Samir Şərifov: gəlirlər azalır, iqtisadi fəallıq səngiyir, bank sektoru zəifləyir

Neft və neft məhsullarının 2014-cü ilin ortalarından bəri kəskin aşağı düşməsinin qlobal iqtisadi artıma müsbət təsir edəcəyi barədə beynəlxalq maliyyə institutları tərəfindən verilən proqnozlar (illik 0,5 faiz artım) da özünü tam doğrultmur, bu dövrdə dünya iqtisadiyyatı nəzərəçarpan qeyri-müəyyənliklə səciyyələnir.

Source:


Neft və neft məhsullarının 2014-cü ilin ortalarından bəri kəskin aşağı düşməsinin qlobal iqtisadi artıma müsbət təsir edəcəyi barədə beynəlxalq maliyyə institutları tərəfindən verilən proqnozlar (illik 0,5 faiz artım) da özünü tam doğrultmur, bu dövrdə dünya iqtisadiyyatı nəzərəçarpan qeyri-müəyyənliklə səciyyələnir.

Bunu Maliyyə naziri Samir Şərifov İyulun 14-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə çıxış edərkən bildirib.


BU AMİLLƏR NEFTİN QİYMƏTİNƏ MƏNFİ TƏSİR GÖSTƏRİR

Nazir qeyd edib ki cari ildə qlobal iqtisadi artım proqnozu növbəti dəfə Beynəlxalq Valyuta Fondu tərəfindən aşağı salınıb (ilin əvvəlində BVF tərəfindən artıq ikinci dəfədir ki, proqnoz aşağı salınır) ki, bu da hazırda beynəlxalq iqtisadi və maliyyə durumunda mövcud olan mürəkkəbliyi təsdiq edir.

“Yunanıstanın borc öhdəliklərinə xidmət etmək iqtidarında olmaması səbəbindən avrozonanı tərk etmə riski ilə üzləşməsi, Çinin iqtisadi artım sürətinin geriləməsi və fond birjalarındakı təlatümlər qlobal iqtisadi artım proqnozuna mənfi təsir göstərən əsas amillərdən olmaqla, xammal məhsullarına, o cümlədən neft və neft məhsullarının qiymətlərinə də mənfi təsir göstərməkdədir”.


“YENİ ÇAĞIRIŞLAR YARANIR”

Samir Şərifov qeyd edib ki, mövcud vəziyyət digər ölkələrlə yanaşı, Azərbaycanın qonşu ölkələrində də mürəkkəb iqtisadi duruma, milli valyutaların qismən dəyərsizləşməsinə, iqtisadi artım templərinin azalmasına səbəb olub.

“Heç şübhəsiz ki, bu qlobal iqtisadi proseslər Azərbaycanın iqtisadi inkişafına da təsirsiz ötüşməmiş, ilk növbədə ölkənin valyuta daxilolmalarının azalması və tədiyyə balansının müsbət saldosunun daralması, Azərbaycan mənşəli məhsulların rəqabətliyinin enməsi ilə müşahidə olunur.

Bununla yanaşı, ortamüddətli dövrdə ölkə iqtisadiyyatı üçün regionda geosiyasi gərginliyin artması, xarici iqtisadi mühitin daha da pisləşməsi, dövlət və özəl sektorlarının gəlirlərinin azalması, bunun nəticəsi olaraq sahibkarların iqtisadi fəallığının səngiməsi və maliyyə-bank sektorunun dayanıqlığının zəifləməsi kimi çağırışlar yaranır”.


NEFT FONDUNDAN TRANSFERT AZALDILACAQ

Maliyyə naziri əlavə edib ki, büdcə layihələri ölkədaxili və xaricindəki makroiqtisadi mühitin və çağırışların təhlili əsasında, ölkəmizin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri və hədəfləri rəhbər tutulmaqla hazırlanır.

“Bu zaman, büdcə gəlirlərinin proqnozları hazırlanarkən Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması və Fondun aktivlərinin mümkün qədər yüksək səviyyədə saxlanılması hədəflənir. Digər tərəfdən, büdcə xərclərinin səmərəliliyini daha da artırmaqla əsas sosial vəzifələrin təmin edilməsinə, regionların tarazlı inkişafının davam etdirilməsinə, dövlətin müdafiə potensialının və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafının dəstəklənməsinə diqqət yetirilir”.

marja.az

Ana səhifəXəbərlərSamir Şərifov: gəlirlər azalır, iqtisadi fəallıq səngiyir, bank sektoru zəifləyir