Oğurluqda ittiham edilən şəxs başqa maddə ilə həbs olunub
Gəncə şəhərində 2021-ci ildə baş vermiş oğurluq hadisəsinə görə bu il 2 nəfər həbs edilib.
Sosial şəbəkələrdə şampun oğurluğu ilə bağlı video yayılıb.
Hadisənin Gəncə şəhərində baş verdiyi deyilir.
Şampun oğurladığı iddia edilən şəxs mağaza işçiləri tərəfindən döyülür.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru Eşqin Qasımov Meydan TV-yə deyib ki, video yayılandan sonra dərhal araşdırmalara başlanıb və hadisənin 2021-ci ildə baş verdiyi məlum olub.
Onun sözlərinə görə, Gəncə sakini Əli Qasımov şəhər ərazisindəki mağazalardan birindən oğurluq etdiyi üçün mağaza sahibi Şöhrət Cəfərov və tanışı Zabit Əliyev tərəfindən döyülərək ondan pul tələb edilib.
“Həmin şəxslər saxlanılıb, barələrində Cinayət Məcəlləsinin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Əli Qasımov isə bu ilin aprelində qanunsuz olaraq narkotik vasitə satmaqda şübhəli bilindiyinə görə həbs olunub”, – deyə o bildirib.