Əkrəm Həsənov: Layihə ideya olaraq pis olmasa da, xeyli təhlükələr var
“Kredit Zəmanəti Fondunun yaradılması vacibdir”.
İqtisadçı Samir Əliyev Prezident İlham Əliyevin Kredit Zəmanət Fondunun yaradılması haqda fərmanını şərh edərkən deyib.
Fərmana əsasən Kredit Zəmanət Fondunun nizamnaməsinin layihəsini, nizamnamə kapitalının miqdarını, o cümlədən də sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminatın verilməsi qaydasının layihəsini hazırlamaq dövlət və özəl sektorun nümayəndələrindən ibarət olan İşçi Qrupa tapşırılıb. Özəl sektor İşçi Qrupunda aparıcı kommersiya banklarının və qabaqcıl audit şirkətlərinin nümayəndələri ilə təmsil olunacaq.
Bundan əlavə, Fondun Müşahidə Şurası dövlətin iqtisadi-maliyyə qurumlarının nümayəndələri ilə yanaşı Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Azərbaycan Banklar Assosiasiyasının nümayəndələrindən formalaşacaq.
Samir Əliyev deyir ki, bu addım kredit bazarının son iki ildə müşahidə edilən kiçilməsi prosesini səngidə, sahibkarların kredit resurslarına çıxışı məhdudiyyətini qismən aradan qaldıra bilər. “Dünyanın bir çox ölkəsində kreditlərə zəmanət verən institutlar fəaliyyət göstərir və bu qurumlar kredit risklərinin bir hissəsini üzərlərinə götürməklə sahibkarların maliyyə resurslarına çıxışına dəstək verirlər” – iqtisadçı “Facebook” səhifəsində yazıb.
“Bu mexanizm kommersiya kreditləri üzrə ödəmə qabiliyyətinin itirilməsi və ya vaxtında ödəməmə ilə bağlı yaranan riski aradan qaldırır. Kreditlərinə zəmanət verdiyi şirkətin kreditödəmə qabiliyyətini və borca xidmət vəziyyətini mütəmadi monitorinq edir, onlara borcların idarə edilməsi, bazar perspektivlərinin dəqiq müəyyən edilməsi sahəsində məsləhətlər verir. İri sahibkarlıq subyektlərindən fərqli olaraq kiçik və orta sahibkarların girov qoymaq imkanları məhduddur, kreditləri qaytarmamaq riskləri yüksəkdir, müflisləşmək təhlükəsi yüksəkdir, maliyyə hesabatlılığı lazımi səviyyədə deyil, likvid girovları yoxdur. Elə bu risklərə görə banklar kiçik və orta sahibkarlara kredit verməkdə maraqlı deyillər. Nəticədə bazar istisadiyyatının əsas sütunu olan kiçik və orta sahibkarlar resurssuz qalırlar”- Samir Əliyev vurğulayıb.
Bununla belə, iqtisadçı hesab edir ki, Fond fəaliyyətində əsas fokusu iri yox, kiçik və orta sahibkarlara yönəltməlidir: “Maliyyələşmədə iqtisadiyyatın prioritet sahələri nəzərə alınmalıdır və onlara üstünlük verilməlidir. Fond müvəkkil banklar və borcalanlar arasında risklərin bölünməsi mexanizmlərini dəqiq işləməlidir və sahibkarın üzərinə risklər az qoyulmalıdır. Fond tərəfindən veriləcək təminatın kreditin dəyərinə münasibətdə nisbəti 50 faizdən az, 80 faizdən çox olmamalıdır”.
Meydan TV-nin bu barədə sorğusunu şərh edən hüquqşünas Əkrəm Həsənov təəssüflənir ki, fərmanda fond barədə ümumi fikirlərin yer alıb:
“İdarəetmənin hansı prinsiplərlə aparılması açıqlanmır, hələ nizamnamə layihəsi və iş mexanizmi də hazırlanıb təsdiqlənəcək, bu mənada fondun necə işləyəcəyi naməlum qalır”.
Hüquqşünas bildirib ki, fond haqda ideyanı Azərbaycan hökumətinə beynəlxalq maliyyə təşkilatlar təklif edib:
“Hətta bir neçə ay əvvəl həmin qurumlar mənimlə görüşdə layihə haqda fikirlərimi soruşdular. Ancaq beynəlxalq maliyyə təşkilatlarının təkliflərinin tam şəkildə qəbul olunduğunu bilmirəm”.
Əkrəm Həsənov ilkin məlumatlar əsasında düşünür ki, bu layihə bank sektorunun yox, sahibkarlığın inkişafı üçündür. Məqsəd qeyri-neft sektorunu canlandırmaqdır:
“Bu gün sahibkarlar kifayət qədər təminatları olmadığından banklardan kredit almaqda çətinlik çəkirlər. Əsas səbəb də girovlarının olmamasıdır. Məsələn, hansısa sahibkara 1 milyon manat kredit lazımdır, onun isə kirov əmlakının qiyməti 800 mindir. Bank bu vəsaitin 1 milyon kredit üçün kifayət olmadığını deyir. Belə halda sahibkar Kredit Zəmanət Fonduna müraciət edir, fond da qalan 200 min üçün zəmanət verir. Bəli, bu sistemin bankların daha çox borc verməsinə təsiri olacaq. Son nəticədə isə sahibkarlara münbit şərait yarana bilər”.
Hüquqşünas hesab edir ki, layihə ideya olaraq pis olmasa da, xeyli təhlükələr var:
“Sabah hansısa sahibkar borcu ödəyə bilməyəndə, Kredit Zəmanət Fondu dövlət hesabına məsələni qapayacaq. Çünki Kredit Zəmanət Fondunu dövlət maliyyələşdirdiyindən bunun hər bir vətəndaşa birbaşa aidiyyatı var. Axı həmin borc istər-istəməz vətəndaşın vergisindən çıxacaq. Ona görə Kredit Zəmanət Fondu hansısa kreditə zamin dayananda bunu hərtərəfli təhlil edib qərar verməlidir. İkinci, Azərbaycan şəraitində banklarla sahibkarlar iş birliyinə gedə bilərlər. Təsəvvür edin ki, sahibkar bankdan 1 milyon kredit götürür, amma 200 minlik girovu yoxdur. Bank cavab verir ki, 600 minlik girov yazıb, qalan 400 mini də fonddan alarlar. Buna görə sahibkar banka “otkat” verər. Sonda borcu qaytara bilməyəndə, bank pulu Kredit Zəmanət Fondundan alacaq və nəticədə dövlət itirəcək. Biz İpoteka Fondunda, Sahibkarlığa Yardım Fondunda sui-istufadə hallarını gördüyümüzdən, oxşar vəziyyətin burda da yaşanacağını düşünürük. Əgər Kredit Zəmanət Fondunun iş qaydası tam şəffaf qurulsa, pis deyil”.