Samir Əliyev: ”Dollar krediti olanlara güzəşt çox vacibdir”


”Əgər hökumət yenə də neftin qiymətinin bahalaşacağına ümid edirsə, işlərini ona uyğun qurursa, bu addımların sonu fiaskoya uğrayacaq”


Milli Məclisin sonuncu toplantısında qanunvericiliyə edilən bir sıra dəyişiklik və Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun açıqlamaları gündəmin suallarını doğurdu. İqtisadçı Samir Əliyevlə söhbətimizdə bu suallara qismən də olsa, cavab verməyə çalışdıq.

 –

Samir bəy, əmanətlərin sığortalanması barədə qərar əhalidə banklara olan inamı qaytaracaqmı?

– Hökumətin qarşısında dayanan birinci vəzifə bank sektorunun dayanaqlığını təmin etməkdir. Bunun üçün bir neçə məsələ həllini tapmalıdır. Birincisi, milli valyutaya etibarın artması, ikincisi, əmanət sisteminə etibarın artması və nəhayət, ümumilikdə banklara münasibətin müsbətə doğru dəyişməsi. Bu üç məsələnin həllini tapması ümumilikdə nəinki bank, maliyyə sektoru, ölkənin makroiqtisadi sabitliyinin qorunması üçün vacibdir. Məsələ ondan ibarətdir ki, Milli Məclisin sonuncu toplantısında edlən dəyişikliklərdən biri də əmanətlərdən əldə edilən gəlirlərə vergi güzəştinin tətbiq edilməsidir. Bu, o deməkdir ki, bundan sonra əmanətdən əldə edilən gəlirdən müştərilər vergi verməyəcəklər. Əslində, bu güzəşt əvvəllər olsa da, ötən il ləğv edildi və 2015-ci ildən vergi tutulmağa başlandı. Həmin dövrdə bunu tələskən addım adlandırdıq və hesab etdik ki, hökumət büdcəni bir neçə milyon vəsaitlə təmin etmək adına ümumilikdə əmanət bazarının cəlbedilməsini azalda bilər. Çünki neftin qiyməti enməyə doğru gedirdi, bank sektorunda problemlər özünü büruzə verirdi, 2014-cü ilin sonunda manatın devalvasiyası ilə bağlı məsələ gündəmə gəlmişdi. Belə bir dövrdə əmanətlərdən vergi tutulması ona gətirər ki, əhali əmanətləri geri götürə bilərdi. O zaman müddətin uzadılmasını təklif edirdik. Yenidən güzəştin tətbiqi yaxşı addım olsa da, bu, problemi həll etməyəcək. Çünki əmanət bazarında problemlərin həlli üçün 10 addım atılmalıdırsa, bu, onuncu addım sayıla bilər.



Bəs ona qədər olan addımlar hansıdır?

– Bunlardan biri əmanətlərin sığortalanması mexanizminin təkmilləşdirilməsidir. Qanunvericiliyə bununla bağlı edilən dəyişikliyin məğzi həm də ondan ibarətdir ki, 12 faizdən aşağı yerləşdirilən əmanətlərə əvvəllər 30 min manat kompensasiya verilirdisə, indi tam şəkildə sığortalanacaq. Bu, qısa müddət üçün düzgün addımdır. Bundan əvvəlki mexanizmdə cəmisi 30 faiz əmanətlər sığorta altına düşə bilirdi. Sığortalanan əmanətlərin yarısı ən yaxşı halda kompensasiya altına düşürdü. Bu, normal addımdır, ancaq gələcəkdə kompensasiyanın tam tətbiq edilməsi əmanətlərin təmərküzləşməsi, yəni bir neçə banka yığılmasıyla nəticələnər. İnsanlar əmanətlərini daha etibar etdikləri banka qoyacaqlar, digərləri isə əmanətsiz qalacaq, fəsadlar bundan ibarətdir. Amma qısa müddət üçün normal addımdır. Atılmalı olan digər addım isə manat əmanətlərinin taleyi ilə bağlıdır. Faktiki olaraq, manat əmanətləri dəyərdən düşür. Bu istiqamətdə Qazaxıstan variantını gerçəkləşdirə bilərdilər. Üçüncü məsələ əmanətlərin daimiliyidir ki, Ukrayna bu addımı atdı. Onlar qanunvericilikdə dəyişiklik etdi və əmanətlərin vaxtından əvvəl çıxarılmasını qadağan etdi. Bu, onunla nəticələndi ki, banka qoyulan əmanətlər uzun müddət bankda qalacaq. Bank da bildi ki, əhali sabah panikaya düşəndə, əmanətini götürə bilməyəcək. İnzibati addım olsa da, qanunvericilikdə dəyişiklik edib, əmanət müddəti başa çatana qədər onu götürməyi qadağan etmək olardı. Bank sektoruna olan etimadı qorumaq üçün buna getmək olar. Yaxud məzənnə məsələsi, insanların manata etibarı itib, bunun səbəbi heç də manatın ucuzlaşması yox, qeyri-müəyyənliyin olmasındadır.



Ancaq baş bankir Elman Rüstəmov əvvəllər olduğu kimi bu dəfə də 1 dolların daha 2 manat olmayacağını deyib…




Elman Rüstəmovun niyyəti cəmiyyəti sakitləşdirməyə yönəlibsə, bu, yaxşı haldır. Bir şərtlə ki, bu bəyanatın arxasında konkret əməl dayansın. Elman Rüstəmov bu sahədə bir neçə dəfə öz kapitalını xərcləyib. 21 fevraldan əvvəl bu yöndə bəyanat versə də, devalvasiya baş verdi. Anlayıram ki, devalvasiyanın olmasında Elman Rüstəmovun rolu bəlkə də 50 faizdən aşağıdır, qərarın reallaşmasında əsas rol Maliyyə Nazirliyinin olub. Çünki nazirliyin büdcə öhdəliyi var. Ona görə də hər bir nazirlik, komitə öz sahəsinə aid olan məsələlərə cavabdehdir. Mərkəzi Bankın funksiyası milli valyutanın sabitliyini, Maliyyə Nazirliyinin funksiyalarından biri də büdcənin icrasını təmin etməkdir. Bu baxımdan cənab Rüstəmovdan fərqli olaraq, həmin bəyanatı verməyə tələsməzdim. Çünki əmin olmaq çox çətindir. Neftin qiyməti indiki səviyyədə qalarsa, manatın hansı həddə qədər düşəcəyinə heç kim zəmanət verə bilməz. Hətta dövlət başçısı da zəmanət verə bilməz ki, 1 dollar 2, yaxud 3 manat olmayacaq. Bu, dünya bazarındakı proseslərdən asılıdır. Əgər hökumət yenə də neftin qiymətinin bahalaşacağına ümid edirsə, işlərini ona uyğun qurursa, bu addımların sonu fiaskoya uğrayacaq. Hökumət neftin bahalaşmasını gözləməməli və konkret addımlar atmalıdır. Bunlardan biri ölkənin maliyyə sabitliyinin təmin edilməsidir. Bunu təmin etmək üçün valyuta sabitliyi olmalıdır. Valyuta sabitliyi deyəndə, tərpənməz məzənnənin tətbiqini nəzərdə tutmuram. Söhbət valyutanın gələcəyi haqda müəyyənliyin olmasından gedir. Həm sahibkarlar, həm də vətəndaşlar görməlidir ki, yaxın müddətdə manatın məzənnəsində hansı dəyişikliklər edilə bilər. Bunun yolu ölkəni valyutayla təmin etməkdir. Problem ondadır ki, əvvəlki illərlə müqayisədə ölkəyə az valyuta daxil olur.



Əgər belədirsə, ölkəni valyuta ilə necə təmin edəcəklər?




Bəli. Əvvəlki illərlə müqayisədə az valyuta daxil olursa və çoxlu valyuta çıxırsa, bu, artıq valyuta defisitinin yaranmasıdır. Bunun da nəticələrini görürük. Hökumətin bu yöndə atdığı inzibati addımlar arasında valyuta tənzimi haqda qanunvericilikdə dəyişiklik idi. Valyutadəyişmə məntəqələri ləğv edildi, müəyyən bir məhdudiyyət tətbiq edirlər və s. Biz xoşlamasaq da, böhran şəraitində inzibati addımların atılması vacibdir. Ancaq problemin kökü yalnız inzibati addımlardan ibarət deyil.



Bəs məsələnin kökü nədir və indiki komandayla vəziyyəti dəyişə biləcəklərmi?




Bu gün reallığı anlayıb etiraf  etmək lazımdır ki, böhran yaranıb və böhran indiyə qədər aparılan siyasətin düzgün istiqamətdə olmamasının nəticəsidir. Yəni neftə arxalanmış iqtisadiyyatın fəsadlarını görürük. Bu vaxta qədər qeyri-neft sektoru barədə deyilənlər deklarativ xarakter daşıdı və reallıqda öz əksini tapmadı. Əsas problem odur ki, hökumət vəziyyəti etiraf edib antiböhran proqramı hazırlamalıdır. Rusiya neçə ildir bu proqramı hazırlayır, Azərbaycan hökumətinin hazırlayacağı proqramda da problemlərin həlli öz əksini tapmalıdır. Proqram ictimai müzakirəyə çıxarılmalıdır, partiyalar, vətəndaş cəmiyyəti, iqtisadçılar, alimlər müzakirəyə qatılmalıdır ki, məsuliyyət yalnız hökumətin üzərində qalmasın. Əgər hökumət bunu da istəmirsə, olsun. Ancaq hazırlayacaqları proqramda hökumətin hansı addımlar atmaq istəməsi görünməlidur. Bu gün səslənən fikirlər ayrı-ayrı addımlar şəklində olduğundan xaotik və sistemsizlik təəssüratı daşıyır. Ümumi baxış və hədəf yoxdur. Hədəf qeyri-neft sektorunun inkişafını nəzərdə tutsa, bu inkişafı nəzərdə tutan alətlər və vəzifələr tam aydın deyil. Ona görə hökumət antiböhran proqram hazırlamalı və prioritetləri elan etməlidir. Prioritetlərdən biri ixracı stimullaşdırmaqdır, sonra daxili bazarda rəqabət mühitinin yaradılması olmalıdır, ən əsası kiçik və orta sahibkarlığın inkişaf etdirilməsidir. Bunlar çox vacibdir, çünki bu il hökumətin qarşısında dayanan problemlərdən biri işsizlik, digəri isə yüksək inflyasiya olacaq. Bu mənada hökumət ölkəyə valyuta gətirilməsi barədə düşünməlidir. Mənbələrdən biri Dövlət Neft Fondunun vəsaitlərinin gətirilməsidir, təəssüf ki, fondun ölkə iqtisadiyyatında rolu bir o qədər də nəzərə çarpmır.



Amma konkret ad çəkilməsə də, banklara 600 milyon dollar verildi…




Bir nüansı qeyd edim, mətbuatda bu məsələnin qoyuluşu düzgün deyil. Məsələ ondadır ki, Neft Fondunun dövlət büdcəsi qarşısında öhdəliyi var və hər il büdcəyə transferlər edir. Bu il isə 6 milyard manatın köçürülməsi nəzərdə tutulur. Aylar üzrə böldükdə hər ay 320 milyon dollar köçürmə olmalıdır. Yəni fond qeyri-adi addım atmır, hər il etdiyi işi görür. Eyni zamanda, vergilərin yığılmasında problem olduğundan fond ilin əvvəlinə daha çox önəm verir. Ola bilsin ki, ilin əvvəlində 400 milyon dollaar ödəyir, sonrakı aylarda bu amil nəzərə alınır. Xüsusən də böhranı nəzərə alaraq bazardakı panikanı sakitləşdirmək üçün fond ödəməli olduğu 2 aylıq həddi indi həyata keçirdi. Başa düşürəm ki, həm bazarı sakitləşdirmək, həm də Mərkəzi Banka dəstək üçün, bu, düzgün addımdır. Amma fond dollar satışını büdcəyə transfer etdiyi üçün həyata keçirir. Fondun məqsədi heç də iqtisadiyyatı dollarla təmin etmək deyil. Mən prinspcə fondun vəsaitlərinin ölkəyə gətirilməsinə etiraz etmirəm. Ancaq çox narahatam, çünki mövcud idarəetmə həmin vəsaitlərin səmərəsiz xərclənməsi ilə nəticələnər.



Yəni indiki hökumət istefaya göndərilməli və yeni komanda formalaşmalııdr?




Problem yalnız hökumətin istefaya getməsiylə bağlı deyil. Yeni gələn komanda da bu idarəetməni həyata keçirəcəksə, heç nə dəyişməyəcək. İnstitusional şərait olmalıdır, dəqiq sahələri müəyyən olunmuş institutlar qarşılıqlı iş sistemi şəklində işləməlidir. İkinci, qanunvericilik bazası təkmilləşdirilməlidir, üçüncü, ictimai nəzarət olmalıdır, dördüncü, tender mexanizmlərinin təkmilləşdirilməsində ictimaiyyətin iştirakı vacibdir. Yəni komandanı dəyişməklə bu məsələlər həllini tapmayacaq.



Prezident bundan əvvəlki müşavirədə ictimai nəzarət mexanizmindən danışmışdı…




Bu, çox vacib məsələdir və vətəndaş cəmiyyətinin fəallığına ehtiyac var. Çünki büdcədəki vəsaitlər vətəndaşlarındır.



Ancaq vətəndaş cəmiyyəti 2014-15-ci illərdə pis vəziyyətə salınıb. Yenidən dirçəlmək imkanı varmı?




Çox təəssüf ki, qanunvericilikdə dəyişiklik etməklə vətəndaş cəmiyyətinin xaricdən maliyyə almaq imkanları qeyri-mümkün oldu. Dövlət QHT Şurası isə vətəndaş cəmiyyətini pulla təmin etmək iqtidarında deyil. Xüsusən də indiki büdcə qənaətliyi dövründə əvvəlki illərdə olduğu vəsaiti ayırmaq real görünmür. Hətta Dövlət QHT Şurasına ayrılacaq vəsaitin azaldılmasını görsəm, təəccüblənmərəm. Ona görə qrantların tətbiqi ilə bağlı qadağalar aradan qaldırılsın, əgər biz xaricdən investisiya cəlb etmək istəyiriksə, bunlardan biri də vətəndaş cəmiyyətidir. Vətəndaş cəmiyyəti heç bir məhsul satmadan xaricdən ölkəyə vəsait cəlb edirdi, ən çox qrant da dövlət qurumlarına ayrılırdı. Hökumət əvvəlki səhvini düzəldib bu sektora nəfəs verməlidir ki, xarici təşkilatlar yerli qurumlara vəsait ayırsın. Avropa Birliyi böyük ölçüdə vəsait ayırırdı, hətta Ermənistanın da adı var, amma Azərbaycan o siyahıda yoxdur.



Qayıdaq Elman Rüstəmovun 5 min dollara qədər vəsaitlərin köhnə məzənnəylə ödənməsinin mümkünlüyü haqda bəyanatına, bu barədə yanaşmanız necədir?

– Dollar krediti olanlara güzəşt çox vacibdir. Bu, birinci devalvasiyadan sonra edilməliydi. Çox təəssüf ki, həmin dövrdə banklarla vətəndaşlar üz-üzə qoyuldu, hökumət heç bir dəstək vermədi. İndi həmin vəziyyət olsa da, hökumət sadəcə nəsə etmək istəyir. Hər bir halda vətəndaşlara dəstək verilməlidir, cənab Rüstəmov həmin kreditlərin mənbəsinə toxunub, mənbə hər bir halda dövlət büdcəsi, yaxud daxili borclanma olacaq. Mən elə onu bildirmək istərdim ki, ölkədə olan valyuta qıtlığını yumşaltmağın yolu daxili borclanmanın mümkünlüyüdür. Milyardlarla dollar var ki, “yastıq altındadır”, insanlar banklara etibar etmədiyi üçün belə vəziyyət yaranıb. Bunun üçün Maliyyə Nazirliyi dollarla istiqraz buraxmalıdır, bu, 1 illik də, 3-5 illik də ola bilər, illik faiz dərəcəsi 2-3 ətrafında da mümkündür. Bunun vasitəsilə bazardan istifadəsiz 2-3 milyard dollar yığmaq olar. Düzdür, mənbələrdən biri də özəlləşmə olacaq, amma dediyim təklif keçərsə, bu gün istifadəsiz dolların yenidən dövriyyəyə qayıtması  mümkündür. Yenə deyirəm, dollarla kreditləri olanlara güzəşt verilməlidir, bankların dollar əmanətçiləri qarşısında öhdəlikləri olduğundan bu güzəşti verə bilməzlər. Bu gün bank sektorunun bağlanması ölkə iqtisadiyyatı üçün də, kredit götürənlər üçün də bir fəlakət olardı.



Ancaq baş bankir 6-7 bankın birləşdiriləcəyini bildirib…

–  Bu, çox vacib şərtdir. Baxmayaraq ki, Mərkəzi Bank hələ 2009-cu ildə bunu elan etsə də, alınmırdı. Çünki neft pulları ilə bərabər hər bir bankın arxasında böyük vəsaitlər dayanırdı. İkinci devalvasiyadan sonra banklar çox pis vəziyyətə düşüb və bir çoxu reanimasiyadır. Belə bir vəziyyətdə Mərkəzi Bank banklara dəstək verməlidir, yollardan biri də bankların birləşməsidir. “Bank of Azərbaycan”ı nəzərə almasaq, ölkədə 42 bank var ki, bu Azərbaycan üçün böyük rəqəmdir. 20-25 bank kifayətdir, sayın azaldılması üçün banklar birləşməlidir ki, zəiflər güclənsin. Əgər böyük banklar kiçikləri udsa, bankların təmərküzləşməsi daha da güclənəcək. Ona görə də kiçik bankların birləşməsi lazımdır ki, onlar ayrı-ayrılıqda güc mərkəzinə çevrilsinlər. Bu gün hökumət mövcud problemlərin ictimaiyyətə açıqlanmasından çəkinməməlidir. İctimai müzakirələr aparılmalıdır, televiziyalar bu yöndə fəal olmalıdır, qorxulu bir şey yoxdur. Ən pis narahatlıq qeyri-müəyyənlikdən yaranır. Problemlərin kökündə insanların zamanında məlumatlandırılmaması durur. Nəticədə insanlar adekvat olmayan addımlar atır. Ona görə problemləri ictimailəşdirmək daha vacibdir, nəinki gizlətmək.

Ana səhifəVideoSamir Əliyev: ”Dollar krediti olanlara güzəşt çox vacibdir”