Samir Şərifov: İlin sonunda iqtisadiyyatda 2,8 faiz geriləmə olacaq

”Makroiqtisadi sabitlik əsas hədəf kimi qoyulub və büdcə yığcamlaşdırılması davam etdirələcək”

Foto: Meydan TV
Samir Şərifov
Samir Şərifov


”Makroiqtisadi sabitlik əsas hədəf kimi qoyulub və büdcə yığcamlaşdırılması davam etdirələcək”

2017-ci il üçün dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon manat nəzərdə tutulur. Bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 867 milyon manat və ya 5,2 faiz azdır.

“Azərtac”-ın məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov noyabrın 30-da Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq, təbii ehtiyatlar, energetika və ekologiya, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, aqrar siyasət, ictimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında məlumat verib.

Samir Şərifov deyib: “Gələn il üçün neft sektorundan gəlirlər üzrə proqnozların azalması fonunda dövlət büdcəsi gəlirlərinin 8 milyard 100 milyon manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. Növbəti ildə Vergilər Nazirliyi hesabına 7 milyard 210 milyon manat daxilolma proqnozlaşdırılır. Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 2 milyard 200 milyon manat daxil olacaq”.

Nazir deyib ki, cari ilin sonuna Azərbaycanda ÜDM-in həcmi 58,8 mlrd. manat səviyyəsində gözlənilir ki, bu da ölkədə 2,8% resessiyaya (geriləmə) olacağından xəbər verir.

“Report”-un xəbərinə görə, Samir Şərifov bildirib ki, makroiqtisadi sabitlik əsas hədəf kimi qoyulub və büdcə yığcamlaşdırılması davam etdirələcək.

Onun sözlərinə görə, layihədə yeni iqtisadi təlatümlər, reallıqlar, ölkənin üzləşdiyi strateji çağırışlar nəzərə alınıb, sosialyönümlü siyasətin davam etdirilməsi üçün müəyyən maliyyə təminatı yaradılıb.

“Cari ilin ilk 10 ayı ərzində 49,2 mlrd. manat həcmində ÜDM istehsal olunub, real azalma 3,7% olub. Bunun səbəbləri kimi xarici ticarət dövriyyəsinin azalması, yüksək dollarlaşma nəticəsində bank sektorunun böyük itkilərlə üzləşməsi, kreditləşmənin ciddi azalmasını göstərmək olar. Nəticədə, 1998-ci ildən ilk dəfə olaraq tədiyyə balansı kəsirlə üzləşib”, – deyə S.Şərifov qeyd edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu il dövlət büdcəsinin təqdimatında gecikmələr olub və bunun obyektiv səbəbləri var.

Onun sözlərinə görə, büdcə Azərbaycanın reallıqlarını əks etdirir və gələcək üçün güclü ehtiyatların yaradılmasını nəzərdə tutur.

Ana səhifəXəbərlərSamir Şərifov: İlin sonunda iqtisadiyyatda 2,8 faiz geriləmə olacaq