”Sal başını aşağı…”

İki nəfərin cinsi münasibətə girdiyi yerdə videosu yayılır

Source:

İki nəfərin cinsi münasibətə girdiyi yerdə videosu yayılır. Qadın uşaqdır (deyəsən, heç 14 yaşına da çatmamışdı). Deyirlər, video gizli çəkilməyib. Nəticə: Qadını qınayırlar. Bəs 17 yaşlı olduğu deyilən oğlan? “Zorlamayıb ki. Cinsi istismar yoxdur ki”. Vəssalam. Bunlar yoxdursa, əlinə keçən uşağın başını aldadıb onunla cinsi əlaqəyə girə bilərsən. Cinayət Məcəlləsinin 152-ci maddəsinin cəmi 1 cümləsini isə sonadək oxumurlar: “On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə”. Cinayət Məcəlləsi ən konkret aktdır qanunvericilikdə. Yazılmayıbsa, yoxdur. Yazılıbsa, tətbiq edilməlidir. Bu maddədə cinayətin obyektiv tərəfinin ifadəsi kimi “cinsi istismar”, “zorlama” yazılmayıb. Yəni 16 yaşına çatmamış şəxslə əlaqədə olmağın cinayət sayılması üçün bunun uşağın iradəsi ziddinə olması, zorlama olması, cinsi istismar olması tələb olunmur. Amma uşağı qınayırlar. Səbəb?

Qadın könüllü olub, özü seks istəyib. Patriarxal cəmiyyətlərdə isə qadının seks istəməsinə yaxşı baxmırlar. Bir ailə, məsələn, bu səbəbdən dağılıb. Qadın seks vaxtı orqazm olduğunu deyib, əri ona “fahişə” deyərək, qovub.

Bir video yayılır, bir xanım, deyəsən, 2 oğlanla qeyri-təbii cinsi münasibətdə olur (videolara baxmadığıma görə eşitdiklərimi deyirəm). Məlum olur ki, oğlanlardan biri onu videosunu yaymaqla təhdid edərək, dostları ilə də əlaqəyə girməyə məcbur edir. Qınanan yenə qadındır. Çünki lap əvvəldə özü könüllü olaraq, sekslə məşğul olub. Qayıdırıq yuxarıdakı səbəbə – axı qadının seks istəməsi yaxşı şey deyil.

Video yayılır. Bir qadın avtobusda oğlana deyir ki, “ayaqlarını düz qoy, adam kimi otur”. Oğlan onunla kobud danışır, vurmaqla təhdid edir, əvəzində təhdid kimi istifadə etdiyi şilləni özü yeyir. Ardınca qadına yumruq vurur. Bununla da kifayətlənmir, avtobusdakı başqa qadın onun üstünə qışqırır deyə onu da döyür. Nəticə: Qadını qınayırlar. Səbəb – qadınların bir hissəsi avtobusda yer uğrunda həyasızlıq edirlər. Bu qadın edirmi? Bilmirlər, videoda qadın oğlandan yalnız düz oturmağı tələb edir. Bəs bu qadını da o həyasızların gözünə qatıb qınamaq olarmı? – “Master degree”. Bəs döymək, təhdid? Döyülən qadındırsa, bu, o qədər də əhəmiyyət kəsb etmir. Döyülən kişi olsa idi, “ponyatka” söhbəti ilə məsələni “aydınlaşdırardılar”.

Qadın siyasi səbəblərdən tutulur, şərlənir, soyundurulub videosu çəkilir, təhdid edilir. Köhnə videolarını tapıb yayırlar. Nəticə – qadın qınanılır. Səbəb? – Şəxsi həyatı bunların xoşuna gəlməyib. Bəs kişi eyni cür davransa idi, musiqi sədaları ilə köynəyinin yaxası açıq rəqs etsə idi? – Zor eləyir.

Qadın seks istəyə bilməz, qadın öz hüququnu tələb edə bilməz, təhdidə qarşılıq verə bilməz; belə yaxşıca susa bilər, boynunu bükə bilər, videosu yayılanda özünü öldürə bilər, bakirə çıxmayanda keçəl olub eşşəyə tərs otura bilər. Çox şey edə bilər, amma hüququnu tələb etdisə, işlər fırıqdır. Özü də nəinki savadsız, dünyagörüşsüz insanlara münasibətdə belə davranmalıdır, qətiyyən, yox. Hər kəsə qarşı – xaricdə universitet bitirəninə, hüquq və azadlıqlardan danışanına, demokratına, dünyagörüşlüsünə – hamısına qarşı müti olmalıdır, susmalıdır, yoxsa adı üstündədir: “q…ə”.

Amma susmamalısan, videonu paylaşanları da, səni qınayanları da, şantaj edənləri də rədd etməlisən, mübarizə aparmalısan, əlini gözünə soxanın əlini qatlayıb hüquq-mühafizə orqanlarına təhvil verməlisən, bu cəmiyyətin gözündə fahişə olmalısan, fəqət onların istədiyi kölə olmamalısan. Bu lənətli ölkədə doğulmaq həyata azı 5-0 geridə başlamaq deməkdir, bu ölkədə qadın kimi doğulmaq isə 10-0 geridə başlamaqdır. Həyatın sıfır nöqtəsinə çatmaq üçün 10 pillə keçilməsi lazımdır bu xarabada.

Qadın hüquqları imiş. Sal başını aşağı, bozbaşımı bişir, kameraya da əl elə, sonra dostumun bozbaşını bişirəcəksən.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim Fikrimcə”Sal başını aşağı…”