Şamaxı sakini: Direktor Ədalət Vəliyevin qohumudur, ona görə şikayətimə baxılmır

“Qızım valideynləri boşandığı üçün məktəbdə digər şagirdlərin qınaq və təhqirlərinə məruz qalırmış”

Source: Specify Source


Direktor: "Uşaqlarını öz kəndindəki modul tipli məktəbə apara bilər"

“Övladlarımı oxuduqları məktəbdə incidirlər. Məktəbin digər şagirdləri qızımı döyürlər, ona qarşı əxlaqsız hərəkətlər edirlər”.

Şamaxının Hacılı kənd sakini Aqil Əlifov Meydan TV-yə belə deyir.

O iddia edir ki, övladları – Fəridə, Amin və Rəsul təhsil aldıqları Zöhrab Səmədov adına Əhmədli kənd tam orta məktəbinin şagirdləri tərəfindən mütəmadi olaraq fiziki şiddət və təhqirə məruz qalır: “Üç övladım var, iki, dörd və altıncı sinifdə oxuyurlar. Ən böyüyü qızdır. Hər üçü də məktəb direktorunun qohumları tərəfindən döyülür. Direktor da uşaqlarımı döyənləri himayə edir. Övladlarım əvvəl Bakıda təhsil alırdı. Mən isə Rusiyada yaşayırdım. Həyat yoldaşımla 2018-ci ildə boşanandan sonra o, uşaqları da götürüb, ata yurdu – Şamaxının Əhmədli kəndinə qayıtdı. Uşaqlar orada oxumağa başladı. Qızım valideynləri boşandığı üçün məktəbdə digər şagirdlərin qınaq və təhqirlərinə məruz qalırmış. Uşaqların anası neçə dəfə məktəbə gedib, direktorla mübahisə edib, amma nəticəsi olmayıb. Mən Rusiyada yaşadığım üçün baş verənlərdən sonralar xəbər tutdum. 2020-ci ildə kəndə gəldim. Uşaqların yanına getmişdim. Gördüm ki, qızın paltarında təpik izləri var. Soruşdum ki, bu nədir? Uşaq ağlamağa başladı. Dedi ki, ata, çoxdandır məni məktəbdə döyürlər. Məndən böyükdürlər. Mənə qarşı əxlaqsız hərəkətlər edirlər. Bu hadisədən sonra iki-üç dəfə məktəbə gedib, xəbərdarlıq etdim. Direktor İbrahim Manıyevlə danışdım, dedi ki, həmin uşaqlar yaxşı oxuyur, əmimin nəvələridir. Mən onlara heç nə deyə bilmərəm, kənddir. Əlavə etdi ki, sənin uşaqların sonradan gəlib. Uzun sözün qısası, sözlərindən belə anlaşıldı ki, məktəb mənimdir, nə istəyirəm, onu edirəm”.


"Məktəbi kolxoz kimi idarə edirlər"

Valideyn deyir ki, məktəb direktoru övladlarının döyülməsinə etinasız yanaşdığı üçün aidiyyəti üzrə şikayət məktuları yazıb, amma müraciətinə baxılmayıb: “Vəziyyəti belə görəndən sonra Şamaxı Rayon Təhsil Şöbəsinə müraciət etdim. Nümayəndə bir neçə dəfə məktəbə gəldi, məni də dəvət etdilər. Həmin nümayəndənin yanında sübut etdim ki, dərs saatında altı-yeddi şagirdə ödənişli hazırlıq keçilir. Bir çox özbaşınalıq faktları var. Təhsil şöbəsi məsələ ilə bağlı məlumatı Təhsil Nazirliyinə göndərdi. Nazirlikdən cavab gəldi ki, İbrahim Manıyev yaxşı direktordur. Təhsil Nazirliyinə dörd dəfə elektron məktub göndərmişəm. Həmçinin nazirliyin “Qaynar xətt” xidmətinə – 146-ya da zəng edirəm. Deyirlər ki, sizin məktubunuza cavab verilib. Halbuki, heç bir cavab verilməyib. Təhsil Nazirliyinə, Prezident Adminstrasiyasına, Baş Prokurorluğa yazmışam. Məktəbi kolxoz kimi idarə edirlər. Heç kim də şikayətimə baxmır”.


"Uşaqlarım məktəbdə qısnamaya məruz qalır"

Aqil Əlifov deyir ki, direktordan şikayət etdiyinə görə övladlarına tədris ili üçün nəzərdə tutulan dərsliklər verilməyib. Uşaqları məktəbdə şagirdlərlə yanaşı, müəllimlər tərəfindən də qısnamaya (bullinq) məruz qalır: “Məktəbdə ancaq mənim uşaqlarıma kitab vermirlər, ya da proqramdan kənar kitab verirlər. Buna səbəb də, baş verənlərlə bağlı şikayət etməyimdir. Digər şagirdlər də incidilir. İbtidai sinif müəllimi uşağı məcbur edir ki, ayaqqabılarını çıxar, dərsdə ayaqyalın otur. Kənd yeridir, bunun qarı, yağışı var. Hər dəfə uşağın ayağı palçıqlı olanda, ayaqqabısını çıxarmalıdır ki, məktəb bulaşır? Bir sözlə, uşaqlara işgəncə verirlər. Zorakı hərəkətlər var. Valideynlər var ki, bu kimi hallarla bacara bilmədikləri üçün uşaqlarını çıxarıb, başqa məktəbə qoyublar. Məktəbdə çatışmazlıq çoxdur, özbaşınalıqdır. Dərs bölgüsünü də düzgün aparmırlar. Direktor heç kimdən qorxmur. Deyir ki, məni müdafiə edən adamlar var. Sənin kimi şikayət edənlər çoxdur. Deyirlər ki, direktor Ədalət Vəliyevlə (Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri-red) qohumdur. Polisə də şikayət etmişəm, iş araşdırılır. Uşaqlarımı döyən şagirdlərin valideynləri isə belə halın olmadığını iddia edir”.

img-20210428-wa0071.jpg
Şamaxı Rayon Təhsil Şöbəsinin cavab məktubu

“Hazırda uşaqlar məktəbə gedir. Onları inandırmşam ki, qorxmayın, amma vəziyyət yenə təkrarlanacaq. Şikayət edirsən, bir ay yaxşı olur. Sonra yenidən uşaqlarıma təzyiq göstərirlər”, – valideyn söyləyir.


"Valideynin ittihamı qərəzli və əsassızdır"

Məktəbin direktoru İbrahim Manıyev Meydan TV-yə bildirib ki, valideynin ittihamı qərəzli və əsassızdır: “Məktəbimiz rayon mərkəzindən iyirmi üç kilometr kənarda – ucqar dağ kəndində yerləşir. Burada iyirmi doqquz şagird oxuyur. Məktəb təhsilin nəticəsinə görə rayon üzrə ilk beşlikdədir. Ötən il beş nəfər məzunumuzun dördü universitetə qəbul olub. Əgər doğrudan da, buradakı təlim-tərbiyə, təhsil onu narahat edirsə, uşaqlarını öz kəndindəki modul tipli məktəbə apara bilər. Yəni seçim valideyndədir. Əgər uşaqları burada oxuyursa, deməli, təhsildən razıdır. Mənimlə bağlı yazmadığı, şikayət etmədiyi yer qalmayıb. Hamısı da yoxlanılır, araşdırlır, təsdiqini tapmır".


"İstəyir ki, keçmiş həyat yoldaşını məktəbdə işlə təmin edim"

"Bu adamın məqsədi başqadır. İstəyir ki, keçmiş həyat yoldaşını məktəbdə işlə təmin edim. Əməkhaqqı kartı verilsin, amma işə gəlməsin. Bu, mümkün deyil. O, evdə oturub, kartla maaş alsa, digər işçilər mənə nə deyər? Elədirsə, hamı evdə oturub, dövlətdən pul alsın. Bu adam 2018-ci ildə həyat yoldaşından boşanıb. Uşaqlarına aliment vermədiyi üçün 15 gün həbs olunub. Onun hazırda altı min manatdan çox aliment borcu yığılıb. Müəllimin şagirdlərin ayaqqabılarını çıxarması məsələsinə gəlincə, rayonda on nəfər yaxşı ibtidai sinif müəllimi varsa, biri də həmin xanımdır. Bunu hamı bilir və kollektivdə də seçilən müəllimdir”, – direktor belə deyir.

Aqil Əlifov direktorun dediklərinə cavab olaraq bildirib ki, hazırda onun ailəsinə aliment ödəməməyi müzakirə predmeti ola bilməz: “Direktorun şəxsi həyatımla bağlı dedikləri gülüncdür. Çünki bu mənim ailə işimdir. Hamı bilir ki, mən övladlarımı necə gözəl saxlayıram. Onun söylədikləri isə əsassızdır. Belə danışmaqla o, uşaqlarımın döyülməsi və digər faktları ört-basdır etməyə çalışır. Mən aidiyyəti qurumlardan xahiş edirəm ki, bu məsələ ciddi araşdırılsın”.


Şamaxı Rayon Təhsil Şöbəsi: "Yekun qərarı Təhsil Nazirliyi verəcək"

Şamaxı rayon təhsil şöbəsinin sözçüsü Anar Osmanov Meydan TV-yə bildirib ki, Aqil Əlifovun şikayəti ilə bağlı dəfələrlə məktəbdə monitorinq keçirilib: “Sonuncu dəfə iki həftə öncə Təhsil Nazirliyinə rəsmi məlumat göndərildi ki, məsələyə münasibət bildirilsin. Yəni təhsil şöbəsi olaraq, biz üzərimizə düşən işi görmüşük. Yekun qərarı Təhsil Nazirliyi verəcək”.


Təshil Nazirliyi: "Araşdıracağıq…"

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Meydan TV-yə açıqlamasında öncə quruma belə bir şikayətin daxil olmadığını bildirib: “Bizə belə bir məlumat daxil olsaydı, dərhal maraqlanardıq. Şikayətçi bizə müraciət etsin, bununla bağlı araşdırma aparaq. Dərhal rayonun təhsil şöbəsi ilə əlaqə saxlayacağam, məsələni onun nəzərinə çatdıracağam ki, yerində araşdırsınlar. Nə məsələ olması ilə bağlı bizə məruzə etsinlər”.

Şamaxı Rayon Təhsil Şöbəsinin nümayəndəsinin nazirliyə məsələ ilə bağlı iki həftə öncə rəsmi məktub göndərdiyini söyləyəndə isə sektor müdiri belə cavab verib: “Zəng edib, araşdırmanın nə yerdə olduğunu öyrənəcəyik".

Bir müddət öncə təhsil naziri Emin Əmrullayev məktəblərdə zorakılığa qarşı yeni mexanizm hazırlandığını bildirib.

Nazir qeyd edib ki, qısnama ilə mübarizəyə dair 2 min direktora, 4 min müəllimə təlim keçirilib: “Məktəbdaxili qısnama halları ilə mübarizə, ənənəvi və sosial mediada yeniyetmələrlə bağlı həssas məqamların düzgün əks etdirilməsi və digər faktorların həyatımıza yaxından təsir etdiyinin şahidi oluruq. Yeni mexanizm yaxın gələcəkdə məktəblərdə tətbiq ediləcək. Hər bir şagirdimizin psixoloji rifahı, sağlamlığı və təhlükəsizliyi Təhsil Nazirliyi üçün prioritetdir”.

Ana səhifəBölgəŞamaxı sakini: Direktor Ədalət Vəliyevin qohumudur, ona görə şikayətimə baxılmır