Zemfira Əliyeva

Mənbə: Meydan TV

Başlıq: Zemfira Əliyeva

Salyan sakini: Dünən 40 qəpik pul tapmırdım ki, çörək alım...

“Oğlum gedib Kürün sahilindən dəmir-dümür, nə tapırsa, toplayır, satır, çörək alırıq”

Salyan rayon sakini Zemfira Əliyeva oğlu ilə birlikdə yaşayır. 58 yaşlı qadın böyük çətinliklərlə üz-üzə qaldıqlarını deyir.

“Mən nə yeməliyəm?!”

Zemfira Əliyevanın 4 oğlu var, onlardan 3-ü evlidir. O, evli övladlarının öz ailəsini güclə dolandırdığını bildirir. Dediyinə görə, uşaqları kömək etmək istəyir, amma maddi imkan buna yol vermir:

“Dörd əsgər vermişəm ölkəyə. Oğullarımdan biri budəfəki Qarabağ müharibəsində iştirak edib. Dekabrın axırında qayıdıb ailəsinin yanına. Birlikdə yaşadığım oğlumla hər ikimiz işsizik. Çox korluq çəkirik. Uşaq çox çalışır, amma işə götürmürlər. Şəxsən mən üç ildir Məşğulluq İdarəsində qeydiyyatdayam. Azərbaycan vətəndaşıyam mən də, neyləyim, acından ölüm? İcra Hakimiyyətinə getməkdən yoruldum ki, mənə bir əlac edin. Heç yerdə iş vermirlər. Pensiya da almıram. Çünki hələ pensiya yaşına çatmamışam. Bəs mən nə yeməliyəm?!”

Salyan sakininin birlikdə yaşadığı oğluna bir müddət iş tapılıb. Məşğulluq İdarəsindən qadına onlardan birinə iş verə biləcəklərini deyiblər. Amma bu da müvəqqəti olub. Kommunal Təsərrüfat İdarəsində iş cəmi iki ay sürüb.

“İcra hakimiyyətinə işlə bağlı o qədər getmişəm ki… “Şəfa broyler”ə göndərdilər, getdim, işə götürmədilər. Restoranda iş düşmüşdü, ora da yaşıma görə qəbul eləmədilər”.

“İndi yaşadığımız yeri bir adam müvəqqəti verib ki, küçədə qalmayaq"

“İndi yaşadığımız yeri bir adam müvəqqəti verib ki, küçədə qalmayaq"

Mənbə: Meydan TV

“Bizə heç kim kömək eləmir”

Zemfira xanım əvvəllər kirayə qaldığı yerin həyətindəki çayxananı icarə əsasında işlədib. Gündəlik xərclərin öhdəsindən birtəhər gəlirmiş. Obyekt satılandan sonra işsiz qalıb. Pulsuzluq bu problemin üstünə evsizlik dərdini də gətirib:

“İndi yaşadığımız yeri bir adam müvəqqəti verib ki, küçədə qalmayaq. Şəraitsiz də olsa, yaşayırıq. Həqiqətən çox pis vəziyyətdəyik. Sayğacı oğurlayıblar deyə, qaz yoxdur. Bu soyuğun günündə bir tək işığın ümidinə qalmışıq. Ancaq elektrik plitəsindən yemək bişirmək üçün istifadə edirəm. Bizə burada heç kim kömək eləmir”.

Zemfira xanım ev üçün də icra hakimiyyətinə müraciət edib. Bu məsələdə də ümidverici heç nə eşitməyib.

“Keçmiş icra başçısı Əliağa Hüseynovun qəbulunda olmuşdum. Evlər tikilirdi. Dedim ki, Əliağa müəllim, mənə də bir mənzil verin, dörd övladım var, yığışıb oturaq. Onda oğlumun biri evli idi. Mənə qayıtdı ki, sən heç olmasa, oğlunu evləndirmisən, mən oğlumu heç evləndirə də bilmirəm. Sonra məlum oldu ki, evləri elə icra hakimiyyətində işləyənlərə paylayıblar”.

“Dilənçi olmalı deyiləm axı...”

Qadının yaşadığı ev çox yararsızdır. Yağış yağanda otağa damır, qızdırıcısızdır. Zemfira Əliyeva deyir ki, işsizlik, pulsuzluq onu çox əldən salıb. Sosial yardım almaq cəhdi də uğurlu alınmayıb. Dediyinə görə, ona yardımın 5 uşağı olan analara verildiyi bildirilib.

“Pulum olsa, kirayə ev tutardım. Xəstə canımla soyuq evdə qalmışam. Dünən 40 qəpik pul tapmırdım ki, çörək alım. Aclıq çəkirik. Oğlum gedib Kürün sahilindən dəmir-dümür, nə tapırsa, toplayır, satır, çörək alırıq. Yəni bu gündəyik. Mən dilənçi olmalı deyiləm axı...”

Salyan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, icra başçısının müavini Rəşad Cəbrayılov Meydan TV-yə Zemfira Əliyevanın durumu ilə maraqlanacaqlarını və onun şikayətini araşdıracaqlarını bildirib.

Zemfira xanım ev üçün də icra hakimiyyətinə müraciət edib.

Zemfira xanım ev üçün də icra hakimiyyətinə müraciət edib.

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/z86vqn

Ən çox baxılan