İcra hakimiyyəti Şamaxıda zəlzələnin fəsad törətdiyi kəndlərin adlarını açıqlayıb
Şamaxıda zəlzələdən sonra qəzalı evlərin yenidən tikilməsindən ötrü ərazi boşaldılır.
Evi uçan sakinlər isə kirayə mənzillərə yerləşdirilir.
“Turan” agentliyinin məlumatına görə, bu barədə onlara Şamaxı Rayon İcra Hakimiyyətindən bildiriblər.
Verilən məlumata görə, zəlzələ xüsusilə Şamaxı şəhərində, Mədrəsə qəsəbəsində, Əngəxaran, Cabanı, İkinci Cabanı, Hacılı, Sis və Qəleybuğurd kəndlərində fəsadlara səbəb olub.
“Fövqəladə Hallar Nazirliyinin və rayon icra hakimiyyətinin nümayəndələrindən ibarət komissiya vəziyyətin araşdırılması, zərərin müəyyənləşdirilməsi istiqamətində fəaliyyət göstərir. Komissiya müraciətlərin siyahıya alınması, xüsusilə təhlükəli vəziyyətə düşən evlərdə sakinlər üçün təhlükəsiz şəraitin yaradılması istiqamətində işini davam etdirir”, – deyə icra hakimiyyətindən bildiriblər.
Fevralın 9-da isə icra hakimiyyətindən bildirmişdilər ki, Şamaxı rayonunda zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən evlərin söküntüsünə başlanılıb. Onlara 1484 evdən müraciət edilib. İcra hakimiyyətindən verilən məlumata görə, həmin 1484 evdən fevralın 9-na kimi 375-nə baxış keçirilib.
“41 ev yaşamaq üçün yararsızdır. Eyni zamanda, 135 evin bərpasına, 42 evin təmirinə ehtiyac var. Daha 87 ev isə qənaətbəxş hesab edilib”, – deyə icra hakimiyyətindən vurğulayıblar.
İsmayıllı Rayon İcra Hakimiyyətindən isə bildirmişdilər ki, rayonda Fövqəladə Hallar Komissiyasına 415 evdən müraciət daxil olub. Verilən məlumata görə, həmin müraciətlər əsasında evlərə baxış keçirilir.
Ağsu Rayon İcra Hakimiyyətindən də vurğulamışdılar ki, komissiya zəlzələnin ziyan vurduğu ərazilərdə evlərə baxış keçirir.Fevralın 5-də gecə saatlarında Azərbaycanda 6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri İsmayıllı rayonu olub. Zəlzələ ətraf yerlərdə 5.3 bal gücündə hiss edilib. Şamaxı, Ağsu və İsmayıllı rayonlarında onlarla evin, tiklinin xəsarət gördüyü bildirilirdi.
Prezident İlham Əliyev fevralın 6-da təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, zəlzələ nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial, infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasından ötrü Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.
Zəlzələ fevralın 5-də, yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı ərazisində qeydə
alınıb.