Salome Zurabişvili: “Rusiya Gürcüstanda marionet hökumətin əli ilə qalib gəlsə, başqa yerlərdə də bunu edəcək”

Salome Zurabişvili. Foto: Reuters

O, indiki şəraitdə mandatını xalqdan aldığını vurğulayıb

“Amerika birinci ölkə olmaq və güclü olmaq istəyirsə, Qafqazda kiçik bir ölkədə – “öz siyasətini diktə edən və Vladimir Putinin maraqlarına xidmət edən bir insan tərəfindən” alçaldıla bilməz”.

Bunu Vaşinqtonda Donald Trampın inauqurasiyasında Gürcüstanı təmsil edən sabiq Prezident Salome Zurabişvili Turan-ın Vaşinqtondakı müxbirinə müsahibəsində deyib.

Salome Zurabişvili Gürcüstanın müttəfiqlərini “seçkiləri saxtalaşdırmaqla” hakimiyyəti əlində saxlayan “Gürcü arzusu” hökumətini dəstəkləməkdən yayınmağa çağırıb.

O, indiki şəraitdə mandatını xalqdan aldığını vurğulayıb.

“Bu, iki aydır ki,  küçələrdə olan insanların mandatıdır. Rusiyanın açıq-aşkar müdaxiləsi ilə seçkilər saxtalaşdırıldığına görə deyil, həm də hökumət Gürcüstanı Rusiyanın tərkibinə qaytarmağa çalışdığına görədir. 28 noyabr tarixli qərarın məğzi budur və bu, həqiqətən də küçələrdə kütləvi etirazlara səbəb olub”.

Sabiq prezident bildirib ki, “Xarici agentlər haqqında” qanun əhalinin etimadının itirilməsinə gətirib çıxarıb.

“İvanişvilinin nitqini və ya baş nazirin nitqini oxusanız, bu, bizim ən yaxın tərəfdaşlarımıza – 1991-ci ildə müstəqilliyini əldə etdiyi andan etibarən hər zaman Gürcüstanı dəstəkləyən ölkələrə qarşı müharibə elan etməkdir. Gürcüstan 33 il ərzində adambaşına ən çox Amerika yardımı alan ölkədir.

Odur ki, gürcü əhalisi ölkənin tərəfdaşlarına qarşı belə bir ritorikanın nəyə əsaslandığını anlamır. Strateji tərəfdaşlıq üçün Çinə müraciət etməyin və ABŞ ilə strateji tərəfdaşlığı itirməyin səbəbi aydın deyil. Bu gün Gürcüstan üçün həlledici məsələ təhlükə altında olan müstəqillikdir”.

Digər məsələnin isə hakimiyyət olduğunu vurğulayan sabiq Prezident  deyib ki, iqtidarda olan insanlar onu itirmək istəmirlər.

“Korrupsiya yeni zirvələrə çatıb. Bundan başqa, onlar Rusiyanın strategiyasına tabe olurlar, əhalinin belə güclü reaksiyasının səbəbi budur”- Salome belə deyib.

O bildirib ki, Gürcüstanda əvvəllər demokratiya və islahatlar vəd edən və Avropa İttifaqının tövsiyələrini qəbul edən rejim var idi. Sonra isə bu,  tədricən daha avtokratik rejimə keçdi.

“Rejimin başında bir nəfər dayanır və bütün qərarları o qəbul edir. Bu, İvanişvilidir. İkinci yalan ondan ibarətdir ki, o, özünü qərbyönümlü, avropayönümlü rejim kimi qələmə verir. 2016-cı ildə onlar hakimiyyətə gəldikdə Konstitusiyaya Gürcüstanın üzərinə Avroatlantik inteqrasiyaya nail olmaq üçün bütün addımları atmaq öhdəliyi qoyan maddə daxil etdilər. Xalq məhz bunu dəstəklədi, ancaq sonradan bütün bu proqram tamamilə tərsinə çevrildi. Birdən, noyabrın 28-də baş nazir dedi ki, Gürcüstan Avropa İttifaqına qoşulma yolundan imtina edir, bu, NATO-dan da imtina deməkdir. Ona bu mandatı kim verib? Heç kim.

“Gürcü xalqı uğur əldə edə bilərmi?”- sualına cavabında Zurabişvili bunun üçün iki şeyin lazım olduğunu qeyd edib.

“Bu, gürcü xalqıdır və insanlar bunu özlərinin etməli olduqlarını yaxşı başa düşürlər. Biz dinc vasitələrlə qalib gələcəyik. İkincisi, tərəfdaşlarımız Gürcüstanda nəyin təhlükədə olduğunu başa düşməlidirlər: bu, təkcə demokratiya deyil, bu, Rusiya ilə qüvvələrin tarazlığıdır. Ukraynadakı müharibədən sonra onun artıq Avropada əsas hərbi dövlət olmadığı aydın oldu. Amma Kiyevə qalib gələ bilməyən Rusiya Gürcüstandakı marionet hökumətin əli ilə Qafqazda qalib gələ bilsə, onlar başqa yerlərdə – Rumıniya və Moldovada da bunu edəcəklər”.

“Biz kifayət qədər güclüyük, bizə diqqət lazımdır və bizə iştirak – siyasi iştirak lazımdır, bu isə o deməkdir ki, bizə Rusiyaya “Gürcüstandan əlini çək” demək üçün güclü bəyanatlar lazımdır”- Salome Zurabişvili belə deyib.

Salome Zurabişvili sonda qeyd edib ki, Gürcüstanın indiki hakimiyyəti tanınmaq problemi ilə üz-üzə qalıb.

“Onlar artıq Gürcüstanı idarə etmirlər. Tərəfdaşlarımızın əksəriyyəti onları tanımır. Aydındır ki, regional planda, bilavasitə qonşular tanıyır. Amma qalan dünyada avropalı tərəfdaşlarımızdan və ya amerikalılardan heç kim onları tanımır. Daha önəmlisi isə, onları öz xalqı tanımır”.

Ana səhifəSiyasətSalome Zurabişvili: “Rusiya Gürcüstanda marionet hökumətin əli ilə qalib gəlsə, başqa yerlərdə də bunu edəcək”