Salyanda ailə: savadsızlıq, çarəsizlik, ümidsizlik…

Xankişiyevlər ailəsi, Foto Meydan TV

“Mən olmasam, bu uşağın vəziyyəti necə olar?”

Salyanın Babazanlı qəsəbəsində yaşayan Azər Xankişiyevin övladlarından biri serebral iflicdən əziyyət çəkir. Beş yaşlı Mahirə heç bir müalicə görmür. Çünki ailə adi sosial qayğıların öhdəsindən gələ bilmir.

“Həyat yoldaşım hərf tanımır”

Azər Xankişiyev Babazanlı qəsəbəsində sığındıqları rütubətli, nimdaş evdə kirayə yaşadıqlarını deyir. İlk baxışdan ailənin necə əziyyət çəkdiyi aydın görünür.

“İki övladım var. Bağışlayın, böyük qızımın yaşını dəqiq bilmirəm. Amma bilirəm ki, dördüncü sinfə gedir. Səhv eləmirəmsə, kiçik qızımın dekabrın 24-də beş yaşı tamam olacaq. Anadangəlmə bu vəziyyətdədir. Bizə kömək eləyənlər olub…” – bu yerdə atanı ağlamaq tutur. Bir müddət özünə gəlməyə çalışır. “Danışa bilmirsinizsə, söhbəti saxlayaq”, – deyirik. Ata boğazında ilişib qalan qəhəri birtəhər udur.

“Mən indiyə qədər yalnız uşaqlarımın qarnını doydurmağı düşünmüşəm. Əlimdən başqa heç nə gəlməyib…”
Söhbətin istiqamətini dəyişirik. Azər Xankişiyev deyir ki, savadsızlıq əl-qolunu bağlayıb. Həyat yoldaşı Xəyalə xanım bu məsələdə lap çarəsizdir.

Xankişiyevlər ailəsinin mətbəxi,Foto: Meydan TV

“Adicə hərf tanımır. Pul versən, gedib bazarlıq eləyə bilməz. Heç bir yerə müraciət eləyə bilmirik. Gərək yanımda kimsə ola ki, kömək eləsin”.

“Adicə sakitləşdirici dərman verə bilmirik uşağa”

Azər Xankişiyev qaynaqçıdır. Amma gözləri sıradan çıxdığından, daha bu peşə üzrə işləyə bilmir:

“Gedib qapılarda fəhləlik eləyirəm. Kim nə buyursa, gedirəm. Yaşıllaşdırma idarəsində işləyirəm, cəmi 236 manat maaş alıram. Şənbə-bazar günlərində fəhləliyə gedirəm. O da olanda gedə bilirəm. Həmişə iş olmur…”

Evin sahibi Azər Xankişiyevdən çox pul almır. Amma ayda 30 manatı ödəmək də asan görünmür.

“Birtəhər yaşayırıq. Düzü, əsas dərdim bu deyil. Uşağın fikrini çəkirəm…” – atanı yenə ağlamaq tutur, – “Əlimi açmışam Allaha. Heç bir müalicə getmir. Adicə sakitləşdirici dərman verə bilmirik ona. Əsəbiləşən kimi boynumu-boğazımı cırmaqlayır. Düz-əməlli yatmağı yoxdu. Səhərə qədər növbə çəkirik”.

Xankişiyevlər ailəsi, Foto Meydan TV

Mahirə atasına tərəf dartınır. Gəzməyə çalışır. Qolundan möhkəm tutanda beş-on addım ata bilir. Ata qızının gəzməsini çox arzulayır: “Ayaqlarını ayaqlarımın üstünə qoyub gəzdirmişəm balaca olanda…”

“Mən ölsəm, bu uşaq necə olacaq?”

Xəyalə xanımla danışmağa cəhd göstəririk. Özünü ifadə edə bilmir. Heç olmasa, ana övladlarının doğum tarixini bilirmi? Yox, o da bilmirmiş. Azər Xankişiyev deyir ki, savadsızlıq onları çox aciz vəziyyətə salıb:

“Uşağın pensiyasını düzəltdirə bilməmişik. Salyan xəstəxanasından deyirlər ki, 15 gün Bakıda yatmalıdır. Buna imkanımız çatmır. Ən azı gedib-gəlmək lazımdı. Çatdıra bilmirəm. Mən 15 gün Bakıda uşağın yanında olsam, həyat yoldaşım burda evi idarə eləyə bilməyəcək”.

Mahirənin atasının indi 55 yaşı var. Ən son gücünü ailəni dolandırmağa sərf edir.

“Bircə onu düşünürəm ki, ölüb gedəcəm, bu uşaq, heç olmasa, yeriyərdi. Başqa arzum yoxdu. Mən olmasam, bu uşağın vəziyyəti necə olar? Bu ailə nə günə düşər? Müalicəsinə kömək lazımdı. Nə bilim, özünü idarə eləyə biləydi, heç olmasa. Evsizliyin fikrini eləmirəm. Lap yenə evsiz yaşayaram…”

Foto Meydan TV

Söhbəti bitirməyə hazırlaşırıq. Mahirə nəsə demək istəyir. İnildəyir. Təbəssümünə kədər qarışır…

Ana səhifəBölgəSalyanda ailə: savadsızlıq, çarəsizlik, ümidsizlik…