Şamaxı sakini: Zəlzələnin qəzalı vəziyyətə saldığı evi düzəltmirlər

Uşağın taleyi necə olacaq, bilmirik, bir tərəfdən də evləri pis vəziyyətdə.

Source: meydan tv


İkinci qrup əlil olan Sədi Qafarov 3 aydan çoxdur ki, ailəsilə qohumlarının evində yaşayır

“Gəlib evə baxış keçirən komissiya üzvlərindən biri anamdan soruşur ki, bu ev niyə belə olub? Anam da deyir, zəlzələdən olub, bala… Komissiya üzvü də qayıdıb ki, bir ayağın burda, bir ayağın gordadı, utanmırsan, yalan danışırsan, bu ev əvvəldən qəzalı olub…”

Bu ilin fevralında Şamaxı rayonunda baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən evlərdən biri də Məlikçobanlı kənd sakini Cəmşid Qafarovun evi olub. Qafarovlar ailəsinin Meydan TV-yə deməsinə görə, hadisədən üç aydan çox vaxt ötməsinə baxmayaraq, dövlət qurumları ailəyə yeni ev tikilməsi ilə bağlı hər hansı addım atmayıblar. Hətta deyəsən, buna fikirləri də yoxdur. Hazırda Cəmşid Qafarovun beş nəfərdən ibarət ailəsi qayınatasının evinə sığınıb. Onun qardaşı Sədi Qafarov danışır ki, üç aydan çoxdur dövlət qurumlarına müraciət etsələr də, qardaşının evini nə təmir-bərpa edirlər, nə də yenisini tikirlər


“Əlilin ailəsi qohum qapılarında gecələyir”

“Əvvəla, mən Prezidentimizə və xanımına təşəkkürümü bildirirəm ki, onlar Şamaxıya gələrək zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evlərlə maraqlanıblar, tapşırıqlar veriblər. Ancaq onların tapşırıqları rayonda icra olunmur. Başqalarını bilmirəm, şəxsən mənim qardaşım qəzalı vəziyyətə düşmüş evi ilə bağlı hələ ki, hökumətdən heç bir yardım görməyib. Qardaşımın bizimlə eyni həyətdə yerləşən ikiotaqlı evi tamamilə yararsız vəziyyətə düşüb. O evdə yaşamaq təhlükəlidir, gəlib baxış keçirən komissiya üzvləri özləri də xəbərdarlıq ediblər ki, evə girməyin, hər an başınıza uça bilər. Mənim kiçik evimdə 11 nəfər yaşayır, ailəm böyükdür, anam da bizimlə qalır, bu səbəbdən də qardaşımın 5 nəfərdən ibarət ailəsini evimə sığışdıra bilmədim, qaynatasıgildə yaşayır. Bu 5 nəfər nə vaxta qədər qohum evində qalacaq? Axı bu, bir ailədir, onların da öz gündəlik həyatı, qayğıları, problemləri, sözü-söhbəti var… Üstəlik də, 5 yaşında ağır xəstə var,” – Sədi Qafarov deyir.

image_from_ios (2).jpg
zəlzələnin dağıtdığı ev


“Şikayət etdiyim üçün rəyi dəyişdilər”

Sədi Qafarovun deməsinə görə, komissiya üzvləri əvvəl evi qəzalı tikili kimi qeydə alıblar. Sonra rəyi dəyişərək köhnə tikili kimi qeyd ediblər. Onun sözlərinə görə, bunun da səbəbləri varmış:

“Komissiya üzvlərindən biri anamı təhqir edib, ona “qoca arvadsan, bir ayağın burdadı, bir ayağın gorda”, deyib, yalançı adlandırdığı üçün DİN 102 xidmətinə zəng vurub şikayət etdim. FHN nümayəndələri də məni “cəzalandırmaq” üçün ekspertlə əlbir, dilbir oldular, rəyi dəyişdilər. Guya ev zəlzələdən yox, köhnəlikdən qəzalı vəziyyətə düşüb. Şamaxıya gələn fövqəladə hallar nazirinə də əməkdaşlarının özbaşınalıqlarından şikayət etdim. Ona qardaşımın durumundan danışdım, özünün əlil olduğunu, övladının ağır xəstəlikdən əziyyət çəkdiyini, yaşamağa yerləri olmadığını bildirdim. O, araşdırılıb, hər bir köməyin olunacağına söz verdi. Ancaq hələ də nəticə yoxdur”.

“Şikayətlərim cavabsız qalıb”

Sədi Qafarov deyir, evin durumu ilə bağlı rəy vermiş ekspertlər onun zənglərinə və mesajlarına cavab vermir:

“Qardaşım ölkədə yoxdur deyə, bu işlərlə mən məşğul oluram. Ekspertlər məndən qaçır. İcra hakimiyyətinə gedirəm, deyirlər, bizlik deyil, bu işlə Fövqəladə Hallar Komissiyası məşğul olur. Yazdığım şikayət məktublarına cavab verilmir. Bir müddətdən sonra evlərin tikintisi, təmir-bərpası başa çatacaq, onda da gec olacaq. Bəs bu ailə çöldə qalacaq? Bu ailədə əlil var, ağır xəstə olan 5 yaşında uşaq var…”

image_from_ios (1).jpg
ev


“İnsan nə qədər qansız olmalıdır ki…”

Sədi Qafarovun sözlərinə görə, qardaşı Cəmşid hazırda övladının növbəti əməliyyatına görə Ukraynanın Xarkov şəhərindədir. Əvvəllər də əməliyyat olunmuş 5 yaşlı qızın durumu ağırdır:

“Əlil qardaşım uşağın əməliyyatı, müalicəsi üçün imkansızlıqdan bir dəfə tv-lərdən birinə müraciət etdi, çəkib göstərdilər, pul toplandı, əməliyyat baş tutdu. İndi növbəti əməliyyatlara ehtiyac var, yenə imkansızlıq… Uşağın taleyi necə olacaq, bilmirik, bir tərəfdən də evləri pis vəziyyətdə. Dövlət bu evi düzəltməlidir, gəl ki, komissiya üzvləri əngəlləyir. Heç olmasa bu uşağı gözlərinin qarşısına gətirsinlər, mərdiməzarlıq eləməsinlər. Hamının balası var, ağır xəstəliyə düçar olmuş bir uşaq qapılarda qalır, heç kimin balası xəstəlikdən sığortalanmayıb. Hamının başına gələ bilər. İnsan nə qədər qansız, imansız olmalıdır ki, ürəyində “paroq” olan, ciyərləri, mədəaltı vəzisi şişən bir uşağın qapılarda qalmasına baiskar olsun?!”

Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu ilin fevralında baş vermiş zəlzələdən dərhal sonra FHN komissiya üzvləri Məlikçobanlı kəndindəki evlərə baxış keçirib. Həmin evlərin arasında Cəmşid Qafarova məxsus ev də olub. Əvvəlcə ev qəzalı evlərin siyahısına daxil edilib, sonradan evin zəlzələdən əvvəl yaşamağa yararsız olduğu müəyyən edilib və siyahıdan çıxarılıb.


“Məhkəmə yolu ilə həll etmək olar”

Sədi Qafarovsa deyir, icra hakimiyyətinin dedikləri həqiqətəuyğun deyil: “Mənim öz evim 40 ilin evidir, təmir olunacaq evlərin siyahısına yazılıb. Qardaşımın evi 20 il əvvəl tikilib, saxtakarlıq edib, onu köhnə tikili kimi siyahıdan çıxarıblar”.

Hüquqşünas Namizəd Səfərov deyir, Cəmşid Qafarov məsələni məhkəmə yolu ilə həll edə bilər:

“Fövqəladə Hallar Komissiyasına rəsmi məktubla müraciət etməlidir, rəsmi cavab almalıdır, həmin rəsmi cavabdan məhkəməyə müraciət etməlidir. Məhkəmədə iddia qaldırmalıdır, evin ekspertizadan keçirilməsini tələb etməlidir. Ekspertiza nəticəsində tikilinin köhnə, yaxud yeni olması müəyyən edilməlidir. Həmçinin məhkəmə yoluyla keçirilən ekspertiza zamanı tikilidəki qəza izlərinin müddəti də müəyyən edsilməlidir. Əgər müəyyən edilsə ki, ev zəlzələdən qəzalı vəziyyətə düşüb, məhkəmə FHN komissiyasının üzərinə evin sökülüb yenidən tikilməsi öhdəliyini qoyacaq”.

Bu il fevralın 5-də Şamaxıda baş vermiş zəlzələ nəticəsində əsasən dağ kəndlərində dağıntılar olub. Yaşayış və qeyri –yaşayış yerlərinə, təsərrüfatlara zərər dəyib. Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva rayona gedərək, zəlzələdən zərər çəkmiş ailələrlə görüşüb, vəziyyətlə maraqlanıb, tapşırıqlarını verib. Kütləvi informasiya vasitələri bunu geniş işıqlandırıb.

Ana səhifəBölgəŞamaxı sakini: Zəlzələnin qəzalı vəziyyətə saldığı evi düzəltmirlər