq, sonra digər məsələlərə keçməliyik. Düşünürəm ki, onların bütün addımları birbaşa danışıqlar prosesinə nail olmağa yönəlib”.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçına səfəri zamanı Qarabağda özlərini müstəqil respublika elan edən erməni sakinlərə hansı hallarda güzəştlərin ola biləcəyindən danışıb.
Dövlət başçısı özünü respublika adlandıran Qarabağ rejimini təslim olmağa çağırıb.
O bildirib ki, əks halda Azərbaycanın bölgədə istənilən əməliyyatı keçirməyə imkanı var:
“Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.
Samvel Babayan 1965-ci ildə Xankəndində doğulub.
1988-ci ildə Ermənistanın Azərbaycan iddiaları ilə başlayan “Miatsum” hərəkatının üzvlərindən olub.
1991-ci ilin iyununda SSRİ Daxili Qoşunlarının Azərbaycan polisi ilə birgə keçirdiyi əməliyyat zamanı həbs edilib və 6 ay Bakıda saxlanılıb.
Sonra sərbəst buraxılıb.
S.Babayan 1993-cü ilin aprelindən 1993-cü ilin noyabrınadək – DQR Özünümüdafiə Komitəsinin sədri vəzifəsini icra edib.
O, 1994-cü ilin mayında “DQ” adından Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında müqaviləni imzalayıb.
S.Babayan 2001-ci ildə “Dağlıq Qarabağ”ın prezidenti Arkadi Qukasyanın həyatına sui-qəsdə görə 14 il müddətinə azadlıqdan məhrum edilib, ancaq 4,5 ildən sonra əfv olunub.
2017-ci ildə “çirkli pullar”ın yuyulmasına görə 6 il müddətinə azadlıqdan məhrum edilsə də, 1 il sonra azad olunub.
2020-ci ildə II Qarabağ müharibəsində barışıq bağlamaq qərarı ilə razılaşmayaraq vəzifəsini tərk edib.
2021-ci ildə Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürsə də, uğur qazana bilməyib.