Saleh Rüstəmovun səhhəti ilə bağlı tibbi ekspertiza keçiriləcək

Saleh Rüstəmov, Foto: Meydan TV

Məhkəmə 41 gün aclıq edən şəxslə bağlı qərar verdi

Xalq Cəbhəsinin hakimiyyəti dövründə Gədəbəyin icra başçısı olmuş, AXCP-yə maliyyə yardımı ittihamıyla həbs edilən Saleh Rüstəmov 41 gün aclıq etdiyi dövrdə onun vəkilləri məhkəməyə ərizə vermişdi. Müdafiəçilər Bəhruz Bayramov və Aqil Layıc onun səhhətində kəskin problemlər olduğunu vurğulayaraq, bu əsasla azadlığa buraxılmasını istəyirdilər. Həmin ərizəyə dekabrın 30-da Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyilə baxılıb.

Hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Saleh Rüstəmov məhkəməyə gətirilməsə də, oradan onlayn qaydada prosesə qoşulub. O bildirib ki, dekabrın 16-dan aclığı dayandırsa da, səhhətində yaranmış problemlər aradan qalxmayıb. Onun sözlərinə görə, hələ də hərəkət etməkdə çətinlik çəkir.

Vəkillər Aqil Layıc və Bəhruz Bayramov ərizəni müdafiə edərək bildirib ki, işin içində Müalicə Müəssisəsində Saleh Rüstəmovu müayinə etmiş müxtəlif həkimlərin, o cümlədən türkiyəli mütəxəssislərin tərtib etdiyi aktlar var. Həmin sənədlərdən də görünür ki, onun səhhətində ciddi problemlər var.

Lakin prokuror deyib ki, bu sənədlər kifayət deyil, tibbi ekspertizanın keçirilməsinə ehtiyac var. O, ekspertiza təyin olunmasını təklif edib.

Hakim Nəriman Mehdiyev qısa müşavirədən sonra prokurorun təklifinə uyğun olaraq, tibbi ekspertizanın keçirilməsi haqda qərar çıxarıb. Bu qərar üç gün ərzində icra olunmaq üçün Müalicə Müəssisəsinə göndəriləcək.

Aqil Layic, Foto: Meydan TV:

“Qanunda bu cür məsələlərə baxılması üçün 10 günlük prosessual müddət müəyyən olunub. Əgər ekspertiza təyin olunacaqdısa, məhkəmə öz təşəbbüsüylə bunu indiyədək təyin edib, cavabını da ala bilərdi. İşin içində yetərincə mütəxəssis rəyləri var. Bəzi rəylərdə, hətta beyin hüceyrələrinin ölməsi təhlükəsindən bəhs olunur. Fiziki hərəkətlərdə çətinlik çəkir. Təngnəfəslik var. Saleh Rüstəmovun özünün görünüşündən də aydın olur ki, adamın sağlıq durumu yaxşı deyil”, – vəkil Aqil Layıc bildirib.

Saleh Rüstəmovun oğlu Sezgin Rüstəmov Meydan TV-yə bildirib ki, dekabrın 30-da Penitensiar Xidmətin Müalicə Müəssisəsində atasıyla görüşüb: “Müalicəsi davam edir. 41 günlük aclıqdan sonra orqanizmin bərpası hələ uzun müddət çəkəcək. Aclıq nəticəsində kəskin çəki itirmişdi. Aclığın son günlərində ödü də şişməyə başlamışdı. Hazırda həm də buna görə müalicə olunur”.

Saleh Rüstəmov eyni zamanda, börək çatışmazlığından əziyyət çəkir.

Saleh Rüstəmov 1992-1993-cü illərdə Gədəbəyin icra başçısı olduğu dövrdə həm də Qarabağ döyüşlərində iştirak edib. O, ən uğurlu hərbi əməliyyatlardan hesab edilən Başkənd əməliyyatına rəhbərlik edib. 1992-ci ilin 6–8 avqustunda baş tutan bu əməliyyat nəticəsində Gədəbəyin Başkənd qəsəbəsi və bir neçə kənd işğaldan azad edilib.

Sezgin Rüstəmov, Foto: Meydan TV

Saleh Rüstəmov 1998-ci ildə oğlunun xəstəliyi ilə əlaqədar Rusiyaya köçüb və o vaxtdan ailəsilə birlikdə orada yaşayıb. 2018-ci ilin mayın 8-də Azərbaycanda olarkən – qardaşı və onun həyat yoldaşıyla maşında gedəndə Şəmkir postunda saxlanılaraq, Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib. Ondan iki gün sonra qardaşı oğlu Vidadi Rüstəmli həbs olunub. Onlara qarşı ilkin ittiham narkotik olsa da, hər ikisindən AXCP-yə maliyyə yardımı barədə ifadələr alınıb. Bundan sonra – mayın 25-də AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli tutulub. Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, bu beş nəfər çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. İddiaya görə, Saleh Rüstəmov AXCP-yə 420 min dollar pul göndərib.

Saleh Rüstəmov və digər təqsirləndirilən şəxslər bu ittihamı rədd edib. O bildirib ki, 20 günə yaxın işgəncəyə məruz qaldıqdan sonra ondan tələb olunan ifadəyə imza atmağa məcbur olub. Xalq Cəbhəsinin üzvü olduğunu deyən Saleh Rüstəmov təsdiqləyib ki, siyasi məhbus ailələrinə yardım məqsədilə həm o, həm də Rusiyada yaşayan digər azərbaycanlılar ara-sıra yardım göndərib. Lakin bu yardımların ümumi məbləği iki il ərzində 1-12 min dollardan çox olmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmov 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirliyə şərti cəza verilib. Sonradan Ali Məhkəmə Saleh Rüstəmlinin cəzasını 2 ay azaldıb.

Məhkəmənin hökmündə Saleh Rüstəmlinin yaxınlarına məxsus mənzil və başqa daşınmaz əmlakların, hətta atalarından qalma evin də müsadirə olunması əksini tapıb.

Babək Həsənov cəzasının başa çatmasına iki ay qalmış – bu il martın 17-də imzalanan sonuncu əfv sərəncamı ilə azadlığa buraxıldı.

AXCP bu cinayət işinin qondarma olduğunu bəyan edib, partiyaya qarşı illərdir davam edən repressiyaların davamı kimi qiymətləndirib.

Ana səhifəSiyasətSaleh Rüstəmovun səhhəti ilə bağlı tibbi ekspertiza keçiriləcək