Samuxlu sürücülər yol polislərindən narazıdır

Dövlət Yol Polisi. Foto: DİN

DİN isə şikayətləriı əsassız hesab edir

Samux sakini Hüseyn Qurbanov Meydan TV-yə danışır ki, təxminən iki ay əvvəl Samux rayon Polis Şöbsinin Dövlət Yol Polisi Bölməsinin yol polisi onun maşınını saxlayıb. O da polisdən yol hərəkəti qaydasını pozmadığı halda maşını saxlamağının səbəbini izah etməsini istəyib:

“Özünü təqdim etməsini istədim, etmədi. Dedim, yaxşı, özünü təqdim etmirsən, heç olmasa de görüm, qayda pozmadığım halda məni niyə saxlamısan? O da acığa düşdü, mənimlə kobud davrandı, atamın, digər ailə üzvlərinin yanında qışqırdı ki, səndən şübhələnirəm, gah dedi, narkomana oxşayırsan, gah dedi, içkilisən, özündə deyilsən, mənimlə getməlisən. Bir sözlə, məni ailəmin yanında aşağılayacaq hər sözü dedi”.

“Hər şeyi nazirə danışdım”

Sürücünün sözlərinə görə, yol polisi ona 400 manat cərimə yazıb. Deyir, daxili işlər naziri Vilayət Eyvazovun qəbulunda da olub:

“Hər şeyi olduğu kimi nazirə danışdım. Samuxun polis rəisini çağırdı, dedi, bir ərizə yaz ki, ödəməyə imkanım yoxdur, narahat olma, cərimən silinəcək. Mən də dediyini etdim. Bir ay keçib, cərimə şişə-şişə gedir. Cəriməm var, sənədlərim əlimdən alınıb deyə, maşınımı texniki baxışdan da keçirə bilmirəm”.

Hüseyn Qurbanov. Foto: Meydan TV

“Cərimə günbəgün şişir”

Sürücü deyir, oktyabrın 12-də Baş prokuror Kamran Əliyev Gəncədə vətəndaşların qəbulunu keçirəndə o da getmək istəyib, getməməyinin səbəbindən danışır:

“Samux DYP-yə getdim, dedim, ya mənə bir söz deyin, ya da gedim, dərdimi daha yuxarılara deyim. Heç bir təqsirim olmadan sənədlərimi alıb qoymusunuz siyirtmənizə, məndən də tələb edirsiz ki, get, cəriməni ödə, cərimə də günbəgün şişir. Dedilər, sən generalın qəbulunda olmusan, Baş prokurorun qəbuluna getməyinə ehtiyac yoxdur, məsələ həll olunacaq. Ancaq hələ də gözləyirəm. Heç bir qayda pozuntusu etmədiyim halda niyə ödəməliyəm axı o cəriməni? Üstəlik də, kasıb adamam, ailəmi taksi sürməklə dolandırıram”.

“Dedi, nə analiz, nə müayinə, get 300 manat gətir”

Samuxun yol polisindən daha bir şikayətçi isə rayon sakini Ramin Xəlilovdur. Şikayətçi danışır ki, oktyabrın 1-də səhər saatlarında yol polisləri idarə etdiyi maşını saxlayıb:

“Samux Rayon Polis Şöbəsinin yaxınlığında yol polisi “maşını saxla” əmri verdi. Saxladım, düşüb yaxınlaşdım, dedi, otur arxada. Soruşdu ki, içkilisən, dedim yox, dedi, dünən içmisən. Dedi alkotest elə, bir-birinə baxıb gülüşdülər. Dedilər, sən sərxoşsan, gəl gedək, içəridə yoluna qoyaq məsələni. Dedim, nə məsələ, nə yoluna qoymaq, mən içkili filan deyiləm. Qapını bağladılar, düşməyə imkan vermədilər, dedilər, PPX çağırarıq. Sonra da rəis müavini Azər müəllimə zəng vurdular, o da dedi, gətirin, məsələni burda yoluna qoyaq. Getdik, şöbəyə çatanda yaxın qohumuma zəng vurdum, gəldi, maşınımdakı ət məhsullarını onun maşınına yığdıq. Maşını sənədləriylə təhvil verdim polisə”.

Ramin Xəlilov. Foto: Meydan TV

Sürücünün sözlərinə görə, şöbədə olarkən qan analizi müayinəsi tələb edib:

“Tələb etdim ki, həkim gəlsin, qan analizi götürsün, içkili olub-olmadığımı yoxlansın. Azər müəllim dedi, nə həkim, nə analiz, dur, get, 300 manat gətir, sənədlərini qaytaraq. Dedim, sənə 300 manat verincə, cəriməsi 400 manatdır, elə aparıb dövlətə cərimə ödəyərəm. Maşınımı özümə qaytarsalar da, sənədlərim onlarda qaldı”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Meydan TV-yə bildirib ki, hər iki vətəndaşın dedikləri məsuliyyətdən yayınmaq məqsədi güdür:

“Hüseyn Qurbanov rayon ərazisində qayda pozuntusu edib, saxlanılarkən narkotik vasitənin təsiri altında olub. Alkotesterdən keçirilib, barəsində protokol tərtib olunub. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsiylə məsuliyyətə cəlb edilib. Test vermək üçün regional narkoloji dispanserə dəvət olunsa da, imtina edib. Vətəndaş cənab nazirin qəbulunda olanda nazir göstəriş verib ki, məsələ təkrar araşdırılsın. Hətta Daxili İşlər Nazirliyində də araşdırlıb, ancaq deyilənlər təsdiqini tapmayıb”.

Digər vətəndaş Ramin Xəlilova gəlincə, DİN sözçüsü deyib ki, Ramin Xəlilov saxlanılarkən spirtli içkinin təsiri altında olub. Polis şöbəsinə gətirilib, barəsində protokol tərtib olunub. Həmin şəxsin avtomobili iltizamla yaxın qohumuna verilib, özünə isə cərimə yazılıb.

Ana səhifəBölgəSamuxlu sürücülər yol polislərindən narazıdır