Otuz məcburi köçkün ailəsi köçmək istəməsə də, ev əşyalarını yığıb bir küncə qoyublar. Evlərinə gələn rəsmi şəxslər onlara könüllü razılaşmasalar, məcburi şəkildə köçürüləcəklərini deyiblər.
Bura Oksigen zavodunun həyətidir. Sakinləri əsasən məcburi köçkünlərdir. 1993-cü ildən burada qamışlıqları qırıb ev düzəldənlər var. Amma evlərin sənədləri yoxdur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu ailələri Qobuda tikilən bina evlərinə yerləşdirmək istəyir. Köçürülmə prosesi iyulun 14-dən başlayıb. Əlliyə yaxın ailə köçürülüb. 30 ailə isə kompensasiya qarşılığında köçəcəklərini deyirlər. Rəsmi şəxslər evlərin yerində park salınacağını açıqlayıblar.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən sorğumuza cavab verilmədi.
Xətai rayon İcra Hakimiyyətindən telefon zənglərimizə cavab verən olmadı.
Zemfira Nəcəfova üçün təkcə evi qiymətli deyil, həm də evinin yanında əkdiyi tut ağacı əzizdir. Ağacın kölgəsində dincəlməyi arzulayırdı, indi getməyə məcbur edilir.