Alı Qocayevi Firdovsi Əliyev əvəzləyəcək
Alı Qocayev Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bu barədə oktyabrın 25-də Prezident İlham Əliyev sərəncam imzalayıb.
Ölkə başçısının digər sərəncamıyla Firdovsi Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
YAP üzvü Alı Qocayev 2012-ci ildə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdu.
Alı Qocayev Milli Məclisinin sabiq spikeri Oqtay Əsədovla qudadır.
Yeni icra başçısı Firdovsi Əliyev 1961-ci ildə Lerik rayonunun Monidigah kəndində doğulub.
1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya, 2000-ci ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
F.Əliyev 1995–2000-ci illərdə Milli Məclisin deputatı olub.
O, 2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.
F.Əliyev 2004-cü ildən bu ilin martına qədər Ekologiya və Təbii Sərvətlər nazirinin müavini olub.
2021-ci ildə Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.