Samir Əliyev: ABB-də pozuntulara görə Maliyyə Nazirliyi də məsuliyyət daşıyır

Təbii inhisarçılar borcları səmərəsiz idarəetmə ucbatından ödəmir

Source:


Təbii inhisarçılar borcları səmərəsiz idarəetmə ucbatından ödəmir

Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbərliyi işində, xüsusən, girov təminatı olmadan böyük kreditlərin verilməsində ciddi nöqsanlara yol verib. Bu barədə maliyyə naziri Samir Şərifov ötən cümə beş parlament komitəsinin birgə iclasında çıxış edərkən bildirib.

Deputat Zahid Oruc nazirdən sadə vətəndaşlardan kredit məbləğindən üç dəfə artıq dəyəri olan girov tələb edildiyi halda Beynəlxalq Bankın böyük kreditləri niyə girovsuz verdiyini soruşub.

Buna cavabda Şərifov deyib ki, Beynəlxalq Bankın keçmiş rəhbərliyi ciddi səhvlərə yol verib. “Bu səbəbdən əvvəlki rəhbərlik tutduğu vəzifədən azad edilib. Hazırda hüquq-mühafizə orqanları rəhbərliyin bəzi əməllərini araşdırır və onlara hüquqi qiymət verəcək. Bəli, bankın keçmiş rəhbərliyi girovsuz riskli layihələrə imza atıb. Beynəlxalq Bank Mərkəzi Bankın müəyyən etdiyi tələblərə riayət etməyib”, deyə nazir bildirib.

Öz növbəsində, ekspert Samir Əliyev hesab edir ki, ABB-də pozuntulara görə Maliyyə Nazirliyi də məsuliyyət daşıyır. ABB səhmlərinin yarıdan çoxu Maliyyə Nazirliyinin şəxsində dövlətə məxsusdur. Bu idarə ABB-nin fəaliyyətinə nəzarət edən bankın Müşahidə Şurasında təmsil olunub. ABB Müşahidə Şurasının sədri maliyyə nazirinin müavini Azər Bayramovdur.

Parlamentdə çıxış edərkən Şərifov etiraf edib ki, bəzi dövlət idarələri dövlət zəmanəti ilə verilən xarici borcları təmin etmək iqtidarında deyil. Bu səbəbdən dövlət borcları dövlət büdcəsindən ödəməli olub. Belə borclar əsasən təbii inhisarçılar – “Azərsu”, “Azərenerji” və s.-yə aiddir.

Ekspert Əliyev hesab edir ki, təbii inhisarçılar borcları səmərəsiz idarəetmə ucbatından ödəmir. Buna görə əhaliyə kommunal xidmətlər göstərən bu qurumları özəlləşdirmək doğru olardı.

Ana səhifəXəbərlərSamir Əliyev: ABB-də pozuntulara görə Maliyyə Nazirliyi də məsuliyyət daşıyır