Samirə Qasımlı: “Müstəntiqə sual verdim ki…”

Samirə Qasımlı. Foto: Meydan TV

“Cavabsız qalan bu sualın bir cavabı var…”

Siyasi Menecment İnstitutunun direktoru, həbsdə olan politoloq Azər Qasımlı ilə bağlı cinayət işi üzrə onun həyat yoldaşı Samirə Qasımlı da şahid qismində tanınıb.

Samirə Qasımlı şahid kimi dindirilmək üçün yanvarın 17-də Yasamal Rayon Polis İdarəsinə çağırılsa da, ifadə verməkdən imtina edib.

O, yaxın qohumlara qarşı ifadə verməmək barədə konstitusion hüququndan istifadə edib.

Bu barədə Samirə Qasımlı özü məlumat verib.

“Azərlə bağlı cinayət işi üzrə suallara cavab verməkdən imtina etdim. Bildirdim ki, saxta cinayət işi açılıb, mənim hər sözüm həyat yoldaşıma qarşı istifadə edilə bilər”, – Samirə Qasımlı bildirib.

O vurğulayıb ki, hakimiyyət əlinin altında olan media orqanlarından istifadə edərək cəmiyyəti Azər Qasımlının məişət zəminində baş vermiş hadisəyə görə həbs olunduğunu inandırmağa çalışır:

“Mənim müstəntiqə belə bir sualım oldu: “Əgər mən indi Qurbanəli Yusibovun həyat yoldaşımın həbsdə olmasından istifadə edərək uşaqlarımı qaçırmaqla məni təhdid etməsi barədə şikayət ərizəsi yazsam, barəsində cinayət işi başladıb onu həbs edəcəksinizmi?” Cavabsız qalan bu sualın bir cavabı var: bir nəfərin uydurması ilə sübut və dəlil olmadan nə polis, nə məhkəmə heç kimsəni həbsə atmır. Hüququn və qanunların işləmədiyi bir ölkədə belə həbslər yalnız güclünün tapşırığı ilə həyata keçirilir. İndi hakimiyyəti cəsarətli və ağıllı şəkildə tənqid edənləri cəmiyyətdən təcrid edirlər. Gördüyüm budur ki, hakimiyyət əlinin altında olan medialardan istifadə edərək hər vəchlə sadə insanları inandırmağa çalışır ki, guya Azərin həbsi məişət zəminində baş verib. Daha başa düşmürlər ki, hətta öz televiziyalarının əməkdaşları belə buna inanmırlar, onlar bizi yolda görəndə deyirlər ki, “Azər müəllimi də belə aradan götürdülər…””

“Azər bu fikrində, həqiqətən də, haqlıdır: insanlarımız apatiya və qorxu içindədir, amma apolitik deyillər. Bu həbsin siyasi sifariş əsasında həyata keçirildiyini hər kəs bilir və anlayır”, – deyə o bildirib.

Azər Qasımlı dekabrın 8-də saxlanılıb.

Bir gün sonra Yasamal Rayon Məhkəməsinin qərarı ilə onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Azər Qasımlı zərərçəkmiş qismində tanınan Qurbanəli Yusibovdan hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.

Lakin vəkili Aqil Layıc bildirib ki, həmin şəxsin Azər Qasımlıya pul borclu olmasını təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı var.

Vəkilin sözlərinə görə, belə olan halda, Azər Qasımlının ondan hədə-qorxu ilə pul tələb etməsi haqda iddianın absurdluğu ortaya çıxır.

Azər Qasımlı özü də həbsinin siyasi motivli olduğunu bildirərək deyib ki, həqiqətləri dilə gətirdiyinə, insanları aydınlandıran fikirlər səsləndirdiyinə görə cəzalandırılır.

Bundan əvvəl də Azər Qasımlının ölkədən çıxışına qadağa qoyulub.

O, Bakı Şəhər Baş Polis İdarəsində “Meclis.info” saytının həbsdə olan rəhbəri İmran Əliyevin işi üzrə istintaqda dindirilib.

Ana səhifəSiyasətSamirə Qasımlı: “Müstəntiqə sual verdim ki…”