"Evdə iki xəstə adam, çox pis şəraitdə yaşayırıq. "

Mənbə: meydan tv

Başlıq: "Evdə iki xəstə adam, çox pis şəraitdə yaşayırıq. "

Salyan sakini: Bizim evdə ət yediyimiz yadıma gəlmir

Məqalə yeniləndi:  18 Sentyabr 2019

“Bunun adı yaşamaq deyil”

Sədaqət Əliyeva Salyan bazarında göyərti satır. Yataqxanada yaşayan dörd nəfərlik ailədə evə qazanc gətirən yeganə adam da odur.

Həyatı axtararkən...

Sədaqət Əliyevanı elə bazarda tapırıq. Evə gedəndə yolda öyrənirik ki, 27 yaşlı qızı Həyat ruhi xəstəlikdən əziyyət çəkir. Sədaqətin həyat yoldaşı Vaqif qarşımıza çıxır. Güclə nəfəs alır. Xanımı deyir ki, ağciyərindən əməliyyat olunandan sonra da vəziyyəti yaxşılaşmayıb, çətinliklə yeriyir.

Vaqif Sədaqətə üzünü tutub deyir ki, yenə Həyatı tapa bilmir. Qız tez-tez belə baş alıb gedir. Onu saatlarla axtarmalı olurlar.

“Anadan travma ilə doğulub. Bilməmişəm, çünki bütün həyatımı stress içində yaşamışam. Hamilə olanda müayinədən keçməmişdim. Müalicəsi üçün çox çalışdıq. 20 yaşı olanda Tehrana apardım. Dedilər, inkişafdan qalıb, çox gecdi. Bəzən çox aqressiv olur. Dərman atanda bir az sakitləşir. Yoxsa çox danışır, özü də təkrar-təkrar. Səsini yüksəyə qaldırır”, - Sədaqət qızının xəstəliyindən danışır.

Həyat 130 manat təqaüd alır. Sədaqət deyir ki, bu pul qızının heç dərman xərci eləmir. Müalicəsinə dəfələrlə çox pul xərcləyiblər.

Həyatı tapıb gətirirlər. Stul çəkib lap yaxında əyləşir. Diqqətlə qulaq asır, amma heç danışmır. Sədaqət deyir ki, qızı özünü körpə kimi aparır: “Hər şeyi anlamır. Deyir, niyə bizə qurban əti vermirlər? Mən gedib camaata necə deyim ki, bizə də ət verin?”

"Kommunal xərcləri ödəmək bir ayrı dərddir"

"Kommunal xərcləri ödəmək bir ayrı dərddir"

Mənbə: meydan.tv

“Bu rejimdə işləməsəm, gərək ailəlikcə dilənək”

Sədaqət Əliyeva göyərti satmaqla qəpik-quruş qazandığını deyir. Gecə 3-ün yarısı vağzala mal götürməyə gedir. Axşam saat 8-in yarısına qədər vaxtını bazarda keçirməli olur. “Mən yuxu üzü görmürəm. Bu rejimdə işləməsəm, gərək ailəlikcə dilənək”, - qadın çarəsiz danışır.

Yataqxanadakı otağın vəziyyəti də ailənin ağır şərtlərlə yaşadığından xəbər verir. Mətbəx adlandırdıqları bir neçə kvadratmetrlik nimdaş yer gözə dəyir. Ailənin ayrıca ayaqyolu, vanna otağı yoxdur.

“Anam iki aydır rəhmətə gedib. Onu da altı il burada saxladım. Evdə iki xəstə adam, çox pis şəraitdə yaşayırıq. Özünüz görürsüz hər şeyi. Həyat yoldaşım məndən beş yaş kiçikdi, amma xəstəlik onu elə əldən salıb ki, xeyli yaşlı görünür. Ona pensiya düzəltmək istədik, pul istədilər. 1500 manat dedilər. O qədər pulum olsa, gedib göyərti satmaram ki...”, - Sədaqət belə deyir.

Qadın danışır ki, sosial yardım almağa cəhd eləyiblər. İş yerindən arayış tələbi ortaya çıxıb. Sədaqət vəziyyətini dəqiq təsvir eləyəcək ifadə işlədir: “Mənim iş yerim bazardı. Orda arayış yoxdu, acından ölməmək üçün mübarizə var”.

“Mənim iş yerim bazardı"

“Mənim iş yerim bazardı"

Mənbə: meydan.tv

“İki gün əvvəl intihar eləmək istədim”

Sədaqət Əliyevanın dediyinə görə, illərdir belə ağır vəziyyətdə yaşayırlar, heç vaxt asan olmayıb. Həmişə həyat yoldaşının, qızının xəstəliyi ilə çarpışıblar. Adicə yemək qayğısının öhdəsindən gələ bilmirlər: “Bizim evdə ət yediyimiz yadıma gəlmir”.

Kommunal xərcləri ödəmək bir ayrı dərddir. Bir müddət əvvəl borca görə işığı kəsiblər. Qışda qayğılar öhdəsindən gəlməyəcək qədər artır.

“Bütün yük mənim çiyinlərimdədi. Gedib oğurluq eləyəsi, narkotik maddə satası deyiləm. Göyərti satıram ki, balalarım kiminsə əlinə baxmasın. İki gün əvvəl intihar eləmək istədim. Daha yükü daşıya bilmirəm. Sonra düşündüm ki, bu boyda külfət məndən asılıdır. Özünü öldürəndə də deyəcəklər ki, xəstə uşağı atıb getdi. Mən yaşamıram. Bunun adı yaşamaq deyil”, - söhbəti belə bitiririk...

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  18 Sentyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/6ornx9

Ən çox baxılan