Salyanın Kür Qaraqaşlı kəndinə hərbçi cənazəsi gedib

Bələdiyyə sədri: “Nə bizdə, nə də ailəsində dəqiq məlumat var”

Source:
Salyan
Salyan


Bələdiyyə sədri: “Nə bizdə, nə də ailəsində dəqiq məlumat var”

Salyan rayonunun, Kür Qaraqaşlı kənd sakini, Gəncə “N” saylı hərbi hissənin hərbçisi Pərvin Akif oğlu Mövlanovun naməlum şəraitdə həlak olduğu bildirilir.

Bu barədə Meydan TV-yə Kür Qaraqaşlı kəndinin sakinləri məlumat veriblər. Onlar Pərvin Mövlanovun oktyabrın 29-da həlak olduğunu bildiriblər:

“Ancaq onun cənazəsi kəndə bu gün, oktyabrın 30-da gətirildi və dəfn edildi. Onun hansı şəraitdə, nə səbəbə ölməsi ilə bağlı açıqlama verilmədi”.

Meydan TV hadisənin doğruluğunu yoxlamaq üçün Kür Qaraqaşlı kənd bələdiyyəsinin sədri Telman Ağabəyovla əlaqə saxlayıb. O, Pərvin Mövlanovun cənazəsinin kəndə gətirildiyini təsdiqləyib. Ancaq onun hansı şəraitdə ölməsi barədə məlumatının olmadığını deyib:

“Bəli, doğrudur. Pərvin Mövlanovun cənazəsini bu gün gətiriblər kəndə. Ancaq o, dünən ölüb. Səbəbini bilmirik, araşdırma gedir. Dəqiqləşəndən sonra hamıya açıqlayacaqlar yəqin. Nə bizdə, nə də ailəsində dəqiq məlumat var. Cənazəni gətirənlər tamamilə başqa nümayəndələr idi. Dedilər, 1-2 gündən sonra hərbidən gələcəklər, onlar hər şeyi izah edərlər. Sadəcə onu dedilər ki, araşdırma gedir, hərbi sirrdir deyə nəsə deyə bilmərik”.

Məsələyə Müdafiə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

2017-ci ilin 9 ayı ərzində Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda azı 53 hərbi qulluqçu ölüb. Onların 17 nəfəri döyüş, 36 nəfəri isə qeyri-döyüş itkisidir. Məlumatı Xəzər Hərbi Tədqiqatlar İnstitutu yayıb.

Ana səhifəXəbərlərSalyanın Kür Qaraqaşlı kəndinə hərbçi cənazəsi gedib