Taleh Bağırzadə: “Bunları ən çox qorxudan bizim Əli Kərimli və Milli Şura ilə birlikdə olmağımızdır”
Oktyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
İstəyirik qanunlar hamı üçün işlək olsun
Meydan TV-nin məlumatına görə, prosesdən əvvəl çıxış edən Taleh Bağırzadə deyib ki, onların məqsədi İslam dövləti qurmaq deyil:
“Biz istəyirik ki, qanunvericiliklə olsun hər şey tətbiq olunsun. Bizim gözəl qanunlarımız var. İstəyirəm ki, qanunlar hamı üçün işlək olsun. Oktyabrın 18-i Müstəqillik Günüdür. Lakin bayram kimi qeyd etmirlər. Bunlarda dövlət anlayışı yoxdur, ancaq klandır. Elə bilirlər ki, Heydər Əliyev hər şeydir. Bizim tariximiz, şəxsiyyətlərimiz var. Biz ona görə savaşırıq ki, dövlətçiliyimiz güclənsin. Elə bilirlər ki, ancaq Heydər Əliyev və onun uşaqları hakimiyyətdə olmalıdır. Bunları ən çox qorxudan bizim Əli Kərimli və Milli Şura ilə birlıikdə olmağımızdır. Biz dindarlara da başa salırıq ki, Milli Şura, Əli Kərimli düz yoldadırlar və onlarla bağlı deyilən yalanlara inanmasınlar.
Milli Şura dindarları müdafiə edir və bizim arxamızdadır. Fuad Qəhrəmanlı da bizi müdafiə etdiyi üçün həbs edilib. Bunlar yerə də girsələr, göyə də çıxsalar, bizə nəsə edə bilməzlər. Gah dedilər, İrana işləyirəm, gah dedilər, Amerikaya. Heç olmasa birini deyərdilər. Bizim kiminsə maliyyəsinə ehtiyacımız yoxdur. Allah bunlara öz əlləri ilə tələ qurublar. Bunlar da çabalayırlar və çabalayanlar da tez batırlar”.
Ənvər Seyidov bizə söz verdi
Daha sonra Taleh Bağırzadə gənc fəal Qiyas İbrahimova hökm oxuyana hakim Ənvər Seyidovla bağlı arayış verib: “Bir müddət əvvəl Ənvər Seyidov gəlib bizə dedi ki, narahat olmayın, sizi buraxacaqlar. Biz də ona dedik ki, Qiyas İbrahimovla bağlı ədalətli qərar çıxarsın. O da bizə söz verib getdi. Lakin hamı gördü ki, necə ağır cəza verdi. Bununla sübut etdi ki, hakimiyyətin əlaltısıdır. Deyirdi ki, nəsli seyiddir. Seyid ona qənim olsun ki, gənc və günahsız bir adama elə ağır cəza verdi”.
Mülki geyimli polislər zaldan çıxarıldı
Daha sonra iclasda Nardaran sakini şahid Valeh Abbasov ifadə verib. O, yazıb-oxumağı bacarmadığını, istintaq zamanı verdiyi ifadəni oxumadığını deyib. Buna görə onun istintaq zamanı verdiyi ifadəsi elan edilib. Istintaq zamanı verdiyi ifadəsində deyib ki, Taleh Bağırzadənin Əbülfəz Bünyatovun evində qonaq olmasını bilib, oraya gedib. Taleh Bağırzadə islam dövləti yaratmaqdan, silahlanmaqdan, dövlət çevrilişi etməkdən danışıb. V. Abbasov məhkəmə zamanı deyib ki, elə bir ifadə verməyib.
Daha sonra iclasda məlum olub ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməliyyatçıları mülki geyimdə zalda əyləşiblər. Təqsirləndirilən şəxslərin tələbindən sonra onlar zaldan çıxarılıb. Hakim deyib ki, açıq proses olduğu üçün hər kəs iclasda iştirak edə bilər. Fuad Qəhrəmanlı isə deyib ki, əgər bir daha belə bir hal təkrarlansa, etirazla qarşılayacaqlar.
Mənim elə çıxışım olmayıb
İclasda şahid qismində Bəxtiyar Aşurov da ifadə verib. Maştağa sakini olan B. Aşurov deyib ki, yolda gedən zaman polis əməkdaşları onu saxlayıb ifadə almağa aparıblar. O, istintaq zamanı verdiyi ifadəni oxumadığını deyib. Onun da istintaq zamanı verdiyi ifadə elan edilib. O, ifadəsində deyib ki, Taleh Bağırzadəni məsciddə çıxış edən zaman görüb. T. Bağırzadə dini dövlət qurmaqdan, dövlət çevrilişi etməkdən danışıb.
Taleh Bağırzadə isə deyib ki, onun elə bir çıxışı olmayıb: “Mənim bütün çıxışlarım internetdə var. Əgər belə ifadə olsaydı, çoxdan üzə çıxmışdı”.
Fuad Qəhrəmanlı deyib ki, bu cür ifadələr ittihamı təsdiq yox, ifşa edir.
Şahid Samir Babayev isə deyib ki, ötən il noyabrın 5-də Elçin Qasımovun həbsinin səbəbini öyrənmək üçün Sabunçu rayon Polis İdarəsinə gediblər. Bu zaman onları tutub idarədə işgəncə veriblər: “Ağəli Yəhyayevin şalvarını cırıb, cinsiyyət üzvünə tok verdilər. Bizi yıxıb yerə döyürdülər. Soruşurdular ki, peşmansınız. Deyirdik yox, yenə döyürdülər. Məni bir gün saxlayandan sonra azadlığa buraxdılar”.
S. Babayev deyib ki, Nardaran hadisələrindən sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıb dindiriblər: “Məni dindirəndə İslam Ağabəyov da orada idi. Taleh Bağırzadənin nədən danışması haqqında soruşdular. Mən də dedim ki, dindən danışıb. Sonra Hacı Əlinin və başqalarının şəklini göstərib dedilər yaz ki, bunlar dövlətə qarşı çıxıblar. Mən də dedim ki, cəhənnəm odundan qorxuram, edə bilmərəm. İfadəni imzalyanada isə oxumaq istədim, qoymadılar”. O, ifadələrinin bir hissəsini təsdiq etməyib.
Vəkillər isə deyiblər İslam Ağabəyov iş üzrə zərərçəkmiş kimi tanınan polislərdən biridir və məhkəmədə ifadə verən zaman ondan iş üzrə hansısa istintaq tədbirində iştirak edib-etməməsi barədə soruşulanda, o “yox” cavabını verib. Vəkillər həmin məsələnin araşdırlması üçün İ. Ağabəyovun yenidən məhkəmədə dindirilməsi barədə vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib.
Dəfələrlə qanımı axıdıblar
Taleh Bağırzadə deyib ki, Azərbaycan hakimiyyəti şiddətdən, adam öldürməkdən istifadə edir: “Hacı Məmmədov, Akif Çövdarov göz qabağındadır. Dəfələrlə məni aparıb döyüb, qanımı axıdıblar. Amma mən kiminsə qanını tökməmişəm. Bəzən qandan danışanda səhv başa düşürlər. Biz öz qanımızdan danışırıq. Azərbaycan hakimiyyəti repressiyaları çoxalda bilər. Biz də öz qanımızda onları boğa bilərik. Öldürsələr də, bu yoldan dönən deyilik”.
Abbas Hüseynov isə deyib ki, o həbs olunmazdan əvvəl Balaxanıda işləyib: “Mən təxmini İslam Ağabəyovun evinin yerini bilirəm. Orada işləyəndə eşitdim ki, Balaxanıdakı narkobaronlara İslam Ağabəyov “krişalıq” edir”.
Daha sonra iclasda şahid qismində İlqar Atakişiyev ifadə verib. O bildirib ki, istintaq zamanı ona Fuad Qəhrəmanlı haqqında suallar verilib.
Vəkil Nemət Kərimli ondan soruşub ki, Fuad Qəhrəmanlının statuslarını oxuyandan sonra onda dövlət çevrilişi etmək fikirlər yaranıb, yoxsa statuslar onun fikrinə təsir etməyib?
Şahid belə bir fikir yaranmadığını deyib.
Daha sonra onun istintaq zamanı verdiyi ifadəsi elan edilib. O, ifadəsində bildirib ki, F. Qəhrəmanlı radikal olduğu, xalqı mitinqlərə, iğtişaşlara çağırdığı üçün onun fikirlərini qəbul etmir.
Bu ifadəyə münasibət bildirən şahid isə ifadəsini tam oxumadan imzaladığını deyib: “İfadəmi kompüterdə yazıb verdilər. Mən də imzaladım ki, tez buradan çıxıb gedim”.
Proses oktyabrın 28-də davam edəcək.