Səbuhi Rəcəb məhkəmə önünə çıxarılıb
Azərbaycanda Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti Səbuhi Rəcəbin məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İyunun 6-da hakim Əli Məmmədovun sədrliyilə məhkəmənin hazırlıq iclası keçirilib, təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Səbuhi Rəcəb Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur. Cinayət işinin materiallarında ümumilikdə 341 min manatlıq dələduzluqdan söhbət gedir. Təqsirləndirilən idmançının 3 nəfəri aldadıb, onların pulunu aldığı iddia olunur.
Təqsirləndirilən Səbuhi Rəcəb bildirib ki, ittiham aktını almayıb, onunla tanış ola bilməyib. Bu üzdən iş məhkəmə baxışına verilməyib. Hazırlıq iclası isə iyunun 13-nə qədər təxirə salınıb.
Səbuhi Rəcəb əvvəllər Konstitusiya Məhkəməsində çalışıb. Daha sonra Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə vitse-prezident təyin edilib.
2018-ci ildə isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti olub.
O, həmçinin 2020-ci ilin fevralında keçirilən parlament seçkilərində 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən deputatlığa namizəd olub.