Binəqədi İcra Hakimiyyəti, Ağasadiq Gəraybəyli küçəsində yerləşən 9 nömrəli yataqxananın 32 illik sakinlərini bu binadan çıxarmaq istəyir. Amma cəmi 30 500 manat müqabilində.
5 ildir boşaldılmağa başlayan yataqxanada 37 ailə qalıb. Onlara təklif edilən məbləğdən narazıdırlar.
Yataqxana sakini Mehriban Rüstəmov deyir ki, İcra Hakimiyyəti yataqxanada olan 30 əlavə otağı hesablamır:
“91-ci ildən ailəm ilə burada yaşayırıq. İki uşağım var, anadangəlmə əlildirlər. Yoldaşım fəhlə işləyib, ev növbəsinə düşüb. Qaçqınlar gələndən sonra həmin ev qaçqınlara qaldı. O vaxtdan biz burada yaşayırıq. Sahibkarın nümayəndəsi bura gələndə birinci bizim evdən başladılar. Əlil qızım 10-cu mərtəbədə qalır, onun evindən başladılar ki, sahibkar bizə məlumat verib ki, artırmalara da pul hesablayıb verin. Bu məlumat bizim İcra Hakimiyyətinə çatdı. Burada 30 əlavə otaq var. Mətbəx, hamam, ayaqyolu. Bunları da otaq kimi nəzərə alıb, onların da pulunu mənimsəyirlər, bu artırmaların da pulunu öz hesablarına mənimsəyirlər”.
Yataqxana sakini Şəfiqə Hüseynova deyir, müvəqqəti olaraq yerləşdirildikləri yataqxanada 32 ildir ki, yaşayırlar. Yataqxana çoxdan onların özəl mülkünə çevrilib:
“Bizi müvəqqəti bura yerləşdirdilər ki, ev növbəsi olanda ev alacaqdıq. Yoldaşlarımız illərlə DSK-nın işçisi olub. Ev növbəsinə dayanıblar. Ev növbələri çatan vaxt müharibə başlayıb, yarımçıq qalıb. Buranı müvəqqəti veriblər bizə ki, yaşayaq. Biz də yaşayandan sonra prezidentimizin qərarı ilə buranı özəlləşdirdik. Hərənin özünə bir otaq da olsa, özəlləşdirmişik. Biz burada sakinik, sənədimiz var”.
Sakinlər danışır ki, İcra Hakimiyyəti artıq 2-ci dəfədir onları məhkəməyə verir. Amma heç bir halda narazı sakinlərlə razılaşmaq istəmir:
“İcra hakimiyyəti 37 ailəni məhkəməyə verdi, hamı getdi məhkəməyə. Məhkəmə baxılmamış qaldı, bizim xeyrimizə qaldı. İndi təzədən yenə veriblər. Mən başa düşmürəm niyə verirlər? Bizi niyə məcburi çıxardırlar? Axı bizim çıxarışımız var, öz evimizdir”.
Şikayətçilər onlara ev verilməsini tələb edir. 30 500 manata ev tapmağın mümkünsüzlüyündən danışırlar:
“Buranı söküb, yerində 6 mərtəbəli bina tikəcəklər. Biz də deyirik ki, yerində ev verin. Bir otaq deyil ? Birotaqlı ev verin. Birotaqlı ev 100-120 mindir. Ev almaq olmur. Uşaqlarımız da artıq böyüyüb. Gəldilər, dağıtdılar. Sonradan burada ev alanlar pulu götürüb çıxdı. Amma qanuni ev növbəsində, idarə işlərində ömrü boyu canlarını çürüdənlər burada yaşayırlar”.
Yataqxana sakinləri deyir ki, icra nümayəndələri onların buradakı yaşayışını daha da çətinləşdirmək üçün boş otaqları dağıdırlar:
“Lomu salırlar, vururlar. Uçmayan yeri də özləri uçurdurlar”.
Sakinlərin şikayəti ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən açıqlama almaq mümkün olmayıb.