Daşkəsənin kəndlərində külək tövlələri dağıdıb, quşçuluq təsərrüfatlarına zərər vurub
Martın 24-də Daşkəsəndə baş verən güclü külək bir çox fərdi tikiliyə və təsərrüfata ziyan vurub. Rayonun Əmirvar kənd sakinləri Meydan TV-yə danışırlar ki, güclü külək çəpərləri və tövlələri dağıdıb, fərdi quşçuluq təsərrüfatlarına zərər vurub. Məsələn, Cəmilə Rəşidovanın 50-yə yaxın toyuğu, xeyli hinduşka və qazı dağıntılar altında qalaraq tələf olub. Ev sahibəsinin deməsinə görə, hələ də həyətə nə yerli icra hakimiyyətindən, nə də bələdiyyədən gəlib baxış keçirən olub: “Dam qırıq-qırıqdı, bu dəqiqə yağış başlasa, evin içi suyla dolacaq. Deyirlər, gözlə, iş günü deyil”.
Xoşbulaq sakinləri də bir anda başlayan güclü küləyin qarşısında aciz qaldıqlarını bildirirlər. Külək bir neçə evin dam örtüyünü və tövlələri yararsız vəziyyətə salıb. Kənd sakinləri deyirlər ki, işıq dirəkləri və naqillər köhnədir. Külək naqilləri qıraraq hasarların üstünə və ağaclara sarıyıb. Bu üzdən də naqillərin qırıldığı ərazilərdən addımlamaq təhlükəlidir.
Kənd sakini Eldar Şamilov:
“Bir neçə dirək aşıb. Onsuz da köhnə, taxta şalbanlar idi, yerlərin də zorla dayanmışdılar”.
Daşkəsən Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, külək bir neçə binanın dam örtüyünü tamamilə dağıdıb, evlərə və obyektlərə ziyan vurub, dəmir konstruksiyalı elektrik dirəklərini aşırıb. Enerjinin verilməsində fasilələr yaranıb:
“Ancaq Rayon Fövqalədə Hallar Komissiyasının tapşırığı ilə bir sıra xidmət müəssisələri gücləndirilmiş iş rejiminə keçib. Artıq fəsadlar aradan qaldırılmaqdadır. Enerji verilişi də bərpa olunub”. Fəsadların aradan qaldırılmasına başlanılıb.
Qurumdan bildirilib ki, külək əsasən rayon mərkəzindəki bir neçə binanın dam örtüyünü dağıdıb. Kəndlərdə fərdi evlərə zərər dəyməsi barədə məlumat yoxdur.
Yalnız bir neçə inzibati binanın dam örtüyü zədələnib. Məsələ ilə Fövqəladə Hallar Komissiyası məşğul olur.